Logo
news content
User
Kateqoriyalar

Analitika

Nizami Abbas: “Əslində bunlar tarix deyildi, bəlalarımız idi, sonradan tarixə çevrildilər”

20 Yanvar Azərbaycanın müasir tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsidir. O vaxtdan 30 il ötür. Hər il olduğu kimi, bu il də Bakıda, respublikanın şəhər və rayonlarında bununla bağlı silsilə tədbirlər keçirilməsi nəzərdə tutulur.

Bu silsilə tədbirlər ərəfəsində uzun müddət operator çalışmış, indi isə rejissor olaraq fəaliyyət göstərən, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Nizami Abbasın ərsəyə gətirdiyi “SİLAHDAŞLAR” tammetrajlı sənədli filminin təqdimatı olacaq. Təqdimat 17 yanvar saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Filmdən danışmazdan əvvəl onun müəllifinin yaradıcılıq yoluna qısaca nəzər salaq:

Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsini bitirib. 1974-1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi olub, 1976-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyib. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsində iştirak edib. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə nazirliyinin Sənədli filmlər kino-telestudiyasının bədii rəhbəri olub. Çəkdiyi "Balaban" filmi 2015-ci ildə "Sənədli filmdə ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb.

 

  • Nizami bəy, sabah filminizin təqdimatıdır. Ekran təqdimatından öncə onu bizə sözlə təqdim etməniz mümkündürmü? 
  • O dövrdə ən ağır şəraitdə “öz peşələri ilə yaşayan” insanlar və 30 il sonra onların həmin anlar barədə xatirələri bu filmdə əksini tapıb. Bəziləri buna “qəhrəmanlıq” deyirlər, lakin biz belə yanaşmırıq. Sadəcə bu, bizim peşə borcumuz idi. Amma 30 ilin zamanında görürük ki, təəssüflər olsun, dövlət televiziyası başda olmaqla, heç bir televiziya kanalı buna diqqət yetirmir. Hətta bundan əvvəl hazır olmuş, “Səlnamə” studiyasında çəkilmiş “Azadlığa gedən yollar filmi” də televiziyalarda getməyib. Bir neçə gün əvvəl məni dövlət kanalına dəvət etdikdə bunları dedim, gördüm, aparıcıların simaları dəyişdi. Amma mən həqiqəti söyləyirdim. Mənə hərdən deyirlər ki, yaradıcılığından danış, cavab verirəm ki, yaradıcılığım yoxdur. Baxın, “Sərhəd” filmi, 10 dəqiqəlik filmdir. O tayla bu tayın bir-birinə qovuşmaq həsrəti burada öz əksini tapıb. Film 1990-cı ildə çəkilib. Sonra Kirovun heykəlinin sökülməsi, daha sonra  Zaur Məhərrəmovun başçılıq etdiyi heyətlə 1988-ci ildə çəkilmiş “Meydan” kimi filmlərin ərsəyə gəlməsi... Bunlar hamısı tarixdir.
 
  • 20 yanvar hadisələri vaxtı jurnalistlərin böyük fəaliyyəti olub. Onları necə dəyərləndirirsiniz?
  • O dövrdə biz hər şeyə vizual olaraq baxırdıq. Dünyaya materialın özünü vizual olaraq görmək daha önəmli idi. Bizim peşəmiz də bu idi. Bütün sahələrdə jurnalistlər heç nədən qorxmadan bacardıqlarını edirdilər, qəzetləri gizlin şəkildə çap edirdilər, biz bunların hamısının şahidi olmuşuq. Jurnalistlər var idi ki, evində oturub əllə yazıların nüsxələrini artırırdılar, sonra paylayırdılar. O zamanlar kserokopiya maşınlarının sayı məhdud idi. Baş verən hadisələri qələmə alıb əksər yazıları əllə çoxaldırdılar. 
 
  • Bu il 20 yanvarın 30 illiyidir. Belə bir filmin məhz indi yaradılması ideyası necə ortaya çıxdı, yoxsa əvvəldən planınızda vardı?
  • Sözün düzü, belə bir filmin hazırlanması fikri əvvəldən var idi. Hətta bəstəkarımız Rauf Əliyev elə o dövrdə bir musiqi də yazmışdı. İllər sonra həmin musiqinin fonunda bu filmi ərsəyə gətirdim. Gəlib mənə müraciət etdilər ki, hazırlayarsanmı, bildirdim ki, borcumdur. Filmin ssenari müəllifi Ramiz Fətəliyev, rejissoru isə mənəm. Ramiz bəy o dövrlərdə kinostudiyanın direktoru idi, onun fəaliyyəti elə o dönəmlərdən əvəzsizdir.  Bəlkə, bir başqa insan olsaydı, bizə həmin günlərdə çəkilişlər aparmağa imkan verməzdi.  
 
  • Əksər filmlərinizdə siz sanki tarixi çəkirsiniz. Bu nədən irəli gəlir, tarixə xüsusi maraqdan?
  • Digər mövzularda işləyə bilmirəm. 1988-ci ildə Moskvada Kinematoqrafiya İnstitutunu bitirdim və Azərbaycana qayıdanda artıq meydanlarda idim. Otuz bir yaşım var idi. Heç kimdən icazə almadan kameraları özümüzlə aparıb çəkirdik. Daha sonra “Yaddaş” studiyasında “Meydan” filmi çəkildi. Daha sonra müharibələr, döyüş bölgələri və daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kino-telestudiyasının bədii rəhbəri oldum. Əslində bunlar tarix deyildi, bəlalarımız idi. Sonradan tarixə çevrildilər.
 

Müsahibəni hazırladı: Ülviyyə Şahin