Logo
news content
User
Kateqoriyalar

Analitika

Oğurlanmış sərvətlərə amnistiya təklifi

Azərbaycanda koronavirus pandemiyasının fəsadlarına qarşı mübarizə tədbirləri zamanı bir sıra ciddi problemlər ortaya çıxdı. Ölkədə kölgə iqtisadiyyatının həcminin olduqca böyük olması, statistika, uçot sahəsindəki bərbad vəziyyət, qərarların icra mexanizminin korrupsiyalaşmış bəzi dövlət qurumları tərəfindən sabotaj olunması hökuməti çətin vəziyyətə saldı.

Bu da prezidentə və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargaha iqtisadiyyatda, idarəçilikdə müəyyən islahatların aparılması barədə təkliflərin daxil olmasına rəvac verdi. Məsələn, iqtisadiyyat naziri Mikayıl Cabbarov prezidentlə onlayn konfransda özəl sektorda kapital və əmlak amnistiyası olmasını təklif etdi. “Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə olunub. Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasına baxılması vəsadətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə, sizin diqqətinizə təqdim edəcəyik”,- deyə nazir vurğulayıb.

“Kölgə iqtisadiyyatı” həm də qeyri rəsmi iqtisadiyyat adlandırılır. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən, dövlət nəzarətindən və uçotundan kənarda qalan hissəsidir. Kölgə iqtisadiyyatı, həmçinin, özündə qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir, lakin onlarla məhdudlaşmır.

Kölgə iqtisadiyyatı – inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu sahibkarlıq fəaliyyətinin gəlirləri vergiyə cəlb olunmur, yayındırılır. Mahiyyət etibarı ilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur.

Azərbaycanda kölgə iqtisadiyyatının həcminə gəldikdə, dövlət qurumlarının, yerli ekspertlərin və beynəlxalq qurumların təqdim etdikləri rəqəmlər arasında kəskin ziddiyyətlər var. Məsələn, Dövlət Statistika Komitəsinin rəqəmlərində 7-8 faiz, Dünya Bankı 60 faiz olduğunu bildirir. Deputat, iqtisadçı Vüqar Bayramov beynəlxalq qurumların hesabatlarına istinad edib 25 faiz, iqtisadçı Nazim Bəydəmirli isə təxminən 80 faiz olduğunu düşünür. Millət vəkili Əli Məsimli hesab edir ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi 33 faiz cıvarındadır. Onun sözlərinə görə, kölgə iqtisadiyyatının hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunmasına səbəb ola bilər.

Azərbaycanda kölgə iqtisadiyyatının həcminin böyüməsi ölkəyə iri neft gəlirlərinin daxil olması ilə sinxron təşkil edir. Konkretləşdirsək, Dövlət Neft Fondu vasitəsilə büdcəyə ötürülən, yaxud birbaşa investisiya edilən kapitalın əhəmiyyətli hissəsi korrupsiyaya məruz qalıb. Milyardlarla ölçülən bu vəsaitlər əsasən məmur oliqarxiyasının nəzarətində olan biznes sahələrinə yönəldilib. Tikinti, daşınmaz əmlak, ticarət, bir sözlə, özəl sektora daxil olan ən müxtəlif sahələr bundan bəhrələnib. Nəticədə qısa müddətdə Azərbaycanda çoxprofilli holdinqlər, bank şəbəkələri, idxalda, ixracda dominantlıq edən inhisarçı şirkətlər meydana çıxıb.

Paralel olaraq, iri dövlət şirkətləri də neft gəlirlərindən faydalanaraq büdcədən aldıqları külli miqdarda investisiya hesabına çoxsaylı layihələr həyata keçiriblər. Bu zaman vəsaitlərin bir hissəsi yayındırılıb və həmin şirkətlərə rəhbərlik edən məmur oliqarxiyasının nəzarətində olan biznes strukturlarına yönəldilib, yaxud ölkədən çıxarılıb.

Bu günlərdə açıqlanan tədiyyə balansı statistikasını təhlil edən iqtisadçı Rövşən Ağayev maraqlı rəqəmlər ortaya qoyub. Ekspert Azərbaycanın böyük neft pulları əldə etməyə etməyə başladığı 2006-2019-cu illərdə ölkədə formalaşan xalis valyuta yığımlarının məbləğinin 78 mlrd. dollar olduğunu bildirib. Qeyd edək ki, “xalis valyuta yığımı” anlayışı ölkəyə daxil olan bütün xarici valyutanın həcmi ilə ölkədən çıxan xarici valyutanın məbləği arasındakı fərqi ehtiva edir. Rövşən Ağayev bildirir ki, həmin 78 mlrd. dollar xalis valyuta kütləsinin 46 mlrd. dolları Dövlət Neft Fondunun ehtiyatlarının formalaşdırılmasına gedib. Yerdə qalan 32 mlrd. dolların taleyinə gəlincə, ekspert deyir ki, bu məbləğin 25 mlrd. dolları müxtəlif formada və təyinatda (depozit, investisiya, təyinatı müəyyən edilməyən vəsait) ölkədən çıxıb. “Onun da 13,4 mlrd. dollarının təyinatını tədiyyə balansı ümumiyyətlə, dəqiqləşdirə bilmir. Yerdə qalan 12 mlrd. dolları isə investisiya və depozitlər bölməsində görünür. Çox güman ki, MB-nin qiymətli kağızlar və depozitlər formasında ehtiyatları da bura daxildir”, - deyə iqtisadçı vurğulayıb. R.Ağayev hesab edir ki, yerdə qalır 7 mlrd. dollar ölkədən çıxmamış, valyuta formasında sandıqlarda, kassalarda və ya nağd vəsait statusunda cari hesablarda saxlanan nağd xarici valyuta kütləsi. “Əslində ölkədə normal milli sərvət statistikası olsa, bütün subyektlərin maliyyə sərvətlərini, onların valyuta strukturunu da aydın görmək olar. Nə zamansa normal statistika və idarəetmə olanda, ilk görüləsi işlərdən biri mütləq milli sərvət statistikasının formalaşdırılması olacaq”, - deyə ekspert təhlilini yekunlaşdırıb.

Daha da aydınlaşdırmaq üçün bu təhlildən qısaca çıxarış kimi onu qeyd etmək olar ki, son 13 il ərzində xarici valyuta şəklində ölkədən 13.4 milyard dollar çıxarılıb. Əhalidə olan vəsaitlərin həcmi isə banklardakı depozitləri nəzərə almasaq, 7 milyard dollar civarındadır. Əlbəttə, bu rəqəmlər kölgə iqtisadiyyatının bir hissəsini ifadə edir. Ölkədəki məmur oliqarxiyasında olduqca böyük həcmdə mənbəyi izahedilməz sərvət toplanıb. Postsovet məkanında iqtisadiyyatının həcmi ilə ön sıralarda göstərilən Azərbaycanda hələ də rəsmi milyonçunun olmaması onun əhəmiyyətli hissəsinin korrupsiya yolu ilə əldə olunduğunu göstərən əsas dəlildir.

İndi əsas sual ondan ibarətdir ki, dövlət bu sərvətə, kapitala amnistiya təklif etməklə onu “kölgə”dən çıxara biləcəkmi?

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə ölkə prezidentinə təkliflər paketi təqdim edəcəyini bildirib. Nazirin hazırlayacağı sənəddə konkret nələrin əks olunacağı barədə mülahizə yürütmək çətindir. Amma bu sahədə tərəqqi əldə etmiş ölkələrin təcrübəsi olduğuna görə, islahatların iqtisadiyyatla bərabər məhkəmə-hüquq, elektron hökumətin inkişafı, ictimai nəzarətin möhkəmləndirilməsi, vergi, qanunvericilik və siyasi sahələri əhatə etməli olduğunu söyləmək mümkündür. Bununla bağlı müstəqil ekspertlərin çoxsaylı təklifləri var. Hökumət onların əhəmiyyətli hissəsini nəzərə ala bilər. Bunlar problemin həlli ilə bağlı nəzəri təkliflərdir. Onların ölkədəki hazırki reallıqlarla səsləşməsi də kifayət qədər problematikdir. Yəni iri kapital sahiblərinin dövlətin elan edəcəyi amnistiyaya nə dərəcədə etimad bəsləyəcəyi sual altındadır. Onu müəyyən etmək üçün bu günlərdə ölkə miqyasında həyata keçirilən koronavirusla mübarizəyə ictimai dəstəyin səviyyəsi indikator rolunu oynaya bilər. Biz hansı tendensiyanı müşahidə etdik?

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan ianələrin mənbəyinə, strukturuna baxdıqda nikbinliyə o qədər də əsaslar olmadığı məlum olur. Aprelin 22-nə olan məlumata görə, Fonda ümumilikdə 112.5 milyon manata yaxın vəsait toplanıb. Onun təxminən 85 milyon manatı dövlət qurumları da daxil olmaqla, hüquqi şəxslər, 7 milyon manatı fiziki şəxslər, 20 milyon manatı isə büdcə vəsaitidir. Hüquqi şəxslərdən biznes strukturlarının ödədikləri vəsaitlərin həcmi qeyd olunan 85 milyon manatın təxminən üçdə birini əhatə edir. Qalan hissə nazirliklərin, dövlət şirkətlərinin və büdcə təşkilatlarının ianələridir. Burada diqqətçəkən məqam odur ki, yalnız bir biznes-maliyyə qrupu səxavətli olub, demək olar, bütün irihəcmli ödəmələr onun nəzarətində olan banklara və şirkətlərə aiddir. Bu sırada ölkə iqtisadiyyatının bəzi sahələrinə uzun illər nəzarət edən məmur oliqarxiyasına məxsus şirkətləri görmək mümkün deyil. Doğrudur, onların bir çoxu artıq hökumət komandasında təmsil olunmur, amma böyük maliyyə imkanlarına malikdirlər və idarə etdikləri kapital, haqqında bəhs etdiyimiz kölgə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir. Ən yaxşı halda bir neçə min manatla siyahıya adlarını yazdıran sabiq məmurlarla hökumətdəki həmkarları da eyni qaydada “həmrəylik” nümayiş etdiriblər.

Fonda ianə verən fiziki şəxslərin siyahısında da təxminən eyni mənzərə hakimdir. Toplanan 7 milyon manatın təxminən yarısını xaricdə işləyən azərbaycanlı imkan sahibləri ödəyiblər. Qalan hissəni də əsasən yuxarıda qeyd olunan səxavətli hüquqi şəxsləri idarə edən iş adamları toplayıb.

Ölkənin sərvətlərindən milyardlarla dollar bəhrələnmiş məmur oliqarxiyası prezidentin koronovirusla mübarizəyə start verdiyi ictimai dəstək kampaniyasında demək olar, iştirak etməyiblər.

İanə verənlərin siyahısında orta və aşağı təbəqəni təmsil edən cəmi bir neçə min nəfər var. Bu acınacaqlı mənzərə əslində məmur sahibkarlığının kiçik və orta sinfı necə darmadağın etdiyini, onun əvəzində vergidən, uçotdan kənar formalaşan nəhəng kölgə iqtisadiyyatının varlığını ortaya qoyur.

Ortaya çıxan bu mənzərədən sonra ölkənin “qızıl” dövrünü oğurlayıb altına yığmış kölgə milyonçularını dövlət kapital amnistiyaları ilə inandıra bilərmi? Çətin məsələdir...

Turqut