Koronavirus yayılan cəzaçəkmə müəssisəsində bərbad şərait
14 May 2020
Azərbaycandakı həbs yerlərində koronavirusa yoluxma halları haqda söz-söhbətlər son vaxtlar tez-tez eşidilirdi. Bu sırada xüsusən 13 saylı cəzaçəkmə müəssisəsinin adı çəkilirdi. Sonuncu dəfə mayın 11-də həmin müəssisədə cəza çəkən Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə məktubunda bu barədə yazmışdı. Ə.Hacıyeva bildirirdi ki, həmin müəssisədə 30-a qədər məhkumda koronavirus aşkarlanıb, onlar köçürülsə belə, qalan məhbusların durumu ilə bağlı ciddi narahatlıq var. Çünki məhkumların saxlanma şəraiti bərbaddır.
Elə həmin gün Penitensiar Xidmət bu xəbəri təkzib etdi. Bu qurumun təmsilçisi Mehman Sadıqov mediaya bəyan etdi ki, nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyində olan həbs yerlərinin heç birində belə hal yoxdur. Heç bir sutka keçməmiş Ədliyyə Nazirliyi 13 saylı cəzaçəkmə müəssisəsində 33 məhkumda koronavirus aşkarlandığını açıqladı.
Azərbaycanda COVİD-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan həbs yerlərində saxlanılan şəxslərin yaxınları ilə görüşləri, onlara sovqat çatdırılması qadağan edilib. Belə olan halda, qapalı müəssisəyə virus necə yol tapıb? Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və başqa dövlət orqanlarının heç biri hələlik bu suala aydınlıq gətirməyib.
Penitensiar müəssisələrdə mütəmadi monitorinqlər keçirən, ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əlməmməd Nuriyev isə bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsində yoluxma bir məhkumun yoxlanmasıyla üzə çıxıb. Həmin məhbus səhhətindəki problemlə əlaqədar müalicə məqsədilə köçürülüb. Geri qaytarılandan sonra temperaturu yüksək olub. Koronavirus testinin nəticəsi müsbət çıxıb və bundan sonra onun təmasda olduğu adamlar yoxlanılıb. Nəticədə 33 nəfərdə virus aşkarlanıb.
Ə.Nuriyev hesab edir ki, təkcə 13 saylıda yox, bütün cəzaçəkmə müəssisələrində məhkumlar virusla əlaqədar test olunmalıdır. Onun fikrincə, izolyasiya tədbirləri də sərtləşdirilməlidir.
Virusun yayılma sürətini, üstəlik, 13 saylı cəzaçəkmə müəssisəsindəki sıxlığa görə məsafənin qorunmasının mümkünsüzlüyünü nəzərə alan məhkumların ailə üzvləri onların durumuna görə çox narahatdır. Sözügedən müəssisədə saxlanılan Gədəbəyin keçmiş İcra Hakimiyyəti başçısı, AXCP-yə maliyyə yardımına görə həbs olunan Saleh Rüstəmlinin ailə üzvü Yeganə Rüstəmova “Press Klub”a bildirdi ki, mayın 13-də cəzaçəkmə müəssisəsinə dərman, maska və əlcək aparıb, amma qəbul etməyiblər: “Dedilər ki, özləri təmin edəcəklər. Amma sonradan Saleh evə zəng edəndə soruşduq, dedi ki, heç nə verməyiblər”.
Anar Məmmədli: “13 saylı cəzacəkmə müəssisəsi ləğv olunmalıdır”
Vaxtilə 1 il 3 ay həmin cəzaçəkmə müəssisəsində saxlanmış Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli oradakı şəraitə əsaslanaraq düşünür ki, koronavirusa yoluxan məhkumların sayı 33-dən çox ola bilər. Onun sözlərinə görə, məhkumlar o qədər sıx saxlanılır ki, koronavirus kimi sürətlə yayılan virusun daşıyıcısı bir gündə təmasda olduğu 100-dən artıq məhkumu yoluxdura bilər. A.Məmmədli bu müəssisədə insanların yaşaması üçün ən adi sanitariya-gigiyena qaydalarına riayət etməyin mümkün olmadığını vurğuladı:
“İki bina 4 korpusa bölünüb. Hər korpusda da iki barak var - ümumilikdə 8 barak. Təxminən 80-100 kvadratlıq hər barakda 120-130 məhbus saxlanılırdı. Bəzən say 150-yə çatırdı. Baraklar çox köhnə binalardır, havası təmizlənmir. Adi gigiyenik qaydalara əməl etməkdə ciddi problem var. Xüsusən yay aylarında su çatışmazlığı olur. Su gəlmirdi, kanalizasiya problemi olurdu. 6, 7 və 8-ci barakların arxasında bir gölməçə vardı, yay-qış oradan çox üfunət gəlirdi. Ümumi bir ayaqyolu vardı, o da çox bərbad vəziyyətdə. Qış aylarında məhbuslar isti suyun olmamasına görə çox əziyyət çəkirdilər. Məhkumlar hətta ayrı-ayrı baraklarda yatsalar belə, gündüzlər birlikdə olurlar. Çünki gündüzlər baraklar cəmi 2-3 saat açıq olur. Qalan vaxtlarda məhbuslar çöldə olur, hamı bir-biri ilə təmasda... Mətbəx çox kiçikdir. Bəzən orada 80-90 nəfər eyni anda ya yemək bişirir, ya da yeyir.”
Hüquq müdafiəçisinin sözlərinə görə, müəssisədəki tibb məntəqəsi də kiçikdir, uzağı 20 məhbus yerləşdirilə bilər. O, yada salır ki, Avropa İnsan Haqları Məhkəməsi vaxtilə orada saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovun şikayəti üzrə çıxardığı qərarda həmin müəssisədə məhbusların saxlanma şəraitini “qeyri-insani rəftar” kimi qiymətləndirib. A.Məmmədlinin fikrincə, həmin müəssisə ümumiyyətlə, ləğv olunmalı, məhbuslar köçürülməlidir. Onun sözlərinə görə, təkcə daxildəki yox, müəssisənin yerləşdiyi ərazi də uyğun deyil:
“Keçilməz yollarla gedib çıxmaq olur ora. İqlimi də sərtdir. Yayda yandırıcı isti, qışda çox soyuq olur. Yayda gündüzlər yandırıcı Günəş şülarından dayanmaq mümkün deyil. Su gəlməyəndə lap dəhşətli vəziyyət yaşanırdı. Qışda isə istilik problemi olurdu. Oradakı məhbusların immuniteti də zəifləyir. Çünki o şəraitdə immuniteti güclü saxlamaq çox çətindir. İmmunitet aşağı olanda da istənilən virusun yayılması an məsələsidir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, bəlkə də məhbusların 90 faizi yoluxub. Ona görə bütün məhbuslar test olunmalıdır”.
Gülər