Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus: yoluxma və ölüm riskini necə azaltmalı?

Koronavirus haqqında gündəlik o qədər çox və ziddiyyətli məlumatlar alırıq ki, adam informasiya bolluğunda özünü itirir. Bir tərəfdən də feyk xəbərlər beyinləri qarışdırır. Biz ən son məlumatları sistemləşdirərək onlardan baş çıxarmaqda vaxtaşırı sizə kömək göstərəcəyik. 

Ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) indiyədək elmə məlum olmayan pnevmoniya növünün yayılması barədə xəbərdar etdi. Xəstəliyi yayan virusun təbiəti və xarakteri kifayət qədər aydınlaşdırıldı, ancaq onun qarşısını almaq mümkün olmadı. Səbəb də bundan ibarətdir ki, virusun inkubasiya, yəni simptomlarının üzə çıxması dövrü iki, bəzən üç həftəyədək çəkir. Həmin müddət ərzində isə “düşmən” altdan-altdan işini görür: bir tərəfdən yoluxdurduğu adamın ciyərlərini korlayır, digər tərəfdən isə özünü aşkar etmədən asanlıqla başqalarına keçir. İndi çoxları sual verir ki, niyə hamı, hətta virusun tək-tük tapıldığı ölkələr də əl-ayağa düşüblər, məktəbləri, idarələri, hətta sərhədlərini bağlayırlar? Əsas səbəb budur – virusun çox hiyləgər olması və simptomsuz yayılmaq bacarığı.

Təxminən 2 ay yarımdır ki, ÜST və Con Hopkins Universitetinin CSSE mərkəzi kimi mötəbər mənbələr COVİD-19 haqqında bütün məlumatları izləyir, təhlil edir, tövsiyələr verir. Rəsmi rəqəmlərə görə, martın 17-si günortayadək dünyanın 160-dək ölkəsində koronavirusa 182424 təsdiqlənmiş yoluxma halı baş verib, 7155 nəfər xəstəlikdən ölüb, 79433 nəfər sağalıb, qalanlar müalicə prosesindədirlər.  Ölüm halları müxtəlif regionlarda yoluxanların orta hesabla 2-4%-ni təşkil edir, bu da təbabətdə o qədər yüksək faiz hesab olunmur. 

Ən çox yoluxan, yəni dəqiq yoluxanların 88,3%-nin yaşadığı 8 ölkədə ölənlərin virus daşıyıcılarına nisbəti belədir:

[table id=154 /]

Yoluxma riski kimdə çoxdur?

ÜST virusa yoluxması laboratoriya qaydasında təsdiqlənmiş 56000 xəstənin göstəricilərini araşdırıb və hesabat hazırlayıb. Bu, “düşmənimizi” yaxşı tanımağa və o cümlədən məişət səviyyəsində ondan qorunmağımıza kömək edir.

Koronavirusa yoluxanların orta yaşı 51-dir. Yoluxdurduğu şəxsin milliyyəti, cinsi virus üçün əhəmiyyətli deyil. Məsələn, belələrinin 51,1%-i kişi, 48,9%-i isə qadınlardan ibarətdir. Amma yaş mühüm rol oynayır. Xəstələnənlərin cəmi 2,4%-ni 19 yaşınadək uşaq və yeniyetmələr təşkil edir. Əsas risk qrupuna 30-69 yaşlı insanlar daxildir: 77,8%. Bu da onların sosial fəallığı, ünsiyyətlərinin genişliyi ilə izah olunur. Hətta xüsusi risk kateqoriyasının öz içində də “zəif bənd” var. Ürək problemləri, təzyiqi, şəkəri, digər xroniki xəstəlikləri olanlar və siqaret çəkənlər ikiqat təhlükə altındadırlar. Deməli, insanın özünü qoruması üçün mühüm şərtlərdən biri ünsiyyəti daraltmaq, ən azı pandemiya gücdən düşənə qədər siqareti atmaqdır.

Ölüm riski hansı hallarda daha yüksəkdir?

Yaş artdıqca xəstəliyin ağırlaşması ehtimalı da çoxalır. Virusun tüğyan etdiyi ən təhlükəli dövrdə (yanvar-fevral) ÜST cəmi bir uşaq ölümü qeydə almışdı (0,2%). Alimlərin fikrincə, uşaqların koronavirusu daha asan keçirməsinin iki səbəbi var: 1) onların immun sistemi daha möhkəm, ciyərləri elastikdir; 2) valideynlər övladlarını daha çox qoruyur, onlarla bağlı gigiyenik məsləhətlərə dəqiq əməl edirlər. Hamilə qadın xəstələndikdə belə plasentanın nadir xüsusiyyətləri virusun uşağa keçmə ehtimalını minimuma endirir. 

Ölüm hallarının artması əsasən 50 yaşından yuxarı xəstələr arasında (1,3%) müşahidə olunur və 80 yaşından yuxarı insanlarda pik həddinə çatır (14,8%).

[table id=156 /]

Beləliklə, 50 yaşınadək koronavirusa yoluxmuş insanın sağalma ehtimalı minimum 99,6%, 50-70 yaşında orta hesabla 97,6%, 70-80 yaşında 82%, 80 yaşından yuxarı 85% təşkil edir. Təbiblərin fikrincə, bunun bir neçə səbəbi var: 1) 50 yaşından sonra insanın immun sistemində dəyişikliklər baş verir və immun sistemi getdikcə zəifləyir; 2) xroniki xəstəliklər artır və virusa yoluxmuş insanın orqanizminin bərpasına imkan vermir; 3) qocalar gigiyenik qaydalara daha həvəssiz əməl edirlər. 

Azərbaycanın “virus xəritəsində” yeri

Virusun yayılma arealına görə dünya 5 zonaya bölünüb. Xəritəyə baxıb koronavirusun coğrafiyasında hər hansı məntiqi düzüm, “qonşuluq” tapmaq çətindir.

    1000–9999 Təsdiqlənmiş yoluxmalar     100–999 Təsdiqlənmiş yoluxmalar     100–999 Təsdiqlənmiş yoluxmalar     10–99 Təsdiqlənmiş yoluxmalar     1–9 Təsdiqlənmiş yoluxmalar

İstənilən halda, hələlik Qafqaz ölkələri yoluxanların sayının 100-dən artıq olmadığı 4-cü zonaya aid edilib (CSSE mərkəzinə görə, Azərbaycanda indiyədək 19 yoluxma halı aşkarlanıb). Amma elə koronavirus coğrafiyasının bu qəribəliyi bizi heç bir halda ehtiyatı əldən verməməyə çağırır. Bütün təhlükəsizlik tədbirlərinə (həkim məsləhətlərinə, dövlət orqanlarının müəyyənləşdirdikləri məhdudiyyətlərə, ünsiyyətin daraldılması, ən ciddi gigiyenik tələblər, xüsusilə qocaların qorunması barədə tövsiyələrə) əməl edin. Və bir də yalnız mötəbər mənbələrin informasiyasına etibar edin. Hətta ÜST mütəxəssisləri özləri də virusun yayılmasının pik həddini keçdiyi barədə mülahizə söyləməkdən çəkinirlər. Con Hopkins Universitetinin tərtib etdiyi aşağıdakı cədvəl də aşkar göstərir ki, fevralın ortalarından zəifləmiş virusa martın əvvəlindən yeni qüvvə gəlib – bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, dünyada gündəlik virusa yoluxanların sayı (qırmızı sütunlar) sağalanların sayı (yaşıl sütunlar) yenidən üstələməyə başlayıb.

Press Klub