“Mənə lazım deyil, Vanya dayıya kömək edin”
16 Aprel 2020
Bağlarda yaşayan imkansızlar
SSRİ dağılandan sonra digər postsovet respublikaları ilə iqtisadi əlaqələr kəsildiyindən, Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Mingəçevirdə zavod və fabriklərin fəaliyyəti dayandı. Vaxtilə 5-6 min nəfərin çalışdığı toxuculuq kombinatının qapısına iri bir qıfıl asıldı. Azərkabel, şüşə mahlıc, texniki rezin məmulatı kimi müəssisələr də əvvəl işçilərini öz hesablarına uzunmüddətli məzuniyyətə göndərdilər, sonradan isə bağlandılar. Son illərdə inşası başa çatan və ilk növbəsi istifadəyə verilən Mingəçevir Sənaye Parkı və digər təşkilatlar ehtiyacı olanların əksəriyyətini hələ ki işə götürmək imkanına malik deyillər.
90-cı illərə qədər əmək fəaliyyəti ilə məşğul olanların xeyli hissəsi çalışdıqları müəssisələrin hesabına pulsuz mənzillə təmin olunurdu. Mənzil növbəsi gözləyənlər də az deyildi. İndi saçı-saqqalı ağarmış bu insanları axtarsaq, çoxunu şəhərin kənarındakı bağlarda tapa bilərik. Kimi imkansızlıq üzündən mərkəzdəki evini baha qiymətə sataraq kənarda torpaq alıb ev tikmək, kimi də evi olmadığından balaca bir daxma düzəldib içinə sığışmaq zorunda qalıb. Əslində bağlar massivində yaşayanların əksəriyyəti şəhər əhalisinin kasıb hissəsini təşkil edir. Elə buna görə də Mingəçevir Şəhər İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım kampaniyasına aprelin 14-də bu massivdən başlayıb.
65 yaşdan yuxarı üzvü olan 450 ailəyə ərzaq paylanır
Şəhər İcra Hakmiyyətindən aldığımız məlumata görə, koronavirus epidemiyası ilə əlaqədar küçəyə çıxa bilməyən 65 yaşdan yuxarı üzvü olan 450 ailəyə ərzaq payı ayrılıb. “Həmin bağlamaların hər birində 13 adda ərzaq məhsulu - 3 kq kartof, 3 kq soğan, 5 kq birinci növ un, 3 kq makaron, 3 kq vermişel, 1 kq düyü, 2 ədəd limon, 100 qramlıq 2 qutu çay, 2 kq şəkər tozu, 2 kq qənd, 1 ədəd toyuq, 1 kq əridilmiş kərə yağı, 1 litr günəbaxan yağı var”. Bu barədə məlumat verən aparatın məsul işçisi Sahib Əliyevin bildirdiyinə görə, növbəti mərhələdə digər yaş kateqoriyasında sosial cəhətdən zəif olan insanların ailələrinə də yardımlar vermək nəzərdə tutulub.
Bəs, yardım alanlar bu humanitar aksiyanı neçə qarşıladılar? Bu məqsədlə ərzaq bağlamalarının paylanmasında iştirak etmək və yaşlı insanlarla görüşüb, onların təəssüratlarını eşitməyə qərar verdik.
“İmkanım olsa, mən də imkansızlara yardım edərəm”
Xumarə Sarıyeva yardım gətirənləri əsl azərbaycanlı qonaqpərvərliyi ilə qarşıladı. Hətta pandemiyanın yayılmasını bir an unudub, dedi ki, “nə olar, bir stəkan çayımızı için.”
Öyrəndik ki, bu xanım 1969-cu ildən Mingəçevirdə yaşayır. Uzun illər Azərelektroizolit zavodunda işləyib. Yaxşı qazancı olub. Əksəriyyətin 100-120 manat əməkhaqqı aldığı dönəmdə aylıq məvacibi 300-400 manatı keçirmiş. Həyat yoldaşı ilə birgə şəhərin mərkəzində mənzilləri və kənarda bağları da var imiş.
“Evi həyat yoldaşıma, torpağı isə mənə iş yerimizdən vermişdilər. İndi o evdən, bağ-bağatdan əsər-əlamət qalmayıb. Bu oturduğum torpağı da sonradan alası olduq. İndi 230 manat təqaüd alıram. Dünəndən xəbər almışam ki, bacım qızı ağır xəstədir. Əzizlərimi görmək üçün ürəyim partlayır. Amma gedə bilmirəm Nəvətavaya. Neyləyək, əzizlərimizi çox istəyiriksə, dözməliyik. Təki Allah dünyamızı salamat eləsin. “Çıxma” deyirlər. Onsuz da evdən çıxmıram. Hamımız hökumətə dəstək olmalıyıq ki, bu bəlanı bizdən uzaq eləsin. Sağ olsun hökumətimiz, bizi unutmur, bu çətin zamanda yardımını əsirgəmir. Vallah, imkanım olsa, mən də imkansızlara yardım edərəm”.
“Poçt şöbəsinin yerini dəyişsələr, yaxşı olar”
Ağbirçək Rəzidə Seyfullayevanı evindən kənarda, poçt məntəqəsində tapa bildik. Məlum oldu ki, aylıq abonent borcu olduğundan ev telefonu işləmir.
- Gəldim, pulu ödədim, açdılar.
(Yeri gəlmişkən, indiki vəziyyətdə telekommunikasiya qovşağının borca görə yaşı 65-i keçən vətəndaşlara telefon xidmətini dayandırması doğru sayıla bilməz. Hazırda bir sıra qurumlar bunu nəzərə alırlar. Karantin rejimində evdə oturmalı olan vətəndaşın küçəyə çıxmasına səbəb xidmət təşkilatının məsələyə qeyri-həssas münasibəti olub. Bu vəziyyətdə imkansız ağbirçək qadının karantin rejiminin tələbini pozduğuna görə məsuliyyətə cəlb edilməsi də mümkün idi).
Dediyinə görə, Rəzidə xanım əvvəllər 18 saylı dəmiryolu idarəsində, sonra mühasiblər məktəbində, rəhmətlik Əsəd Hacıyevin yanında işləyib. Həyat yoldaşı və övladları ilə uzun illər şəhərin mərkəzində, polis idarəsinin yanındakı binada, 2 otaqlı mənzildə yaşayıb: “İki il əvvəl həyat yoldaşım rəhmətə gedib. Oğlumun biri Bakıda, Daxili Qoşunlardadır. İkincisi isə Ağdamda, düşmənlə üz-üzədir. Mən də tək yaşayıram. Yaxşı ki, vaxtında bura köçmüşəm, həyət-bacada başımı saxlayıram. Burda çox rahatdır. O zaman burdakı torpağı 60 manata aldım. Şəhərdəki mənzili satıb, burdakı evi tikdirdim... Özüm üçün kiçik təsərrüfatım var”.
Yardım göndərənlərə və gətirənlərə təşəkkürünü bildirən Rəzidə xanım bir də dedi ki, bağlar massivinin poçt şöbəsi münasib yerdə qoyulmayıb: “Gəlib-getmək çətindir bura. Yerini dəyişsələr, yaxşı olar. Məsələn, məktəbin yaxınlığına köçürsələr, hamı razı qalar”.
“Nə kömək lazımdırsa, hazırıq. Sadəcə, evdən çıxmayın”
Gün ərzində başqa üç xanıma da ərzaq bağlamasının verilməsi prosesində iştirak etdik. Asya Məmmədovanın həqiqətən daimi qulluğa ehtiyacı olduğunu gördük. Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Fəxrəddin Məbudov Asya xalaya dedi ki, hər zaman ona kömək etməyə hazırdır: “Nə vaxt istəsəniz, zəng vurun. Mən özüm, ya da işçilərim gəlib sizə baş çəkəcəyik. Nə kömək lazımdırsa, hazırıq. Sadəcə, bir xahişimiz var: Evdən çıxmayın, karantin bitənə qədər evdə qalın! Bununla ölkəmizə, insanlarımıza kömək etmiş olarsınız”.
Yeri gəlmişkən, Asya xanım da əvvəllər şəhərin mərkəzində yaşayıb. Sonradan ailə vəziyyətinin ağırlığına görə bağ evinə köçüb. Həyat yoldaşı rəhmətə gedəndən sonra yaşlı qadın 44 yaşlı xəstə övladının qulluğunda da dayanmaq zorunda qalıb.
Keçmiş toxuculuq kombinatında, sonra isə ictimai iaşə müəssisəsində işləmiş Ziyafət Hacıyeva ev növbəsinə dursa da, mənzil ala bilməyib: “Sovetlər dağılandan sonra növbədə durub, ev gözləməyin mənası qalmadı. Şəhərdə kiçik bir ev qaraltdım, sonra da daş-kərpicini söküb, bura daşıdım. Həyatımın son 24 ilini burada yaşayıram”.
Bir otaqlı tikilidə həyatını sürən 79 yaşlı Abuzəndə Mehdiyeva da övladlarının Rusiyaya köçdüyünü, tək qaldığını deyir.
“Bizim qonşuluqda İvan kişi var...”
...Biz bağlar massivindən ayrılanda bir gənc qadın maşınımızı saxlatdı: “Bizim qonşuluqda İvan kişi var. Tək yaşayır, heç kimi də yoxdu. Mənə lazım deyil, amma Vanya dayıya kömək edin, zəhmət olmasa..”
İcra hakimiyyətinin nümayəndəsi bildirir ki, narahat olmağa dəyməz, ona da yardım payı çatdırılacaq. Və beləcə, məmnunluqla yolumuza davam edirik. İndiki ağır günlərdə insanların özlərini deyil, hətta başqa millətin nümayəndəsi olan qonşularını düşünməsinə, hədsiz sevinirik. Deməli İNSANLIQ ölməyib və o, şəhərimizi və ölkəmizi, bütün dünyanı bəladan xilas edə biləcək.