Logo
news content
User
Kateqoriyalar

Analitika

Los-Ancelesdə azərbaycanlılara qarşı nifrət cinayəti ilə bağlı hesabat hazırlanıb 

ABŞ-ın Los-Anceles şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən nifrət cinayətinin araşdırılması məqsədilə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin, "MG Consulting" şirkətinin və “Şəffaflıq Azərbaycan” təşkilatının təşəbbüsü ilə yaradılan beynəlxalq işçi qrupun hesabatı hazırlanıb. 

Bu gün həmin hesabat barədə onlayn konfrans keçirildi. Bildirildi ki, hesabatın hazırlanması zamanı şahid ifadələri, yüzlərlə foto və video təhlil edilib: 

“Aksiyada 3000-5000 arası erməni iştirak etdiyi halda, azərbaycanlıların sayı 60 nəfərdən çox olmayıb. Mitinq sakit başlasa da, sonradan təhlükəli hal alıb və azərbaycanlılar meydanı tərk etmək istəyərkən, ermənilər onları binaların arasında, dar keçidlərdə yaxalayaraq, təzyiq göstəriblər. Hücum zamanı müxtəlif alətlərdən istifadə edilib”.

Hesabatda qeyd olunub ki, hadisə zamanı ümumilikdə 15-20 azərbaycanlı döyülüb, onlardan 7 nəfərinin xəsarəti daha ağır olub: “Hücum zamanı bir neçə azərbaycanlının əmlakına zərər dəyib. Ermənilər Azərbaycan bayrağına qarşı təhqiramiz münasibət göstəriblər, azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədiblər. Eyni zamanda, mitinqdə ASALA terror təşkilatının emblemi olan köynək geyinmiş adamlar da olub”.

Hesabatda bir neçə məhkəmə təcrübəsi nümunə gətirilir. 

Hesabatın məqsədi ABŞ məhkəməsinin mövcud cinayətə hüquqi qiymət verməsini təmin etməkdən ibarətdir.

Gələcəkdə də bu cür nifrət cinayətlərinin qarşısının alınması məqsədilə hesabat təkcə ABŞ dövlət qurumlarına deyil, dünyanın bütün dövlətlərinə və onların Xarici İşlər nazirliklərinə göndəriləcək.

İşçi qrupun üzvlərinə Los-Ancelesdə baş verən erməni təxribatı ilə bağlı ilə sual ünvanaldıq: “Təbii ki, 65 nəfər azərbaycanlının qarşısına 3000-5000 erməninin çıxdığı bir şəraitdə bu olayların baş verməsi gözlənilən idi. Bəs, Azərbaycanın Los-Ancelesdəki Konsulluğu bu riski nəzərə almamışdımı?

“MG Consulting” şirkətinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə bildirdi ki, ermənilər mitinqdə iştirakçı sayı barədə Los-Anceles hüquq-mühafizə orqanlarına müvafiq məlumat verməyiblər: “Çünki orada polis çox məhdud sayda iştirak edirdi. Yəni, ən yaxşı halda 20-30 polis o böyüklükdə kütlənin qarşısına çıxmışdı. Təbii ki, polisin az olması bizimkilərin döyülmə şansını daha çox artırmış oldu. Polis əlindən gələni etmişdi. Sadəcə olaraq, say çox olduğu üçün bu zorakılığın qarşısını almaq mümkün olmamışdı”.

“Şəffaflıq Azərbaycan” təşkilatının rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, əvvəla, kimlərinsə niyyətini sorğulamaq, öyrənmək düzgün olmazdı: “İkincisi, məsələ ondan ibarətdir ki, bu, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsidir. Burda söhbət dinc nümayişdən gedir. Və bu zaman da həm Amerika, həm də beynəlxalq qanunvericilik ona imkan verir ki, paralel, bir-birinə əks olan aksiyalar keçirilsin. Orada hansısa risklərin hesablanması artıq hüquq-mühafizə orqanlarının işidir, nə Konsulluq, nə də digərlərinin işi deyil. Məhz bu tədqiqatda da konkret olaraq göstərilir ki, hər şeydən əvvəl polis orqanları tərəfindən  müəyyən risklər hesablanmalıydı, eyni zamanda Konsulluq qarşısında bu aksiyanı keçirənlərin məlumatları da ciddi araşdırılmalı idi”. 

Ülviyyə Şahin