Logo
news content
User
Kateqoriyalar

İcmal

"Zelenski qalib gəlir!"
Qərb liderləri Trampı necə razı salıblar?

İyunun 16-17-də Fransada keçirilən "Böyük Yeddilik" (G7) sammitində ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərt mövqe nümayiş etdirməsinin pərdəarxası məqamları məlum olub.

Bu barədə nüfuzlu "Politico" nəşri sammitdə iştirak edən diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sammitdə iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski həmkarı Donald Trampa iyunun 15-nə keçən gecə Rusiyanın zərbələri nəticəsində alova bürünmüş tarixi Kiyev-Peçerska Lavrasının (Kiyev-Peçerski monastırı) fotolarını göstərib. Bu addım Trampın mövqeyinin dəyişməsində həlledici rol oynayıb. G7 ölkələrindən birinin rəsmisi nəşrə bildirib: "Zənnimcə, Tramp həqiqətən çox təsirlənmişdi".

Mənbələr qeyd edir ki, Zelenskinin bu addımı Trampın sammitin yekun bəyannaməsində Rusiyaya qarşı olduqca sərt bəndlərin yer alması ilə razılaşmasına səbəb olub. Nəşr vurğulayır ki, fotoları göstərmək ideyası, böyük ehtimalla, Fransa Prezidenti Emmanuel Makrondan gəlib.

"Politico" yazır ki, sammitin uğurla nəticələnməsinin digər səbəbi Qərb liderlərinin, xüsusən də Makronun Ukraynanı döyüş meydanında "qalib gələn tərəf" kimi təqdim etmələri olub. Bu yanaşma hər zaman güc amilinə önəm verən Trampın xoşuna gəlib.

Avropalı diplomatlardan biri sammitdəki pərdəarxası dialoqu belə təsvir edib: "Onlar hamısı birlikdə Trampa izah etdilər ki, Zelenski qalib gəlir. Çünki Rusiya cəbhə xəttini tərpədə bilmir, üstəlik, ərazilər itirir. Rusiya isə yalnız mülki şəxsləri və müqəddəs ziyarətgahları vurmaqla məşğuldur".

Qeyd edək ki, sammit çərçivəsində Tramp Zelenski ilə iki dəfə iyunun 16-sı səhər təkbətək və təkrar iyunun 17-si axşam Makronun iştirakı ilə görüşüb. Ukrayna lideri bu görüşləri yüksək qiymətləndirib.

"Bloomberg" agentliyinin məlumatına görə, Donald Tramp ABŞ-ın hərbi-sənaye şirkətlərinə müraciət edərək, Avropa və Ukraynada silah istehsalı üçün lisenziyaların verilməsini xahiş etməyi planlaşdırır. İyunun 17-də jurnalistlərə açıqlama verən Tramp deyib: "Onlar (ukraynalılar) belə bir imkanın olmasını istəyirdilər, biz bu məsələyə baxacağıq".

Xüsusilə, Ukraynaya Rusiyanın ballistik raketlərini vurmaq üçün yalnız ABŞ-da istehsal olunan hava hücumundan müdafiə (HHM) raketləri lazımdır.

Almaniya Kansleri Fridrix Merç məsələ ilə bağlı bildirib: "Konkret lisenziyalar iştirakçı ölkələr arasında ətraflı müzakirə olunacaq. Bu, ABŞ şirkətlərinin avropalı istehsalçılara genişmiqyaslı lisenziyalar verməsini nəzərdə tutur".

Makron da sammitin yekun mətbuat konfransında Trampın "Amerika müdafiə sənayesinin səfərbər olunması və bu cür avadanlıqların tədarükü potensialının artırılmasında israrlı olduğunu" təsdiqləyib.

Xatırladaq ki, mayın sonunda Volodimir Zelenski həm Trampa, həm də ABŞ Konqresinə təcili məktub göndərərək, "Patriot PAC-3" və digər zenit-raket komplekslərinin çatışmazlığı barədə xəbərdarlıq etmiş və dəstək istəmişdi.

Turqut