Logo
news content
User
Kateqoriyalar

Analitika

Prezidentin köməkçisi ilə görüşdə nələrdən danışılıb?

İyulun 21-də Azərbaycan Respublikası prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüş keçirib. Görüşdə nələrdən danışılıb, hansı mövzular müzakirə olunub? Belə görüşlər təşkil etməkdə hakimiyyətin məqsədi nədir, nəyə nail olmağa çalışır? Görüşün hansısa real nəticələri olacaqmı?

Suallarımızı iştirakçılardan ikisinə ünvanladıq.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” - “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı müzakirə olunan məsələlərin rəsmi məlumatda öz əksini tapdığını bildirdi:

“Müzakirə olunan mövzulardan biri COVİD19-la bağlı idi və orada dövlətin, hökümətin gördüyü işlər haqqında məlumat verildi. Daha sonra Tovuzdakı hadisələr barədə müzakirələr oldu. Qənirə Paşayeva on günə yaxın döyüş gedən zonada olub. O, xeyli söhbətlər etdi. Çingiz Abdullayev COVİD-19 haqqında öz fikirlərini bölüşdü, nələr etmək lazım olduğunu, çimərliklərin açılıb-açılmamasına dair öz düşüncələrini bildirdi. Yəni, qeyd olunan elə də qeyri-adi və böyük problemlər yox idi. Sadəcə olaraq, vəziyyət müzakirə edildi, təkliflər verildi. Təkliflər Anar Ələkbərov tərəfindən qeydə alındı”.

E.Şıxlının fikrincə, ora dəvət olunan adamların kimliyindən də hiss olunurdu ki, hökumət başqa cür düşünən insanların fikirlərini öyrənmək istəyir. Xeyli tənqidi məqamlar oldu. Amma bütün tənqidlər Anar Ələkbərov tərəfindən çox rahat və anlayışlı şəkildə qəbul edildi. Məsələn, bizdə deyirlər ki, mətbuatın vəziyyəti heç də ürəkaçan deyil. Bu zaman rəsmi şəxslər gözləyir və sonra başlayırlar deməyə ki, xeyr, siz düzgün danışmırsınız, vəziyyətiniz əladır, amma görmək istəmirsiniz. Bu tip söhbətlər olmadı. Elə bir atmosfer yox idi. Sadəcə olaraq, fikirlər bildirilir və dinlənilirdi, sonra isə fikirlərin maraqlı və nəzərə alınmalı olduğu, bu barədə düşünəcəkləri və təklifləri daha yuxarıya ötürəcəkləri deyilirdi”.

Görüşün nəticəsinin olub-olmayacağına gəldikdə isə, AJB sədri düşünür ki, bu səpkidə görüşlər davam edəcək: “Hesab edirəm ki, gerçək mənzərinin necə olduğunu birbaşa mənbədən və daha dəqiq bilmək istəyirlər. Bu da təqdirəlayiqdir”.

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli  xatırlatdı ki, bu, ictimaiyyət nümayəndələri ilə görüş idi və mövzu əvvəlcədən müəyyənləşdirilmişdi:

“Pandemiya şəraitində hökumətin fəaliyyəti, görülən işlər, nöqsanlar, atılan addımlar, vəziyyətin daha yaxşı olması üçün nələr etmək lazım gəldiyi ətrafında müzakirələr aparıldı. Son zamanlar sərhəd bölgəsində, Tovuz istiqamətində cərəyan edən hadisələrdən, Azərbaycana informasiya hücumları və təxribatlardan söhbət açıldı”.

Məhərrəmli əlavə etdi ki, A.Ələkbərov hökumətin koronavirusa qarşı mübarizə üçün gördüyü tədbirlər barədə məlumat verib:

“Çox səmimi şəkildə bəzi nöqsanlara yol verildiyi də deyildi. Xarici ölkələrdən həkimlər qrupunun gəlməsi, testlərin aparılması üçün avadanlıqların gətirilməsi, dərman preparatlarının alınması və s. məsələlərlə bağlı məlumat verildi. Təbii ki, suallar ünvanlandı ki, niyə karantin qərarları belə sistemsiz görünür, tədbirlər bir qədər sərt xarakter daşıyır? İnsanların sərbəst fəaliyyəti üçün şəraitin yaradılması barədə  danışıldı, o cümlədən çimərliklərin açılmasının zərurəti ilə bağlı fikirlər səsləndirildi”.

Professorun sözlərinə görə, əhaliyə maddi yardımlar barədə fikirlər də deyilib:

“190 manatı heç də hamı əldə edə bilmir. Bəzən banklarda sistemsizliyə, nöqsanlara yol verildiyi barədə danışıldı. Əhalinin maddi təminatı, apteklərin fəaliyyəti, ərzaq təminatı və digər məsələlərə dair fikir mübadiləsi aparıldı. Tovuz bölgəsində cərəyan edən hadisələr, onun mediada işıqlandırılması və xüsusən sosial şəbəkələrdə Azərbaycana, orduya qarşı aparılan təxribatlardan bəhs olundu. Gənclərin yürüş-mitinqi təqdir edildi, iştirakçılar bunun ölkədə həmrəyliyin təmin olunması üçün zəmin yaratdığını vurğuladılar və bu dialoqun pozulmasına yönəlik bütün cəhdlərin Azərbaycan üçün təhlükə olduğunu dedilər. Daha sonra informasiya müharibəsindən danışıldı və belə qərara gəlindi ki, həm medianın vəziyyəti, həm də informasiya müharibəsi ilə bağlı ayrıca toplantının keçirilməsi vacibdir ki, orada bizim həm tanınmış media nümayəndələri iştirak etsinlər, öz sözlərini desinlər, həm də bu işdə müəyyən bir sistemin qurulmasına nail olunsun”.

Məhərrəmli deyilənlərin nəticəsinin olub-olmayacağı barədə konkret fikir söyləməkdə çətinlik çəkir:

“Amma görüşün format və ab-havası mənə xoş təsir bağışladı. Çünki deyilənlərin havaya getmədiyini, hamısının qeyd olunduğunu, reaksiyaların, izahların verildiyini gördük. Anar Ələkbərovun reaksiyaları, izahları qaneedici şəkildə idi. Yəni bu, o görüşlərdən deyildi ki, deyilənləri sadəcə, bir işarə ilə qeyd edəsən ki, ictimaiyyətin səsini eşitdik, vəssalam. Sıradan bir görüş olduğunu hiss etmədim. Hər şey nəticədən asılı olacaq. Bəzi məsələlər nəticə verəcəksə, deməli, bu görüşlərə getməyin və fikir bildirməyin əhəmiyyəti var”.

Məhərrəmli hesab edir ki, bu formatda görüşlərin keçirilməsi vacibdir:

“Cəmiyyətin səsi eşidilməlidir. Çünki bilirsiniz ki, hökumətyönlü media, xüsusilə TV-lər yalnız tərifləməklə məşğuldur. Televiziyalar hər şeyin çox gözəl olduğunu göstərir və tənqid vermir. Ona görə də, tənqidlərin eşidilməsi mənasında belə görüşlərə ehtiyac var. Cəmiyyətin böyük spektrinin bu görüşlərə dəvət olunması çox önəmlidir. Görüşlərin gələcəkdə cəmiyyətə çox fayda verəcəyi ümidindəyəm və arzu edirəm ki, belə səmimi görüşlər davam etsin və nəticəsi olsun”.

Ülviyyə Şahin