Logo
news content
User
Kateqoriyalar

Analitika

Prezident niyə vaxtaşırı AXC-Müsavat iqtidarını yamanlayır?

Prezident İlham Əliyev XX əsrin 1992-1993-cü illərində hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları barədə vaxtaşırı sərt, hətta çox ağır ifadələr işlədir. Mərhum Əbülfəz Elçibəyin prezidentliyi dövründən artıq 28 ilə yaxın vaxt ötür, lakin hazırkı dövlət başçısı həmin dövrü həm unutmur, həm də davamlı olaraq ictimaiyyətə xatırladır – təbii ki, ən neqativ obrazda...

Qırx dörd günlük Vətən müharibəsi zamanı ölkədə əldə olunmuş milli birlik - müxalifətin öz tənqidlərini dayandırıb, hərbi əməliyyatları birmənalı dəstəkləməsi, hətta Şuşanın düşmən tapdağından xilas olunmasından sonra prezidenti təbrik etməsi, hakimiyyətdən də alternativ düşərgəyə hücumlara ara verilməsi Azərbaycanda sivil iqtidar-müxalifət münasibətlərinin qurulması üçün əlverişli zəmin yaratmışdı. Prezident noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində bu düşərgənin tutduğu mövqeyi müsbət qiymətləndirərək onu milli birliyə xidmət edən addım kimi dəyərləndirmişdi. Amma Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci ildə əldə olunmuş atəşkəs razılaşması Qarabağda atəşi dayandırsa da, daxili siyasətdə “atəşkəsi” pozdu. Ölkə yenidən müharibədən əvvəlki vəziyyətə qayıtdı.

Prezident öz çıxışları zamanı bu mövzuya tez-tez qayıdır, siyasi rəqibləri haqqında barışmaz tonda danışır. O, iki partiyanı Vətənə xəyanətdə, torpaqları düşmənə təslim etməkdə, mərhum prezident Əbülfəz Elçibəyi isə fərarilikdə suçlayır. Məsələn, ölkə rəhbəri fevralın 14-də Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra öz nitqində belə deyib:

“...1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik ediblər…”

Dövlət başçısı YAP-ın martın 5-də keçirilən növbədənkənar qurultayında da eyni qüvvələrin ünvanına çox kəskin ifadələr işlədib:

"...Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqın, xaindirlər... Onlar kimi iyrənc bəlkə də Azərbaycan tarixində insanlar olmayıb... Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik...

Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır...”

Sosial şəbəkələrdə verilən reaksiyalardan görünür ki, prezidentin bu çıxışları cəmiyyətdə heç də müsbət qarşılanmır. Hətta prezidentin bəzi tərəfdarları arasında da “doğru deyir, amma indi buna nə ehtiyac var” deyə düşünənlər var. Əksəriyyət etibarilə bu fikir vurğulanır ki, düşmənə qalib gələn ölkədə milli birliyə, sivil iqtidar-müxalifət münasibətlərinə ehtiyac duyulur. Amma belə görünür ki, prezidentin 1 illik Elçibəy hakimiyyətinə qəzəbi soyumur. Görəsən, niyə? Bu sual cəmiyyətdə maraq doğurur.

Siyasi şərhçi Rauf Mirqədirov "Press Klub"a şərhində əvvəlcə milli birlik ideyası barədə fikirlərini bölüşdü. O, hesab edir ki, əslində milli birlik ideyası qüsurlu və qeyri-realdır, yalnız qısamüddətli dövrdə mümkün ola bilər:

"Millət, dövlət üçün çox təhlükəli proseslər başlayarsa, insanlar, müxtəlif ideologiyaları, siyasi görüşləri olan partiyalar bir araya gələ bilərlər. Qalan hallarda bu cür birlik fantastik və reallıqdan uzaqdır, hətta mən deyərdim ki, məntiqli də deyil. Çünki söhbət tamamilə fərqli insanlardan, onların arxalandıqları fərqli ideologiyalardan gedir. Onların bir məqsəd ətrafında uzun müddət birləşməsi, mən deyərdim, totalitarizm əlamətidir. Müharibə, torpaqların azad edilməsi milli birliyi şərtləndirən amildir və biz də Azərbaycan cəmiyyətində müvəqqəti birləşmənin şahidi olduq".

Mirqədirov xatırladır ki, Azərbaycanın yaxın tarixində bellə hallar olub:

"1992-ci ildə Şuşa işğal olunduqdan sonra cəmiyyət birləşdi və yeni seçkilər elan edildi, siyasi liderlər xalqı torpaqların müdafiəsi uğrunda birliyə çağırdılar. Təəssüf ki, o zaman bu məqsəd alınmadı, amma İkinci Qarabağ müharibəsində müxtəlif siyasi maraqlarından asılı olmayaraq, bütün müxalifət partiyaları milli birlik ideyası ətrafında birləşib, hökumətə öz dəstəklərini verdilər".

Siyasi şərhçi müharibədən sonra qarşılıqlı ittihamların yenidən başlanmasının səbəblərini belə izah edir:

"Konkret səbəb budur ki, müharibə qurtardı. Bundan sonra insanlar hökumətə suallar verib, onların cavablarını axtarmağa çalışır. İlham Əliyev hətta müharibənin gedişində də keçmiş iqtidar partiyalarını ittiham edib, onları torpaqları Ermənistana verməkdə qınamışdı. Sonradan mövqeyini bir qədər dəyişib, müxalifət partiyalarının mövqeyinin milli birliyə əsaslandığını söylədi. Müharibə qurtarıb və bir sıra insanlar həm müharibənin nəticələri, həm də ölkədə baş verən proseslərlə bağlı suallar verməyə başlayıblar. Əlbəttə, cəmiyyətin bir qisimində müharibədəki qələbə ilə bağlı ruh yüksəkiliyi var. Amma aktiv kəsimdə sabahla bağlı ciddi suallar mövcuddur. Sabah nə olacaq? Rusiya qüvvələri Qarabağda yerləşdirilib, bunun təhlükə mənbəyi olduğunu nəinki müxalifət, eyni zamanda hakimiyyətə yaxın, obyektivlik hissini itirməmiş insanlar da söyləyirlər. Amma hakimiyyət bu təhlükə haqqında danışmaq istəmir, münaqişənin tam həll olunduğunu bildirir. Bu insanlara cavab vermək lazımdır. Amma bu, çətin məsələdir, çünki hakimiyyət o sualların cavabını özü də dəqiq bilmir. Ölkədə sualların dəqiq cavabını bilənlər azdır və ya ümumiyyətlə, yoxdur. Çünki hadisələrin inkişaf istiqamətlərini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Burada Rusiyanın, Qərbin, Türkiyənin, İranın seçimləri hadisələrin gələcək inkişafına təsir göstərəcək".

Mirqədirovun fikrincə, belə bir situasiyada hakimiyyət cəmiyyətin diqqətini bu sualların cavabından yayındırmağın yolları haqda fikirləşir. Bunun da ən yaxşı yolu həmin sualları verənləri aşağılamaq, cəmiyyətin gözündən salmağa cəhd etməkdir. Siyasi şərhçi ikinci səbəb kimi də Qarabağ ətrafında yaşanan problemləri göstərir:

"Hakimiyyət həmin problemləri görmək istəmir, amma onların olmadığı barədə illüziya yaratmağa çalışır. Qarabağətrafı rayonların azad edilməsini qabartmaq, işğalda qalan bölgələrin məsuliyyətini isə opponentlərinin, bu sualları verənlərin üzərinə atmağa çalışır".

Ekspertin sözlərinə görə, indi Azərbaycanda müharibədən qalib çıxmış bir xalq, ordu var, cəmiyyət gözləntilər içərisindədir:

"Hər kəs öz həyatının yaxşılaşmasını gözləyir. Bundan sonra daha rahat, daha ədalətli cəmiyyətdə yaşayacağını, gəlirlərin daha ədalətli bölünməsinin vacibliyini düşünür. Xatırlatmaq istəyirəm ki, hakimiyyət dəstəkçiləri həmişə deyirdilər, torpaqların işğalda olduğu müddətdə hakimiyyətdən çox şey tələb etmək olmaz, hamı iqtidar ətrafında birləşməli, ilk növbədə Qarabağ probleminin həllinə nail olmalıyıq. Bu, tək Azərbaycanda deyil, hakimiyyəti əlində saxlamağa çalışan başqa ölkələrdə də iqtidarlar tərəfindən ortaya atılan ənənəvi tezisdir. Bu tezislər müəyyən qədər işləyir".

Rauf Mirqədirov hakimiyyətin mövqeyini xatırladaraq bildirdi ki, iqtidar Qarabağ probleminin tamamilə həll olunduğunu, məsələyə nöqtə qoyulduğunu bəyan edir:

"Əlbəttə, torpaqların böyük bir hissəsi işğaldan azad olunub, bu, böyük qələbədir. Rusiya ordusunun bölgəyə qayıtması isə məğlubiyyətdir. Hakimiyyət ancaq qələbə haqqında danışır. Amma bundan sonra hərbi gücdən istifadə etmək imkanı məhduddur. Biz əlimizdəki “Damokl qılıncı”nı itirmişik. Hazırda rusların istəyi xaricində bölgədə hərbi əməliyyatlar keçirmək qeyri-mümkündür. Beləliklə, Qarabağ münaqişəsinin həllinin yeni bir mərhələsi başlanıb”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Press Klub”a şərhində bildirdi ki,

istənilən hakimiyyətin, siyasi qüvvənin tənqid olunması normaldır:

“Dövlət başçısı bir illik AXC-Müsavat hakimiyyətini müharibədən əvvəl də tənqid edirdi. Müharibədən, yəni torpaqların çox hissəsi azad edildikdən sonra isə keçmişdəki tənqidə yeni çalarlar əlavə olunub. Bu zaman AXC hakimiyyətə gəlməzdən əvvəl baş vermiş hadisələrin – konkret olaraq Şuşa və Laçının işğal edilməsinin də Cəbhə hakimiyyətinin ayağına yazılması təəccüb və təəssüf doğurur”.

İ.İsmayılın təəccübü tarixlə, təəssüfü isə müharibə dövründə əldə olunmuş milli birliyə xələl gəlməsi ilə bağlıdır:

“Prezident nədən buna ehtiyac duyur? Xüsusən, müharibədən qələbə ilə çıxdıqdan, nüfuzunu artırdıqdan sonra. Məqsəd nədir? Azərbaycanın siyasi həyatında çoxlu sayda partiya var. Bu partiyaların çox böyük qismi siyasi hakimiyyət uğrunda mübarizə aparmır. AXC və Müsavat partiyalarının pis-yaxşı real olaraq müxalif fəaliyyət göstərdiyini və müəyyən siyasi çəkiyə malik olduğunu hakimiyyət yaxşı bilir. Başqa müxaliflər də var, amma görünür, hakimiyyət həmin qüvvələri rəqib kimi görmür. Məhz buna görə də hədəfdə bu partiyalardır”.

Turqut