Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya vətəndaşları üçün "90 gün" limiti başladı
Miqrasiya Xidməti xəbərdarlıq etdi, qonşu ölkəyə gəlib-getmək əvvəlki kimi rahat olmayacaq...

Azərbaycanın miqrasiya siyasətində rəqəmsal nəzarətin güclənməsi ilə uzun illərdir mövcud olan, lakin bir çoxlarının yan keçdiyi qaydalar artıq qaçılmaz reallığa çevrilir. Dövlət Miqrasiya Xidmətinin (DMX) son xəbərdarlığı xüsusilə Rusiya Federasiyası vətəndaşlarını və onlarla sıx bağlı olan soydaşlarımızı ciddi seçim qarşısında qoyur.

DMX-dən mühüm xəbərdarlıq: Aprel ayı kritik həddir

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) Rusiya Federasiyası vətəndaşlarına ölkədə qalma müddəti ilə bağlı mühüm xəbərdarlıq edib. Bu barədə adıçəkilən qurumun rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, Rusiya vətəndaşlarının Azərbaycanda müvafiq icazə almadan müvəqqəti olma müddəti bir təqvim ili ərzində maksimum 90 gün təşkil edir.

Açıqlamada qeyd olunur ki, 2026-cı ilin yanvar ayının əvvəlindən ölkəyə daxil olan şəxslərin bu müddəti artıq aprel ayından etibarən başa çata bilər. Bu səbəbdən də həmin şəxslərin ölkədə qalma hüququnu itirməməsi üçün vaxtında tədbir görməsi vacib sayılır.

DMX rəisi xüsusilə yetkinlik yaşına çatmayan övladları olan ailələrə müraciət edərək bildirir ki, ölkəyə giriş-çıxış zamanı yarana biləcək problemlərin qarşısını almaq üçün qalma müddəti diqqətlə hesablanmalıdır. O, vətəndaşlara səfər planlaşdırarkən Azərbaycanda olduqları günlərin sayını dəqiqləşdirməyi, həmçinin ölkəni tərk etməzdən əvvəl müvafiq yaşama icazəsi almağı tövsiyə edir.

Xidmət rəisi bildirib ki, ölkədə olma müddətinin hesablanması üçün xüsusi elektron kalkulyator DMX-nin rəsmi internet səhifəsində yerləşdirilib. Əlavə məlumat əldə etmək istəyənlər 919 çağrı mərkəzinə müraciət edə, həmçinin qurumun sosial şəbəkə hesabları və qəbul şöbələri vasitəsilə də məlumat ala bilərlər.

Bu qayda kimlərə və necə təsir edəcək?

Bu məsələnin görünməyən tərəfləri və həm Rusiya vətəndaşları, həm də azərbaycanlı ailələr üçün yaradacağı hüquqi nəticələr daha dərindir. Qeyd edək ki, Azərbaycana gələn turist axınında Rusiya vətəndaşları həmişə ilk sırada yer alır. Ölkəyə gələn əcnəbilərin təxminən 28-33%-i Rusiya vətəndaşlarıdır. Lakin bu gələnlərin böyük hissəsi klassik turist deyil, "qohum ziyarəti" məqsədilə gələn, Azərbaycanda mülkiyyəti və ya ailə bağı olan şəxslərdir. Bu isə o deməkdir ki, kütləvi cərimə və giriş qadağası riski olduqca yüksəkdir. Beləliklə, bu qayda ən çox Rusiyada yaşayan, işləyən və həmin ölkənin vətəndaşlığını qəbul etmiş milyonlarla soydaşımıza təsir edəcək.

Yay tətillərini və ya təqaüd dövrünü Azərbaycandakı evində keçirmək istəyənlər, valideynlərinə baş çəkmək üçün gələnlər üçün 90 gün limiti ciddi baryerdir. Əvvəllər sərhədi keçib (məsələn, Gürcüstana gedib) dərhal qayıtmaqla müddəti sıfırlamaq mümkün idisə, indi həm quru sərhədlər bağlı olduğuna görə bu, mümkün deyil, həm də sistem "180 gün ərzində 90 gün" prinsipini tətbiq edir. Yəni, son 6 ayın cəmində 90 günü tamamlamısınızsa, ölkədən çıxıb qayıtmaq sizə yeni gün qazandırmır.

Qaydalar nə dərəcədə ədalətlidir?

Azərbaycanın bu addımı əslində beynəlxalq münasibətlərdəki "qarşılıqlı adekvatlıq" prinsipidir. Məlumdur ki, Rusiya Federasiyası uzun illərdir ki, Azərbaycan vətəndaşları üçün məhz eyni qaydanı – "90/180" prinsipini tətbiq edir. Rusiya bu qaydanı pozan azərbaycanlılara qarşı dərhal 3, 5 və ya 10 illik giriş qadağası (deport) tətbiq edir. Bakı sadəcə öz qanunvericiliyini (2013-cü ildə qəbul edilmiş Miqrasiya Məcəlləsini) Rusiyanın tətbiq etdiyi sərtlik səviyyəsinə gətirir.

Praktiki məsləhətlər: nə etməli?

Rusiya vətəndaşısınızsa və Azərbaycanda 90 gündən çox qalmaq planınız varsa, Vüsal Hüseynovun tövsiyəsinə uyğun olaraq Elektron Kalkulyatordan istifadə edin. DMX-nin saytındakı kalkulyatorla son 180 gündə neçə gün qaldığınızı dəqiq hesablayın.

Müvəqqəti Yaşama İcazəsi (MYİ) alın: Azərbaycanda daşınmaz əmlakınız (100 min AZN-dən yuxarı), ailə üzvünüz (vətəndaş olan), işiniz və ya bankda depozitiniz varsa, vaxtında MYİ üçün müraciət edin.

Cərimədən qaçın: 90-cı gün tamamlanmamış ya ölkəni tərk edin, ya da leqallaşın. Əks halda 400 AZN cərimə və ölkəyə girişin bağlanması qaçılmazdır.

Yekunda qeyd edək ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin bu xəbərdarlığı göstərir ki, artıq miqrasiya qaydalarına "barmaq arası" baxmaq mümkün olmayacaq. Hər bir Rusiya vətəndaşı ölkədəki statusunu rəsmiləşdirməli və ya səfər müddətlərini qanunun tələblərinə uyğun tənzimləməlidir. Əks halda, ciddi məhrumiyyətlər qaçılmazdır. 

Turqut