Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağ naminə islahatlar

Bakının siyasi gündəmi dəyişib, hökumət cari sosial-iqtisadi problemlərin həlli ilə məşğul olduğunu göstərir. Növbəti 4 günlük müharibənin nəticələri şəhidlər, orduya dəstək aksiyasına görə tutulan müxalifətçilər, bir də Avropada, ABŞ-da, Rusiyada vüsət alan toqquşmalardır. Bir həftə əvvəl cəbhədə guruldayan toplar susub, onun yerini xaricdə yaşayan azərbaycanlılarla ermənilər arasında təpik-yumruq, söyüş nidaları tutub. Sosial media zorakılıq kadrları ilə doludur, qisas çağırışlarının qarşısında "təmkinli, səbirli olmaq” tövsiyələri sönük görünür.

Azərbaycanın xarici siyasət idarəsində, diaspor qurumunda nisbi səssizlik hökm sürsə də, Ermənistanda əksinədir. Baş nazir Nikol Paşinyan Qərb paytaxtlarında küçələrə tökülən ağzı köpüklənmiş erməni gənclərini zoraklığa həvəsləndirir. Beləcə, beynəlxalq ictimaiyyət seyrçi qaldığı 30 illik münaqişənin növbəti raundunu bu dəfə Cənubi Qafqazda deyil, evinin kandarında izləyir. Necə ki, Yaxın Şərqdə himayədarlıq etdikləri neft diktaturalarının 40-50 illik zorakılığının acı nəticəsi ilə eyni məkanda - evinin içində qarşılaşmışdı. Milyonlarla qaçqın ordusu, humanitar fəlakət, sosial-iqtisadi böhranlar, daxili çaxnaşmalar vaxtilə görməzdən gəlinən ədalətsizliyin, hüquqsuzluğun acı nəticələri idi. Qloballaşan dünyada daha lokal böhranlar olmur. Hansı regionda baş verməsindən, miqyasından asılı olmayaraq, ondan az qala hamı ziyan çəkir. Bu gün aktiv fazaya keçən Dağlıq Qarabağ münaqişəsi də indi bu qapıları döyməkdədir.

Güclü dövlətlərin açıq qarşıdurmaya başladığı, beynəlxalq hüququn hörmətdən düşdüyü, ölkələrüstü qurumların marginallaşdığı dövrdə silahlı münaqişələrin yenidən alovlanması böyük fəlakətlərə gətirib çıxara bilər. Səngər döyüşləri də tarixə çevrilir, indi müharibələr bir zamanlar Hollivud kino sənayesinin təqdim etdiyi fantastik filmlərin döyüş səhnələrini xatırladır. Azərbaycan və Ermənistandan gələn qarşılıqlı hədələr də bu səpkidədir. Ermənilərin Mingəçevir Su Elektrik Stansiyasını, Azərbaycan hərbçilərinin Metsamor AES-in vurulacağından danışması beynəlxalq miqyasda rezonans doğurub.

Gedişat onu göstərir ki, yaxın zamanda regionda status-kvo bərpa olunmayacaq. Bütün cəbhələrdə atəşkəs pozulub, gərginliyin günü-gündən artması mütləq şəkildə partlayış effekti verəcək. Bu zaman kimin ayaqda, kimin yerdə qalması onun daxili gücündən, situasiyaya nə qədər hazır olmasından asılıdır. Hadisələr ondan xəbər verir ki, Azərbaycan dayanıb beynəlxaq birlikdən ədalət gözləməməlidir və vasitəçilərin yardımı ilə ərazisinə nəzarəti bərpa edə bilməyəcək. Situasiya gün kimi aydındır, özünü aldatmaq, maksimum kənarda durmaqla problemi ötüşdürmək mümkün deyil. Ortada dərs çıxarılası xeyli nəticələr var. Üstəlik, dünən edilən böyük səhvlərin bumeranqa çevrilməsi ölkənin vəziyyətini xeyli ağırlaşdırıb. Milli maraqları kənara itələməkdə davam edib, firqə maraqları uğrunda kor-koranə mübarizə ölkənin durumunu daha da ağırlaşdıra bilər. Vəziyyətdən çıxmaq, problemləri aşmaq, güclənmək, son nəticədə qalib gəlmək üçün ilk növbədə ortaya siyasi iradə qoyulmalıdır. Daxildə siyasi nifrəti körükləyən, milli birliyi parçalayan qısasçı siyasətdən imtina olunmalıdır. Dövlət iki cəbhədə mübarizə aparmalı deyil, bu hədəflər, prioritetlər kökündən dəyişməlidir.

Azərbaycan nəhayət, Rusiyadan çəkingən siyasətinə son verib, təhlükəsizliyini təmin etməyə çalışmalıdır. İlk növbədə təbii müttəfiq olan Türkiyə Respublikası ilə hərbi-siyasi müttəfiqliyə nail olmalıdır. Bununla Ankaraya hərbi bazalarını Azərbaycanda yerləşdirməsi, birgə ordu birləşmələrinin formalaşdırılması, müasir silah, texnika əldə olunması kimi yeni müqavilələr təklif etmək olar. Bu addımları atmaq Azərbaycanın süveren hüquqlarıdır, siyasi iradə olarsa, ona hansısa kənar qüvvələrin mane olması mümkün deyil. Nəzərə alsaq ki, Türkiyə özü bu istəkdədir, deməli, Azərbaycan xarici təzyiqlər qarşısında tək qalmayacaq.

Nəhayət, Azərbaycan xarici siyasətindəki problemlərə diqqət ayırmalıdır. Bu sahədə də çox ciddi problemlər, axsaqlıqlar var. Münaqişənin yenidən alovlanması onların nədən ibarət olduğunu ortaya çıxardı. Bakı ilk növbədə Qərb ölkələri və beynəlxaq təşkilatlarla problemləri masaya yatırıb, onların aradan qaldırılması üçün "yol xəritəsi" hazırlamalıdır. Daxildə siyasi, media azadlıqları, insan haqları ilə bağlı problemlər yoluna qoyulmalı, genişmiqyaslı siyasi islahatlar aparılmalıdır. Məlumdur ki, bu problemlər Azərbaycan diplomatiyasının əl-qolunu buxovlayır, ölkənin imcini korlayır, apardığı işin əhəmiyyətini azaldır.

Avropa İttifaqı ilə Tərəfdaşlıq Sazişinin imzalanması, Avropa Şurasının qınaq və iradlarından xilas olmaq, NATO ilə münasibətlərə yeni xarakter vermək, nüfuzlu ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək xarici siyasətin başlıca prioritetləridir. Ölkənin milli maraqları bunu tələb edir, necə ki, postsovet ölkələrindən bu xətti seçənlərin hamısı normal siyasi sistemə və beynəlxalq birlikdə nüfuza malikdirlər.

Azərbaycanın qısa müddətdə bu islahatları aparması üçün güclü potensialı var. Son hadisələr də göstərdi ki, ölkə ictimaiyyəti nə qədər pərakəndə görünsə də, qısa zamanda milli birliyin əldə olunması mümkündür. Bu, daxildə milli maraqların tələb etdiyi islahatları itkisiz, ağrısız-acısız həyata keçirmək üçün ən mühüm faktordur. Bu tədbirlərin adını "Qarabağ naminə islahatlar" qoymaq kifayətdir...

Turqut