
Mingəçevir İcra Hakimiyyəti başçısı şəhər əhalisinə müraciət etdi
04 May 2020

“Mingəçevir işıqları” qəzetinin və mi-news.az səhifəsinin baş redaktoru
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Operativ Qərargahın videotoplantısı keçirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-də qəbul etdiyi qərarın müzakirə olunduğu toplantıya 21 təşkilatın rəhbərləri qatılıb.
Müzakirələrdən sonra suallarımızı cavablandıran İH başçısı İlham İsmayılov bildirdi ki, COVİD-19-a qarşı mübarizənin ilk günlərindən şəhərdə davamlı şəkildə sanitar-təmizlik və maarifləndirmə işləri görülür: “Şəhərin girişində xüsusi aparat vasitəsilə adamların sağlamlığını yoxlayiriq. Sanitar-epidemioloji vəziyyət mütamadi təhlil edilir, insanların tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə ciddi nəzarət olunur. Dezinfeksiya işləri bundan sonra da həftədə 2 dəfə olmaqla, bütün yaşayış binalarında, küçə və məhəllələrdə davam etdiriləcək. İdarə və müəssisələrə, xüsusən MİS-lərə tapşırıq vermişik ki, əhali ilə izahat işlərinə ara verməsinlər.”
İ.İsmayılov mingəçevirlilərə çağırış da etdi: “Ölkə miqyasında, o cümlədən şəhərimizdə tələblərə ciddi əməl olunması nəticəsində xüsusi karantin rejimində xeyli yumşaldılma baş verdi, amma bu, arxayınçılığa əsas yaratmır. On nəfərdən artıq şəxs bir yerə yığışmamalıdır. Maskalardan maksimum istifadə olunmalıdır. 65 yaşından yuxarı insanların evdən çıxmasına qadağa götürülməyib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Abşeron rayonu istisna olmaqla, digər rayonlar arasında gediş-gəliş bərpa olunsa da, hələ k, ictimai nəqliyyat işləmir. Hamını şəxsi gigiyena, eləcə də tibbi-proflaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə səsləyirəm. İmkan daxilində az gəliş-gediş edək. Unitmayaq ki, zərurət yaranarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.