Logo
news content
User
Kateqoriyalar

Analitika

Naşirlərə müjdə: kitab çapı vergidən azad olunur

Azərbaycanda kitab və digər çap məhsullarına vergi güzəştlərinin tətbiqi uzun müddətdir ki, müzakirə mövzusudur. Bu məsələ vaxtaşırı gündəmə gətirilsə də, hökumət indiyədək bu istiqamətdə real addım atmayıb. Xatırladaq ki, kitab çapı və satışı ilə məşğul olan nəşriyyatlar 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) ödəyir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili mətbuata açıqlamasında bildirib ki, tezliklə Azərbaycanda kitab məhsullarının vergi və gömrük rüsumlarından azad olunması müzakirə ediləcək. O, rəhbərlik etdiyi komitədə bu məsələnin payız sessiyasında müzakirə olunub, qəbulunun planlaşdırıldığını söyləyib. 

Kitab və digər çap məhsullarına vergi dəstəyi dünyanın bir çox ölkəsində mövcud olan praktikadır. Avropa Naşirlər Assosiasiyasının bir müddət öncəki araşdırmasına görə, araşdırma aparılan 80 ölkədən 60-dan çoxunda kitablara ya ümumiyyətlə, heç bir vergi tətbiq edilmir, ya da güzəştli və aşağı vergi dərəcələri var. Araşdırma çərçivəsinə daxil olan cəmi 17 ölkədə kitablarla bağlı vergi güzəştləri nəzərdə tutulmayıb. Bunlardan biri də Azərbaycandır.

Rəsmi rəqəmlərə görə, pandemiya məhdudiyyətlərinin tətbiq edildiyi ötən il nəzərə alınmasa, son illər ölkəmizin kitab bazarında müəyyən canlanma var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə kitabların pərakəndə satış dövriyyəsi 34 milyon manat olub. Ötən il bu göstərici 45 faizə yaxın azalaraq 19 milyon manata enib. Ancaq 2016-cı illə müqayisədə 2020-ci ildəki dövriyyə təxminən 25 faiz artıb.

Milli Məclis sözügedən addımı atarsa, Azərbaycanda kitab çapında, satışında nələr dəyişəcək? Bu barədə əlavə hansı islahatların keçirilməsinə ehtiyac var?

"Qanun Nəşrlər Evi"nin direktoru Şahbaz Xuduoğlu "Press Klub"a açıqlamasında Milli Məclisin payız sessiyasında kitabların vergidən azad olunmasının gözlənildiyini təsdiqlədi. O xatırlatdı ki, xeyli müddətdir bu fikir həm parlamentdə bəzi deputatlar tərəfindən səsləndirilir, həm də mətbuatda çıxışlar olur: "Nəhayət, İqtisadiyyat Komissiyası yeni qanun layihəsi ilə çıxış edib". 

Ş. Xuduoğlu qeyd etdi ki, yeni dəyişiklik qüvvəyə minərsə, kitabların qiymətində 20-30% endirim olacaq, həmçinin, tiraj da artacaq: "Əlbəttə, bunun kitab yazarlarına da təsiri olacaq. Yəni daha çox kitab yazılacaq, daha çox sayda kitab nəşr ediləcək".

Naşir bildirir ki, kitabların vergidən azad edilməsi Azərbaycan dövlətinin kitaba münasibətini də nümayiş etdirir: 

"Avropa ölkələri arasında 17 ölkə kitab üzərində vergini saxlayıb. Onlardan biri də Azərbaycandır. Vergini ləğv etməklə, hökumət kitab mədəniyyətinə dəstəyini nümayiş etdirmiş olur. Bu, həm də müvafiq beynəlxalq təşkilatların kitabların ƏDV-dən azad olunması ilə bağlı çağırışlarına anlayışlı cavabdır".

Nəşriyyat rəhbəri hesab edir ki, kitab sahəsində bütün xammal və texniki avadanlıqlar da vergidən azad edilməlidir: 

"Məsələn, bu gün kitab kağızı “qara bazar”da 1470-1500 dollara satılır. Qiymət artımı davam edir. Kitab kağızı üzərində də ƏDV yükü qalır. Eyni zamanda, kitab çapına lazım olan rəng, boyalar, dəmir təbəqələr və sair xammal da ƏDV ödəyicisidir. Əlbəttə, bunlar ayrı-ayrılıqda bəlkə də böyük məbləğ deyil, amma üst-üstə gələndə kitabın qiymətinə təsir edir”.

Şahbaz Xuduoğlunun başqa bir istəyi nəşriyyatlara güzəştli kreditlər verilməsi ilə bağlıdır: 

"Kredit almadan biz nəşriyyat işində əsaslı dönüş yarada bilmirik. Həm mətbəə avadanlıqlarının alınmasına, həm də nəşriyyat fəaliyyəti üçün müəyyən yerlərin əldə edilməsinə mütləq dəstək lazımdır. Güzəştli kredit, yaxud da qrantlar verməklə. Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurası var. Bu şura qapısını nəşriyyatların da üzünə açmalıdır. Gənc yazarların kitablarının ərsəyə gəlməsinə, onların nəşrinə, təbliğinə yardım etməlidirlər. Yazıçılığı, yazmağı dəstəkləyən qrantlar verməlidirlər. Yaradıcı nəsilə xüsusi diqqət göstərilməlidir. Məncə, QHT Şurası gərək, bunları nəzərə alsın".

Turqut