Logo
news content
User
Kateqoriyalar

Analitika

Qaralov getdi: Prokurorluq sistemində dönüş yaranacaqmı?

İyirmi ildir Azərbaycanın baş prokuroru işləyən Zakir Qaralov vəzifədən uzaqlaşdırıldı. Onun yerinə müavini, 13 ildir Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəhbərlik edən Kamran Əliyev təyin olunacaq. Prezident İlham Əliyev bununla bağlı Milli Məclisə təqdimat göndərib. Aprelin 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn qaydada keçirilən iclasında bu məsələyə baxılıb. Qərar verilib ki, prezidentin K.Əliyevlə bağlı təqdimatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılsın.

55 yaşlı K.Əliyev Rusiyada hüquq təhsili alıb, uzun müddət orada prokurorluq orqanlarında işləyib. 1993-cü ildən sonra fəaliyyətini Azərbaycanda davam etdirib. Baş Prokurorluğun Kadrlar İdarəsində, Elm-Tədris Mərkəzində, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində çalışıb, məhkəmələrdə dövlət ittihamçısı qismində çıxış edib. Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsində də dövlət ittihamını müdafiə edən prokuror K.Əliyev idi. Həmin məhkəmə prosesi başa çatandan dörd ay sonra – 6 avqust 2007-ci ildə o, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi təyin edildi.

 

Vaxtilə Baş Prokurorluqda çalışmış, uzun illərdir vəkilliklə məşğul olan Adil İsmayılov bu dəyişikliklə bağlı nikbin deyil. Ara-sıra Z.Qaralov da daxil olmaqla, prokurorluq rəhbərliyini tənqid edən A.İsmayılov “Press Klub”a bildirdi ki, bu sahədə çox ciddi problemlər var. Amma onların həlli üçün ilk növbədə siyasi iradə olmalıdır. Bu olmasa, baş prokuror vəzifəsini tutan şəxsin kimliyinin elə bir əhəmiyyəti qalmır. “Başqa yeni təyinatlardan da göründü ki, bunlar əsas deyil, nəyisə həll eləmir. Əsas siyasi iradədir. Əgər “yuxarıdan” prokurorluqda nəyinsə dəyişməsini istəyəcəklərsə, dəyişəcək. Bu istək olmasa, Zakir Qaralovun getməsi və yerinə müavininin təyin olunması heç nəyi dəyişməyəcək. Dəyişikliklər birmənalı şəkildə siyasi iradədən asılıdır”, - deyə vəkil söylədi.

Prokurorluq sistemində ehtiyac duyulan zəruri dəyişikliklərə gəlincə, A.İsmayılov hesab edir ki, ilk növbədə qanunun aliliyi təmin olunmalıdır: “Prokurorluğun əsas işi ölkədə qanunsuzluqların düzgün tədqiq olunmasına nəzarət etməkdir”.

Z.Qaralovun postundan uzaqlaşdırılması A.İsmayılov üçün gözlənilməz olub. Bununla belə, o, Qaralovun 20 ildir eyni vəzifədə olmasını nəzərə alaraq, düşünür ki, siyasi hakimiyyət ən azı, görüntü xatirinə bu addımı atmaq qərarına gəlib: “Amma yerinə müavininin təyin edilməsi… Hesab edirəm ki, bununla heç nə dəyişməyəcək”.

Qeyd edək ki, 64 yaşlı Z.Qaralov 25 aprel 2000-ci ildən respublikanın baş prokuroru vəzifəsini tutur. O, bundan öncə paytaxtın Nəsimi və Sabunçu rayonlarının, Gəncə şəhərinin prokuroru vəzifələrində işləyib.