Logo
news content
User
Kateqoriyalar

Analitika

Mətbuat Şurası icra hakimiyyəti orqanına çevrilir?

Müəllif: Ələsgər Məmmədli

2020-ci ilin aprel ayında Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi yerləşdiridi.

Layihəyə əsasən, dövlət dili normalarının kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında pozulmasına görə inzibati cəza – cərimələr müəyyən edilirdi. Fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 300 manatdan 400 manatadək, hüquqi şəxslərin 500 manatdan 1000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu. Onun bir neçə aspektdən hüquqazidd olduğu və nədən qəbul edilməməli olduğuna dair bir yazı ilə çıxış etdim.

Əsaslandırmam belə idi:

“Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən ediləndən sonra məsuliyyət nəzərdə tutula bilər. Dövlət dili ilə bağlı məsuliyyəti nəzərdə tutan qanun isə “Dövlət dili haqqında” qanundur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutulub. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, qanun özü müəyyən etməlidir, edib də. “Dövlət dili haqqında” qanunun doqquz maddəsi (4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci maddələr) dövlət dilinin işlənməsinin zəruri olduğu sahələri göstərib. Qanunun həmin maddələrinə əsasən, rəsmi mərasimlərdə; təhsil sahəsində; televiziya və radio yayımlarında; xidmət sahələrində, reklam və elanlarda; xüsusi adlarda; coğrafi obyektlərin adlarında; hüquq-mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda; beynəlxalq yazışmalarda dövlət dlinin işlənməsi zəruridir, eyni zamanda, inzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə olunmalıdır.

Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdudlaşmalıdır. Amma məcəlləyə dəyişikliyi nəzərdə tutan layihədə həmin sahələrin birindən – reklam sahəsindən savayı, heç birinə toxunulmur, üstəlik, layihə qanunda olmayan iki önəmli sahəni – kütləvi informasiya vasitələrini və interneti məsuliyyət çərçivəsinə salmağı planlaşdırır.

Diqqət etsək, görərik ki, “Dövlət dili haqqında” qanunda (6-cı maddə) kütləvi informasiya vasitələrindən yalnız televiziya və radiolar üçün məsuliyyət nəzərdə tutulub. (Əslində bu da mübahisəlidir, qanun yalnız dövlətin təsis etdiyi və maliyyələşdirdiyi televiziya və radiolarla məhdudlaşmalı idi).

Deməli, geniş şəkildə kütləvi informasiya vasitələri və internet resursları üçün məsuliyyətin müəyyən edilməsi mümkün deyil və buna hüquqi əsas yoxdur.

Dövlət dili normalarının pozulmasına görə bütövlükdə kütləvi informasiya vasitələri və internet resursları üçün inzibati cəzanın müəyyən edilməsi Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə də ziddir.”

Mayın 8-də Milli Məclisin plenar iclası haqqında materialdan isə bəlli oldu ki, sadəcə, İXM-yə deyil, sahəvi bir sıra qanunlara da dəyişiklik olub və hamısı qəbul edilib:

“"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verdi. Bildirdi ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsinin vacibliyindən irəli gəlir. Qeyd olundu ki, qanun layihəsinin ictimai müzakirəsi də keçirilib və bir sıra məsələlərə aydınlıq gətirilib. Müzakirələr zamanı millət vəkilləri Siyavuş Novruzov, Nizami Cəfərov və Qüdrət Həsənquliyevin fikirləri dinlənildi və qanun layihəsi  səsə qoyularaq təsdiqləndi.”

Milli Məclisin stenoqramları vaxtında sayta yerləşdirilmədiyi üçün müzakirə və qəbul edilən dəyişikliyin mətni bəlli olmadı. Lakin iyunun 23-də Prezidentin rəsmi saytında bu qanunların qüvvvəyə minməsini göstərən sənədlər yayıldı. Məlum oldu ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 533-1-ci maddədən layihədə olan internet informasiya resurslarında - sözü çıxarılıb, lakin kütləvi informasiya vasitələri saxlanılıb:

“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması.

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir”.

Eyni gündə Prezidentin rəsmi saytında daha bir sənədin - Fərmanın qəbul edildiyi görünür. Bu, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 8 may tarixli 94-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanıdır.

Fərmana əsasən, həmin siyahıya aşağıdakı məzmunda 60-1-ci hissə daxil edilir:

“60-1. Məcəllənin 533-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

60-1.1. teleradio yayımlarına münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

60-1.2. digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

Beləliklə, dövlət dili normalarını pozan kütləvi informasiya vasitələrinin jurnalistləri, vəzifəli şəxsləri və KİV orqanları haqqında inzibati protokolu Azərbaycan Mətbuat Şurası adından – Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri tərtib edəcək.

Milli Televiziya və Radio Şurası kolegial dövlət qurumu olduğundan onun teleradio sahəsinə dair inzibati xətalarla bağlı müəyyən səlahiyyətlərinin olması təbiidir.

Lakin diqqət çəkən 60-1.2-ci bənddə göstərilən Azərbaycan Mətbuat Şurasıdır. Mətbuat Şurası təşkilati-hüquqi formasına görə qeyri-hökumət təşkilatıdır. Bu, onun Nizamnaməsinin 1-ci bəndində göstərilir:

”1.1. Azərbaycan Mətbuat Şurası (bundan sonra «Şura» adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə nail olmaq üçün yaradılmış könüllü, özünüidarəedən, gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır.”

Nizamnaməsinin 3.2-ci bəndinə görə, “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mətbu nəşrlərin təsisçiləri və hüquqi şəxs olan redaksiyaları, informasiya agentlikləri, jurnalist birlikləri və Şuranın Nizamnaməsinin tələblərini  qəbul edən fiziki şəxslər Şuranın üzvü ola bilərlər”.

İctimai qurum olduğundan, Mətbuat Şurasının nə dövlət qurumu kimi, nə də müvafiq icra hakimiyyəti orqanı kimi inzibati səlahiyyət alması hüquqi baxımdan mümkün deyil.

Artıq 3-cü dəfədir ki, Prezident fərmanlarında MŞ-na “müvafiq icra hakimiyyəti orqanı” yerində jurnalistləri, vəzifəli şəxsləri, KİV-i cəzalandırmaq səlahiyyəti verilir.

İlk dəfə 6 mart 2009-cu il tarixli 774-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə KİV haqqında Qanunun 19-cu maddəsinə əlavə edildi. Bu əlavədə bəzi qurumların KİV-in fəaliyyətini dayandırmaq və ya ona xitam vermək məqsədi ilə məhkəməyə müraciət hüququ tanındı. Prezidentin Fərmanı ilə dövri mətbu nəşirlərin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmalı olan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri müəyyən maddələr üzrə  Azərbaycan Mətbuat Şurasına verildi.

Həmin sənədlə həm də “Dövri mətbu nəşrlərin, o cümlədən dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin pulsuz məcburi nüsxələrinin” (“KİV haqqında” Qanun, maddə 29) nəşriyyat tərəfindən göndərilməli olduğu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qurum kimi Mətbuat Şurası nəzərdə tutuldu.

Mətbuat Şurasının rəsmi sənədlərdə müvafiq icra hakimiyyəti orqanı kimi göstərilməsi ikinci dəfə 3 may 2017-ci ildə baş verdi. İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulan əməllərə görə cəza müəyyənləşdirmək üçün protokollar tərtib etmə səlahiyyəti Prezidentin Fərmanı ilə yenə Şuraya verildi. MŞ-nın inzibati protokol tərtib edə biləcəyi hallar bunlardır:

Maddə 388. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

388.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:

388.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağa;

388.0.2. mətbu nəşrdə çap olunan materialların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;

388.0.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;

388.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

Narahatlıq ondan doğur ki, hökumətin müvafiq sahədə siyasətinə nəzarət edən şəxslər və qurumlar konstitusiyon hüquq pozuntusu olan bu məsələyə diqqət yetirmir, dövlət səlahiyyətlərini qeyri-hökumət təşkilatı üzərinə yükləməyə davam edir. Konstitusiyanın 6-cı maddəsində bildirilir: “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”.

Konstitusiyanın 7-ci maddəsində isə göstərilir:

“III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Konstitusiyanın 25-ci maddəsi deyir:

“III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.”

Halbuki hazırda praktikada bir mətbu orqan təsis edən QHT ilə ona cərimə tətbiq edən QHT (Mətbuat Şurası) arasında hüquqi bərabərsizlik yaradılıb. Bir QHT-yə inzibati cərimə protokolu tərtib etmə hüququ verilib, digərinə o QHT-nin verdiyi cəzaya əməl etmə öhdəliyi yüklənib.

Təəssüf ki, bu dövrdə Mətbuat Şurası da öz Nizamnaməsində olmayan vəzifələr qanunla onun üzərinə yükləndikdə səsini çıxmayıb, həmin vəzifələrin Şuranın nə missiyasına, nə də nizamnamədə göstərilən “FƏALİYYƏTİNİN MƏQSƏDİ VƏ PREDMETİ”nə uyğun olmadığını dilə gətirməyib.

Bu ciddi hüquq pozuntusu dərhal dərk edilməli və düzəldilməlidir. Mətbuat Şurası dövlət qurumu, nazirlik deyil, özünütənzimləmə orqanıdır. Onun səlahiyyətləri üzvlərinin qəbul etdiyi Nizamnamə çərçivəsindədir və MŞ bu çərçivədən kənara çıxa bilməz. Şuranın onun üzvü olmayanlara yönələn hər hansı qərar, protokol tərtib etməsi səlahiyyətlərini aşmaqdır. Bu təşkilatın inzibati vəzifələrin icrasını öz üzərinə götürməsi isə hakimiyyət səlahiyyətini hüquqazidd “mənimsəmə”dir.