“Putindən qorxmaq lazım deyil, o artıq heç nə edə bilməz”
Xaləddin İbrahimli: “İndi Rusiyanın qandallarını sonunadək qırmaq üçün çox yaxşı imkan yaranıb”
25 Sentyabr 2025
Son dövrlər dünyada baş verən ziddiyyətli proseslər politoloqların proqnoz imkanlarını məhdudlaşdırıb. Heç kim hansısa siyasətçinin, dövlətin növbəti addımının necə olacağını sona qədər hesablaya bilmir. Amma ildırım sürətilə cərəyan edən proseslər “bundan sonra nə olacaq” sualını daha da aktuallaşdırıb.
Pressklub.az çətin olsa da, bu qeyri-müəyyənlik fonunda bəzi suallara cavab tapmağa çalışıb. Tarixçi professor Xaləddin İbrahimli regionun və dünyanın gündəmində olan əsas siyasi mövzularla bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Professor, Böyük Britaniya, Kanada, Avstraliya, Fransa və digər ölkələr Fələstini müstəqil dövlət kimi tanıdıqlarını bəyan etdilər. Amma ABŞ başda olmaqla bir sıra ölkələr buna qarşı çıxır. Bu məsələ BMT Baş Assambleyasında hansı mənzərəni ortaya çıxardı və yaxın gələcəkdə proses necə gedəcək?
- Prosesin iki dövlətli məcraya yönəlməsi sürətləndi. Bunu dünyanın haqsızlığa, vəhşətə reaksiyası kimi də qəbul etmək olar. Əlbəttə, bugünkü mənzərə İsrailin son bir neçə ildə yürütdüyü yırtıcı siyasətin nəticəsidir. Təəssüf ki, dünya yəhudi lobbisinin hakimiyyətə gətirdiyi Trampa görə ABŞ hələ bu prosesdən kənardadır. Amma Trampdan sonra ABŞ-nin da bu məsələyə münasibəti dəyişə bilər. İsrail dövlətinin yaranmasının əsas müəllifi olan İngiltərənin münasibətinin dəyişməsi, Ağ Evin də siyasətinin dəyişə biləcəyindən xəbər verir. Yeri gəlmişkən, oxşar proses, yəni adada iki dövlətin mövcudluğunun tanınması prosesi Kiprdə də gedə bilər.
- Azərbaycan bu həssas məqamda hansı addımı atmalıdır?
- Fələstini, ardından da Şimali Kipr Türk Cümhuriyyətini tanımalıdır.
- Amma hiss olunur ki, Türkiyə ilə Azərbaycan arasında bu məsələyə dair ziddiyyətlər var. Son həftələr AKP-yə yaxın mediada Azərbaycana qarşı tənqidi yazıların sayı çoxalıb...
- BMT-də son səsvermə, Azərbaycanın Suriyaya yönəlik yeni siyasət göstərdi ki, Orta Şərq – konkret olaraq Fələstin məsələsi ilə bağlı Ankara ilə Bakı arasında müəyyən yaxınlaşma var. Fikrimcə, doğru olan da budur. Azərbaycan bir çox strateji məsələlərlə bağlı Türkiyə ilə sinxron siyasət yürütmək zorundadır. Ümumiyyətlə, Azərbaycan ilə Türkiyənin arasına hansısa üçüncü tərəfin girməsinə imkan vermək olmaz. Kim olursa olsun, bu üçüncü tərəf yaxına buraxılmamalıdır. Tarix bizə deyir ki, üçüncü tərəf hər zaman ayırıcı hədəfləri olan tərəf olur.
- Professor, yəqin dünən Prezident Trampın Ukrayna lideri Zelenski ilə görüşdən sonrakı açıqlamaları ilə tanışsınız. Vaşinqton Rusiya ilə bağlı mövqeyini gerçəkdən dəyişirmi?
- Əlbəttə dəyişməyə və Aİ ilə bir arada olmağa məcburdur. O, Avroatlantik məkandan çıxa bilməz. Lakin bu məsələdə ABŞ tərəf olmaq istəmir. Doğru olan da budur. Çünki tərəf olsa kiçik görünər. Çin Rusiya ilə yaxınlıq etsə də, tərəf kimi görünməməyə çalışır. Çünki o da tərəf olsa, ABŞ-yə uduzar. Ancaq ABŞ-nin tərəf kimi görünməməsi o anlama gəlməməlidir ki, Ai-nin və onun dəstəklədiyi Ukraynanın arxasında durmayacaq. ABŞ buna məcburdur. Tərəf kimi görünmədən var gücü ilə Ukraynanı dəstəkləmək və Rusiya neftini almaqla ona dəstək olanların qarşısında durmaq olar.
- Sizcə, bu müharibə yaxın perspektivdə hansı ssenari üzrə davam edəcək? Rusiya müharibədən çıxmaq üçün addımlar ata bilərmi?
- Fikrimcə, ABŞ Ukraynaya daha ciddi dəstək verəcək, Rusiyanın hərb maşınına yardım edənlərlə münasibətini sərtləşdirəcək. Ukraynanın hərbi uğurları get-gedə artacaq. Çünki rus xalqı müharibədən çox bezib. Çoxluq başdan bu müharibəyə qarşı idi. Ortada olan susqunluq heç kimi aldatmasın. Bu, qorxunun yaratdığı bir durumdur və keçicidir. Bu proseslərin nəticəsi olaraq, Rusiyanın içərisində sosial-psixoloji və iqtisadi durum daha da pisləşəcək və yaranan durum Kremli öz siyasətinə yenidən baxmağa məcbur edəcək.
- Azərbaycan-Rusiya münasibətlərinin indiki gedişatı nədən xəbər verir? Azərbaycan xarici siyasətdə hansı kursu izləyir, Qərb seçimi edilibmi?
- İndiki hakimiyyət tam şəkildə qərbyönümlü siyasət yürütməyəcək. Əslində bugünkü dünyada xarici siyasət kursları çoxtərəfli xarakteri ilə seçilir. Yəni mənafelər, maraqlar hansı tərəfə yönəlməyi diktə edirsə, dövlətlər də o tərəfə yönəlir. Normativlik amili, yəni qərb dəyərlərinə meyletmə, hələ ki, cazibəli görünmür. Mənim fikrimə görə, Azərbaycan ilk imkanda Rusiyaya yaxınlaşmağa çalışacaq. Bu cəhdlər açıq görünür. Təbii ki, Rusiya ilə normal münasibətlər lazımdır və əhəmiyyətlidir. Ancaq bu normallaşma Azərbaycanın yenidən Rusiyanın orbitinə qaytarılması və Rusiya qarşısında hansısa milli maraqlardan geri çəkilmə hesabına ola bilməz. Bu, ağır nəticələr doğurar. Əksinə, indi Rusiyanın qandallarını sonunadək qırmaq üçün çox yaxşı imkan yaranıb. Azərbaycan bacardığı qədər bu qandallardan azad olmalı, gerçək müstəqilliyinə nail olmalıdır. Putindən qorxmaq lazım deyil. Bu gün o, qorxutmaq və çəkindirməkdən başqa heç nə edə bilməz. İrəlidə isə heç şübhəsiz daha da zəifləyəcək. Diqqət etsəniz görəcəksiniz ki, post-sovet məkanında və ona qonşu ərazilərdə olan dövlətlər yaranmış şəraitdən istifadə edib Kremlin yırtıcı dişlərindən daha çox uzaq olmağa çalışırlar. Azərbaycan bu prosesin önündə olmalıdır, çünki son 200 ildə Rusiyadan ən çox əziyyət çəkən Azərbaycan olub.
Turqut