Müctəba sirri – İran rejiminin yeni lideri ətrafında suallar
Ekspert: Onun mövcudluğu mövcud hakimiyyətin legitimliyi üçün əsas şərtdir
17 Mart 2026
İranın yeni ali rəhbərinin indiyədək ictimaiyyət qarşısına çıxmamasında təəccüblü heç nə yoxdur. Bunu Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Con Skarlett “Sunday Morning with Trevor Phillips” proqramında bildirib.
Skarlettin sözlərinə görə, Müctəba Xameneinin hələ də ictimaiyyət qarşısına çıxmaması təəccüblü deyil. Onun fikrincə, bunun iki səbəbi var – yaralanması və ailə üzvlərinin öldürülməsi ilə bağlı matəm.
“Bildiyim və eşitdiyim qədərilə… o yaralanıb, amma bu yaralanma həyati təhlükə yaratmır və o, sağalaraq ortaya çıxacaq. Eyni zamanda yadda saxlamaq lazımdır ki, 40 günlük matəm ənənəsi mövcuddur. Əgər sən həmin hücum zamanı atanı, ananı və həyat yoldaşını itirmisənsə və özün də yaralanmısansa, 40 günlük matəmə riayət etmək təəccüblü deyil. Bu rejimin dövründə qaydalar çox ciddi şəkildə qorunur”, – keçmiş kəşfiyyatçı bildirib.
40 günlük matəm qaydası müxtəlif din və mədəniyyətlərdə, o cümlədən İslamın bəzi məzhəblərində mövcud olan ənənədir. Skarlett hesab edir ki, bu səbəbdən də Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmasını 9 aprel tarixindən sonra gözləmək olar.
“Onun görünməməsi üçün səbəb, ən azı isə bəhanə var. Bu o demək deyil ki, o, pərdə arxasında aktiv deyil, qərarlar qəbul etmir və siyasəti yönləndirmir”, – kəşfiyyatçı qeyd edib.
Xatırladaq bundan əvvəl ABŞ prezidenti Donald Tramp Xameneinin ölmüş ola biləcəyini ehtimal etmişdi. Üstündən bir gün sonra İranın xarici işlər naziri Abbas Araqçi bu ehtimalı təkzib etdi.
Bir çox məlumatlarda bildirilir ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei yaralanıb, lakin ABŞ hakimiyyəti onun yaralanmasının nə dərəcədə ciddi olduğunu dəqiq bilmir. Bu barədə CBS News telekanalına ABŞ-ın vitse-prezidenti Cey Di Vens danışıb.
The Sun qəzeti isə öz mənbələrinə istinadən yazıb ki, İranın yeni ali rəhbəri koma vəziyyətində ola bilər.
Mənbələrin sözlərinə görə, Tehrana hücum zamanı həlak olmuş Əli Xameneinin 56 yaşlı oğlu ağır yaralanıb. İddia olunur ki, o ən azı bir ayağını itirib və mədə və ya qaraciyər nahiyəsində ciddi xəsarətlər alıb. Müctəba Xameneinin nə vaxt yaralandığı isə hələ dəqiq məlum deyil – ehtimal olunur ki, bu, 28 fevralda, yəni 86 yaşlı atasının öldüyü gün baş verib.
Bəs niyə Müctəba Xameneinin taleyinə bu qədər diqqət yetirilir? Onun ümumiyyətlə fəaliyyət qabiliyyətli olub-olmaması prinsipial əhəmiyyət daşıyırmı? Axı bir sıra əlamətlər göstərir ki, hazırda real hakimiyyət və bütün mühüm qərarların qəbul edilməsi səlahiyyətləri kifayət qədər sərt və radikal mövqe tutan Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər şəxslərinin əlində cəmləşib.
Əgər vəziyyət doğrudan da belədirsə, bu müharibənin hələ nə qədər davam edə biləcəyini ümumiyyətlə proqnozlaşdırmaq mümkündürmü? Onu kim dayandırmalıdır və kim dayandıra bilər? ABŞ və İsrailin bu müharibədə son məqsədləri nədir?
Tanınmış israilli iranşünas tədqiqatçı, Oriental Express Telegram kanalının müəllifi Mixail Borodkin Pressklub.az-a açıqlamasında bildirib ki, Müctəba Xameneinin taleyinə göstərilən diqqət tamamilə başadüşüləndir.

“Çünki o, İranın yeni ali lideri – yeni rəhbər elan olunub. Deməli, SEPAH, hökumət və digər bütün dövlət strukturları üçün legitimliyin mənbəyi məhz odur. Əli Laricaninin və SEPAH komandirlərinin səlahiyyətləri yalnız rəhbər tərəfindən təsdiqləndiyi halda qanuni sayılır.
Əgər onun fəaliyyət qabiliyyəti yoxdursa, bu artıq hərbi çevriliş və hakimiyyətin qanunsuz ələ keçirilməsi deməkdir. Çünki İran konstitusiyasına görə, rəhbər fəaliyyət qabiliyyətini itirdiyi halda yenisi seçilməlidir. Əgər onun vəziyyəti əhəmiyyət kəsb etməsəydi, İran təbliğatı onun adından bəyanat yaymazdı. Onlar başa düşürlər ki, legitimliyə ehtiyacları var.
SEPAH monolit qurum deyil, onun daxilində müxtəlif ayətullahlarla əlaqəli bir neçə güclü qruplaşma var. Məsələn, Laricaninin də ayətullah olan qardaşı var və o, rəhbər kimi Müctəba Xameneini yox, məhz onu görmək istəyirdi. Buna görə də Xameneinin indiki vəziyyəti rejim daxilindəki dinamikanı anlamaq üçün əsas amildir”, – İran üzrə mütəxəssis bildirib.
O, hesab edir ki, müharibənin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çox çətindir.
“İsrail və ABŞ qarşılarına İranın raket potensialını tam və ya demək olar tam məhv etməyi, həmçinin nüvə proqramından qalanları aradan qaldırmağı və İran rejiminin repressiv imkanlarını ciddi şəkildə zəiflətməyi məqsəd qoyublar. Hazırda da məhz bu həyata keçirilir.
Bunun nə qədər davam edəcəyi isə mənə aydın deyil. Hərbçilər bir neçə həftəlik müddətdən danışırlar və yəqin ki, belə də olacaq. ABŞ-ın Hörmüz boğazının blokadasının aradan qaldırılması ilə bağlı necə hərəkət edəcəyi də hələ aydın deyil. Əgər gəmiçiliyin böyük hissəsini bərpa etmək və neft çatışmazlığını kompensasiya etmək mümkün olsa, müharibə daha uzun müddət davam edə bilər. Əgər bu baş verməsə, başqa nəticə də mümkündür.
Rejim dəyişikliyi bu müharibənin rəsmi elan edilmiş məqsədləri sırasına daxil deyil. Lakin həm ABŞ, həm də İsrail istərdi ki, fanatik rejimin yerinə daha mülayim, İsrail və Yaxın Şərqin ərəb ölkələri üçün təhlükə yaratmayan hakimiyyət gəlsin.
Nəticədə hər şey ABŞ prezidenti Donald Trampın iradəsindən asılıdır. O nə vaxt hesab etsə ki, məqsədlərinə nail olub, müharibə də həmin vaxt dayanacaq”, – Borodkin yekunlaşdırıb.
Rauf Orucov