Logo
news content
User
Kateqoriyalar

Analitika

Polisə münasibət hökumətin pandemiya dövrünü necə idarə etməsinə mütənasibdir

Müəllif: Orxan Əliyev (Lion, Fransa)

2020 elə təlatümlü başladı ki, onu necə yarı etdiyimizi bilmədik. Kim söyləyərdi ki, bu altı ayın ikisini dünya əhalisinin əksəriyyəti heç bir cinayət işlətmədən ev dustağı kimi keçirəcək? Ümumbəşəri sağlamlığı qorumaq naminə, pandemiyanın daha çox tələfata səbəb olmaması üçün “dustaqlıq” labüd hesab edildi. Altı ay ərzində insanlıq bir çox məsələlərə onilliklərlə formalaşmış baxış bucağını dəyişdi. Biz belə vəziyyəti nəticə kimi qəbul edib onun səbəblərini - nələri fərd, nələri isə cəmiyyət olaraq yanlış etdiyimizi düşünmək məcburiyyətindəyik. 

Bu dövr həmçinin, dövlət idarəçiliyi baxımından da bir sınaq dövrüdür. Dövlət idarəçiliyi və təşkilatlanması sisteminin qlobal miqyas almış  virusun fəsadlarına qarşı qoya biləcəyi əsaslı tədbirlər planı, dövlətin istənilən sahəyə operativ müdaxilə edib onu nizamlamaq bacarığı sınaqdan daha az itkilərlə çıxmağın ən ümdə şərtləridir. 

Pandemiya dövrünün tələblərinə uyğun aparılan təşkilatlanma müxtəlif dövlətlərdə qarşımıza fərqli mənzərələr çıxardı. Bəzi ölkələrdə səhiyyə sisteminin qüsurları, digərlərində iqtisadi fəaliyyətin dayandırılmasından dolayı gəlirsiz qalmış əhalinin sosial təminatının təşkili sahəsində axsamalar aşkarlandı.  Fəaliyyəti dayandırılan özəl sektor nümayəndələrini iflasdan xilas etmək üçün təcili dövlət dəstəyi proqramının hazırlanmasında inzibati problemlərlə üzləşənlərin sayı da az olmadı. 

Daha bir problemli mövzu karantin səbəbiylə yetkiləri artırılan  hüquq-mühafizə orqanlarının fəaliyyəti oldu. Məlum kontekstdə polisin istər karantin qaydalarına riayət olunmasını təmin etmək üçün sərt tədbirləri, istərsə də həmişəki vəzifələrini yerinə yetirərkən adi vətəndaşların gündəlik həyatına daha çox müdaxilə etməsi birmənalı qarşılanmadı. Çünki bir çox dövlətlərdə polisə münasibət hökumətin pandemiya dövrünü necə idarə etməsi ilə düz mütənasib hala gəldi. ABŞ-da, Fransada, İngiltərədə belə bir böhranlı zamanda polis zorakılığı əleyhinə mitinqlər keçirilməsi təsadüfi deyil. Sözügedən dövlətlərdə hökumətlərin karantin müddətində tətbiq etdikləri idarəçilik cəmiyyətdə narazılıqları artırdı. Polis zorakılığı, xüsusilə ABŞ-da afroamerikanlıların məruz qaldıqları fiziki təzyiqlər və ölümlə nəticələnən polis müdaxilələri öncələr də bu və ya digər formada etirazlara səbəb olmuşdu. Lakin sonuncu etiraz dalğasının çox yerdə ölkəboyu vüsət almasını pandemiya ilə mübarizədə səriştəsiz görünən federal hökumətlərdən əhalinin ümumi narazılığının başqa yolla üzə vurması kimi qiymətləndirmək lazımdır. 

Polisə cəmiyyətin inamının sarsıldığı belə bir beynəlxalq kontekstdə və koronavirus təhlükəsinin tam aradan qalxmadığı şəraitdə Azərbaycanın hüquq-mühafizə orqanlarının Yasamal yaşayış kompleksində keçirdiyi “gözdağı” əməliyyatı da öncəki əməliyyatlar kimi olmadı. Rəsmi strukturların açıqlamalarına baxmayaraq, baş verənlər heç də günahkar-haqlı prizmasından izaha sığmır. Çünki hadisəni təsvir edən və əməliyyatçıların təşəbbüsü ilə yayılmış videogörüntülər cəmiyyətə fərqli mesaj ünvanlayır. Belə insident nə “Məhsul” stadionunda icazəli mitinqə gələnlərin həbs edilməsinə, nə paytaxtda, yaxud rayonlarda icazəsiz aksiyaya çıxanların cəzalandırılmasına, nə də müxalif düşüncəli insanların selektiv olaraq küçədə tutulub, onlara qarşı cinayət işi açilmasına bənzəyir.  Yasamalda yaşayış binasına həmlə əslində əhalinin siyasətə qarışmayan zümrəsi üçün çalınmış “həyəcan təbili” oldu. Bu, müəyyən narazılıqları, tənqidi fikirləri olsa da, reallıqda siyasi fəallıqdan uzaq duran bir zümrədir. Yaşanmış son olay həmin zümrəni də xeyli dərəcədə siyasiləşdirməklə nəticələndi və dolayısı, sərt karantin dövrünün doğurduğu sosial problemlərin təsiri altında böyüyən etirazçı kütlənin sıralarını genişləndirdi. İndiyədək o kütləni birləşdirəcək və fəallığa sövq edəcək hər hansı qeyri-siyasi, ortaq səbəb yaranmamışdı. Həyata keçirdikləri son əməliyyatla hüquq-mühafizə orqanları bunamı nail olmaq istəyirdilər?..