Logo
news content
User
Kateqoriyalar

Analitika

Lavrov Tovuz döyüşlərinin səbəblərindən danışdı

“Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların tezliklə bərpası üzərində çalışır”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, iyul ayında Ermənistan və Azərbaycan arasında baş vermiş sərhəd konflikti 1994-cü il atəşkəsindən sonra öz miqyasına görə ikinci böyük atəşkəs pozuntusu olub. Nazir artilleriya, minaatanlar, zərbə dronlarından istifadə edilməklə baş verən toqquşmaların Dağlıq Qarabağdakı təmas xəttində deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində meydana gəldiyinə diqqət çəkib. Lavrovun sözlərinə görə, buna kompleks səbəblər, o cümlədən sərhədin hər iki tərəfində publik məkanın “çox qızması” gətirib çıxarıb:

“Tətikləyici səbəb kimi coğrafi faktor da rol oynayıb - Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini reanimasiya etmək qərarı bir tərəfin çox ciddi narahatlığına, digər tərəfin haqq qazandırılmayacaq cavab reaksiyasına səbəb oldu, nəticədə qarşıdurma ən gözlənilməz nəticələrə səbəb ola biləcək şəkildə alovlandı”.

Lavrov Rusiya XİN-in vəziyyətin yoluna qoyulması üçün fəal səylər göstərdiyini vurğulayıb:

“Rusiyalı həmsədr İqor Popov hər iki ölkə xarici siyasət idarələrinin rəhbərləri ilə daimi təmasda idi. Rusiyanın fəal vasitəçiliyi nəticəsində ilk cəhddən olmasa da, 16 iyuldan atəşkəs rejiminə keçildi. Avqustda vəziyyət az-çox sabitləşdi. Sərhəddə və təmas xəttində nisbi sakitlik hökm sürür. Qarşılıqlı ittihamlar da azalıb”.

Lavrovun açıqlamalarından belə çıxır ki, Ermənistan vaxtilə sərhəddə mövcud olmuş nəzarət-buraxılış məntəqəsini bərpa etmək istəyirmiş. Burada hansı məntəqədən söhbət getdiyini anlamaq olmur, çünki Ermənistanla Azərbaycan arasında müstəqillik dövründə hər hansı sərhəd-buraxılış məntəqəsi açılmayıb, sovet dövründə isə ittifaq respublikaları arasında belə bir məntəqə ola bilməzdi. Ola bilər ki, Lavrov Ermənistanın Lori vilayəti ərazisində, Gürcüstanla sərhəddəki hansısa məntəqədən danışır, ora Azərbaycanın Tovuz və Qazax rayonlarına da yaxındır.

Rusiyalı nazir konkret Azərbaycanın adını çəkməsə də, “Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini reanimasiya etmək qərarı bir tərəfin çox ciddi narahatlığına səbəb oldu” cümləsi ilə atəşkəsi məhz Bakının pozduğuna işarə vurur. Amma, eyni zamanda, Ermənistanın “haqq qazandırılmayacaq” cavabından bəhs etməklə münaqişədə bitərəf mövqe tutduqlarını göstərmək istəyir. Atəşkəsin məhz Rusiyanın cəhdləri ilə bərpa olunduğunu detallı vurğulamaqla isə Lavrov münaqişənin həlli prosesində hansı vasitəçi ölkənin və ümumilikdə regionda hansı paytaxtın dominant rol oynadığını bir daha hər kəsə anlatmağa çalışır.

Press Klub