Logo
news content
User
Kateqoriyalar

Analitika

Polis dili ilə danışmaq...

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində ötən həftənin son iki günü xüsusi karantin rejimi sərtləşdirildi. Hərəkət, ticarət faktiki qadağan edildi, hər məhəlləyə polis naryadları təhkim olunaraq rejimin icrasına ciddi nəzarət tətbiq edildi. Şənbə gününə olan məlumata görə, qaydaları pozan 900-dən artıq vətəndaş barəsində inzibati tədbirlər görülüb...

Sosial şəbəkələrin gündəm mövzusu da sərtləşdirilmiş karantin rejimi idi. Hələ cümə günündən dükan-bazarlarda yaranan ajiotaj tənqid, lağ, ironiya hədəfinə çevrilmişdi, şənbə günü bu qınaqlar polisin bəzi yerlərdə vətəndaşlara qarşı lazımsız, qeyri-adekvat güc tətbiqinə yönəldi. Üzücü, kədərli mənzərələr idi. Həm vətəndaşların alış-veriş mərkəzlərində yaratdıqları basabas, həm də polisin insanlarla kriminal ünsür kimi davranışı. Üstəlik, qadağalar tətbiq olunarkən tibbi, sosial səbəblərlə təcili köməyə ehtiyacı olan vətəndaşların hökumətin yadına düşməməsi ayrı bir problemdir.

Həftəsonu sərt karantin rejimi elan olunmazdan əvvəl cəmiyyət tam qapanmaya doğru-dürüst hazırlanmadı. Bütün rəsmi və hökumətə yaxın mediaya tapşırıldı ki, virusa yoluxma artır və buna görə vətəndaşların məsuliyyət daşıdığını yazmaq, əsaslandırmaq lazımdır. İnsanlar guya maska taxmamaqla, sosial məsafə gözləməməklə ölkəni idarəolunmaz vəziyyətə sürükləyirlər... Təbii ki, vətəndaşların da məsuliyyəti var, virusu hələ də ciddiyə almayan, bunu oyun sayan xeyli insan var. Amma bütün problemləri vətəndaşın üzərinə yıxmaq doğru deyil. Ölkəni idarə edən hökumət strukturlarının məsuliyyəti yoxdurmu? Bank filiallarında yaranan basırığı, ictimai nəqliyyatdakı xaotik vəziyyəti, mazalardakı çörək davasını təkcə vətəndaş yaratmır axı...

Bu mənzərələrin ortaya çıxmasının əlbəttə, ciddi səbəbləri var. Pandemiya rejimi elan olunandan bəri hökumət rəsmilərinin çıxışlarında, əhaliyə müraciətlərində, verilən qərarlarda bir aqressiya hiss olunur. Ritorika cəzalandırma, hədələmə epitetləri ilə zəngindir. Hər cümlənin başında, ayağında “cərimə”, “həbs”, ifadələri xüsusi şəkildə vurğulanır, günahkar çıxarmaq niyyəti açıq hiss edilir. Efirdən, sosial şəbəkələrdən əhalinin üstünə “yağış kimi yağdırılan” bu hədə-qorxu kampaniyasının içində virusdan qorunmağa yönəlmiş maarifçi xəbər və çağırışlar itib-batır. Vətəndaşda elə təəssürat yaradılır ki, hökumətin qoyduğu qaydaları pozmaq virusa yoluxmaqdan daha təhlükəlidir. Cərimə statistikaları, inzibati həbsə məhkum edilənlərin tez-tez elan olunan sayı, müxalifət fəallarına qarşı tətbiq olunan xüsusi sərt davranışla bağlı xəbərlər kütləvi psixoz yaradır. Bunun üzərinə epidemiyanın yayılma, yoluxma qorxusunu da əlavə edəndə, cəmiyyətdə hansı mənzərənin yarandığını təsəvvür etmək çətin deyil.

Ciddi sosial-iqtisadi problemlər içində çabalayan topluma ötürülən bu bədbin informasiyalar əlbəttə, nəticəsiz qalmır. Əvvəla, hökumət rəsmiləri fərqində deyillər ki, yaradılan bu ajiotaj psixi durumu zəif olan, xəstə insanlara necə təsir edir. Cərimə statistikaları ilə bərabər psixoloqlara, psixiatırlara, xəstəxanalara müraciət edənlərin sayında baş verən artım barədə cəmiyyəti məlumatlandırmaq, bunun səbəblərini araşdırmaq heç kimin yadına düşmür. Belə müraciətlərin sayı kifayət qədər çoxalıb. Məişət problemləri, sosial qayğılar, gələcəyə ümidlərin öləziməsi ölkədə depressiv əhval-ruhiyyə yaradır. TƏBİB rəhbəri bir dəfə də olsun, bu barədə danışmayıb, mətbuat konfranslarına buraxılan hökumətyönlü media nümayəndələri ona bu barədə sual verməyə cəsarət etməyib. Cəmiyyətdə yaranan ab-hava isə yerini getdikcə qarşılıqlı aqressiyaya, nifrətə verir. Bu, çox təhlükəli tendensiyadır. Dünən Yasmal rayonunda polislərin həyətdə gəzən bir sakini saxlamasına göstərilən sərt etiraz (binalardan onların üzərinə zibil atırdılar) bu gərginliyin təzahürüdür. Əlbəttə, polisin başına zibil tullamaq doğru hərəkət deyil, amma bundan sonra nə baş verdi? Vəziyyəti sakitləşdirmək əvəzinə, bu gün səhər tezdən Çevik Polis Alayı həmin binaya göndərildi, insanları yataqdan qaldırıb sürüyə-sürüyə, kameraya çəkə-çəkə polis maşınlarına doldurdular. Ölkəni vətəndaş-polis qarşıdurmasına aparan bu aşırı güc nümayişi hansı zərurətdən doğur?..

Mağazalarda “ərzaq savaşı”nı mədəni səviyyənin aşağı olması ilə izah etmək də doğru deyil. Bunun səbəbini bilavasitə cəmiyyətin doğru-dürüst məlumatlandırılmamasında, rəsmi informasiyalara ictimai etimadın zəif olmasında axtarmaq lazımdır. Burada, eyni zamanda, rəsmi şəxslərin bütün mövzularda “polis dilində” danışmasının ciddi rolu var. Telekanallar, aparıcılar, Operativ Qərargahın üzvləri, deputatlar, nazirlər insanlarla polis ritorikasında danışırlar. Hədə-qorxu, cərimə, sanksiya, həbs... Vətəndaş bundan qorxur, qorxu da inamsızlıq gətirir. İnamsızlıq isə onu məsələn, mağazadan iki gün əvəzinə 10 günlük ərzaq ehtiyatı görməyə vadar edir...

Azərbaycanda koronovirusun yayılması, yoluxma ocaqları, xaricdən gətirilən vətəndaşların durumu, aparılan testlər, karantin şəraiti, müalicə proseduru, sağalanlar, görülən tədbirlərin maliyyə xərcləri və s. barədə də cəmiyyət doğru-dürüst məlumatlandırılmır. Bu cür məlumatsızlığın yerini polis hədələri ilə doldurmaq effektsizdir. Ona görə də virusa, elan olunan xəstə, sağalma sayına, ölənlərin statistikasına inanmayanların sayı kifayət qədərdir. Yaxın həftələrdə bu rejimi bir neçə dəfə tətbiq etmək istəyən hökumət rəsmiləri gərək, bu barədə ciddi düşünsünlər...

Yekunda onu qeyd edək ki, Operativ Qərərgahın toplantılarından birini öz fəaliyyətinin təftiş olunmasına həsr etməsi yaxşı olar. Burada yazılan və yazılmayan bir çox çatışmazlıqlar müzakirə edilib, müvafiq qərarlar qəbul edilməlidir. İlk növbədə pandemiya şəraitində hökumətin dilini, ritorikasını dəyişməsi lazımdır. Çətin vəziyyətdə olan insanların ümidə, “dövlət baba”nın şəfqətinə, yardımına daha çox ehtiyacları var...

Turqut