Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya işğalı sənədləşdirmək istəyir

Müəllif: Seymur Həzi

Rusiyanın Azərbaycandakı silahlı qüvvələrinin mandatı və fəaliyyəti ətrafında müzakirələr davam edir. Bu məsələni hüquqa bağlamaq üçün ölkələr arasında danışıqlar gedir. Danışıqların məğzi barədə yayılan məlumatları gözdən keçirəndə görürük ki, məsələ kifayət qədər ciddidir. Rusiya nəinki Azərbaycan ərazisində sülhyaratma işini layiqincə yerinə yetirmir, hətta ölkənin suveren hüquqları üzərində rəsmiləşmiş hüquq istəyir. Bunun nə demək olduğuna diqqət yetirək. Rusiya Qarabağ ermənilərinin Ermənistanla quru əlaqəsi üçün Azərbaycanın verdiyi Laçın dəhlizinə ölkəmizin nəzarətini və Azərbaycanın suveren ərazisində (hara olduğu açıqlanmır) beynəlxalq təşkilatın fəaliyyətini qəbul etmir.

Putin sözündən dönür

Xatırlayırsınızsa, Putin Rusiya telekanallarından birinə müsahibəsində demişdi ki, Rusiya Azərbaycan ərazilərində ATƏT-in təməl prinsiplərinə uyğun fəaliyyət göstərir. Məgər ATƏT-in təməl prinsipləri sülhyaratma qüvvələrinə olduğu yerlərdə hərbi təlimlər keçməyə, döyüşə hazırlaşmağa, 50 metrlik bayraq ucaltmağa, həmin ölkənin qanunlarını saymamağa, ölkənin vətəndaşının öz ərazisində beynəlxalq aləmdə tanınmayan qüvvələr tərəfindən əsir götürülməsinə göz yummağa, ölkənin öz ərazisində beynəlxalq təşkilatın icazə verilmiş fəaliyyətinə embarqo qoymağa imkan verir? Açıq görünür ki, Putin “özümə yer edim, gör sənə nə edəcəm” strategiyasını seçib. Azərbaycanda bu nəticəni öncədən proqnozlaşdıran xeyli təhlilçilər olsa da, təəssüflər olsun ki, rəsmi Bakı bu təhlillərə qərəz kimi baxıb. Halbuki bir çox müşahidəçilər əvvəlcədən belə bir təhlükə barədə xəbərdarlıq edirdilər.

Məlum olur ki, Putin artıq əvvəlki siyasətə və vədlərə sadiq deyil, o indi əsgərinin olduğu yerlərdə qanuni hakimiyyət hüququ istəyir. Və bunu Azərbaycanın təsdiqləməsini tələb edir.  Soruşacaqsınız ki, bu, onun nəyinə lazımdır, onsuz da Rusiya Dağlıq Qarabağdadır və bildiyini edir. Xeyr, məsələ o qədər sadə deyil. Necə ki, bu gün Qarabağ xanı İbrahim Xəlil xanın Rusiyaya biət haqqında imzaladığı sazişi bizə xatırladırlar, sabah da indiki sazişi əllərində əsas tutacaqlar. Rusiya faktiki olaraq, işğalı sənədləşdirməyə çalışır. Çünki beynəlxalq hüququ tanımır, sadəcə, özünün hüquqi və siyasi reallığını yaradır. Bu prosesin daha təhlükəli ölçülər alması riskləri də var. Azərbaycan sözügedən danışıqları çox sakit aparır. Düzdür, hansı məsələlərdə razılığın olmadığını cəmiyyətə çatdırırlar, amma hansı məqamların razılaşdırıldığını da cəmiyyət bilməlidir. Üstəlik, Rusiya burada həm hakim, həm şahid rolunu oynayır, həm də Ermənistanla müttəfiqlik edirsə, prosesdən hansı ədalətli nəticəni gözləmək olar?

Rusiyalı həmsədr, yaxud ATƏT-in ən fəal “başı”

ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədri proseslərin belə qaynar vaxtı  separatçı rejimin rəhbəri Araik Arutunyanla görüşüb. Görüşün mahiyyətini müzakirə etmədən onu RF Müdafiə Nazirliyinin rəsmi saytında yazılmış “Dağlıq Qarabağ Respublikası” ifadəsinə dəstək kimi qiymətləndirə bilərik. Çünki buna təsadüf kimi baxmaq, başqa cür yozum vermək ya sadəlövhlük, ya qorxaqlıq olardı. Eyni zamanda, biz niyə maraqlıyıq ki, ATƏT-in Minsk Qrupundan yalnız Rusiya belə fəallıq etsin? Axı, bu üç olkədən - Fransa, ABŞ, Rusiya - yalnız Rusiya Ermənistanın rəsmi hərbi müttəfiqi, iqtisadi hamisidir, öz etiraflarına görə, Xankəndinin azad olunmasına imkan verməyən gücdür. İndi isə az qala separatçı rejimə dəstək vermək həddindədir və Azərbaycana təzyiqlərlə ölkəmizin maraqlarına uyğun olmayan saziş imzalatdırmağa çalışır. Məncə, cavabı maraqlı olan suallardan birincisi budur: Azərbaycan hökuməti niyə “üçbaşlı” ATƏT-in ən aqressiv “başı” ilə əməkdaşlığa meylli olmalıdır?..