Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus dərsləri: tədris yarıda qaldı, bəs, sonra?..

Koronaviris dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi. Bu xəstəliyin coğrafiyası genişləndikcə virtual xidmətlərə tələbat da sürətlə artmağa başladı.

Pandemiya Azərbaycanda da həyatın bütün sahələrinə ciddi təsir etdi. Ən böyük itkilərə məruz qalan sahələrdən biri, bəlkə də birincisi təhsil sistemi oldu. Belə ki, karantin rejimi ilə əlaqədar martın 3-dən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırıldı. Bu, 2019/2020-ci tədris ilinin faktiki olaraq, yarıya qədərinin itirilməsi ilə nəticələndi. Pandemiya dövründə bütün təhsil müəssisələrinin onlayn tədrisə möhtac olması isə illərdir gizlədilən daha bir ciddi problemin üstünü açdı. Məlum oldu ki, təhsil müəssisələrinin kompüterləşdirilməsi ilə bağlı indiyədək görülən işlərin miqyası çox kiçik, mövcud təchizat isə yararsızdır.

Problemi “Press Klub”a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, tədris ilinin yarımçıq qalması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərib. Onun fikrincə, ibtidai siniflərdə təhsil alan uşaqlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşdığından, 3 ay ərzində tədrisdən kənarlaşma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına gətirib çıxarır.

Bununla belə, ekspert hesab edir ki, Təhsil Nazirliyi martın 11-dən etibarən “Mədəniyyət” TV-də “Teledərs” layihəsinə başlamaqla bu problemin qarşısını az da olsa, ala bilib:

“Bu layihə müəyyən mənada şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. Eyni zamanda, “Virtual məktəb” layihəsi də evdən çıxmadan ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri müəyyən imkanlar yaratdı. Təhsil Nazirliyinin “Virtual məktəb” platforması ibtidai sinif şagirdləri üçün təhsildə əlçatımlılığın təmin olunması istiqamətində atılan mütərəqqi addımdır. Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin bu layihəsi şagirdlər üçün göydəndüşmə oldu. Təəssüf ki, bu fürsətdən hamının bəhrələnmək imkanı yoxdur”.

K.Əsədovun sözlərinə görə, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki “Virtual məktəb” layihəsi tam şəkildə proqramı əhatə edir. Amma ilk vaxtlar qeydiyyatla bağlı ortaya çıxan problemlər şagirdlər üçün ciddi çətinliklərə yaradıb: “Bundan başqa, hazırda ölkədə mövcud olan 4447 orta məktəbdə təhsil alan 1,5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Belə ki, hazırda şagirdlərin böyük əksəriyyəti şəxsi kompüter, planşet və mobil telefona sahib deyillər. Üstəlik, Azərbaycanda mövcud internet qiymətləri baha olduğundan hazırda orta məktəblərdə təhsil alan 1,5 milyon şagirdin təxminən yarıya qədəri onlayn tədris proqramlarından bəhrələnə bilmir”.

 

Onlayn təhsil hamı üçün əlçatan deyil

Xatırladaq ki, Təhsil Nazirliyinin onlayn tədris proqramı olan “Virtual məktəb” layihəsi qeydiyyat üçün aprelin 2-dən aktivləşdirilib. Qeydiyyat zamanı texniki qüsurlar olsa da, qısa müddətdə 900 min şagird qeydiyyatdan keçib ki, bu da onlayn dərslərə tələbatın yüksək olduğuna işarədir.

Amma Kamran Əsədov bildirir ki, “Elektron məktəb” seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı üstünlük vermir:

“Onlayn tədrisin təhsilin bütün mərhələlərini əhatə etməsi, hamının mövcud resurslardan yararlana bilməsi üçün mobil operatorlar və interenet provayderləri internet qiymətlərinə yenidən baxmalı idi. Bu, karantinlə əlaqədar yarımçıq dayandırılmış tədrisin internet üzərindən davam etdirilməsi üçün ən vacib məqamlardan biridir. Nəzərə alsaq ki, internet hazırda təhsil alanların təhsil verənlərlərə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa, karantin dövründə tədrisdəki itkiləri xeyli dərəcədə azaltmaq mümkün idi. Bunun üçün isə internet mütləq ödənişsiz olmalıdır. Təəssüf ki, bu gözləntilər də reallaşmadı”.

Ekspert onlayn dərslərin bütün şagird və tələbələr, hətta müəllimlər üçün əlçatan olmadığını deyir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda nə qədər ailədə kompüter olduğu, müəllim və şagirdlərin neçə faizinin onlayn tədris proqramlardan istifadə etdiyinə dair hər hansı rəsmi statistika yoxdur:

“Ancaq real vəziyyət odur ki, mövcud şəraitdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib. Regionlarda isə elektron tədris resurslarından istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifdə edə bilir. Bəzi bölgələrdə isə bu nisbət sıfıra yaxındır. Lakin bölgələrdə vaxtında internet xətti çəkilmiş olsaydı və internet tariflərində güzəştlər tətbiq edilsəydi, onlayn dərslərdən istifadə göstəricilərini ən azı 70-80 faizə qədər qaldırmaq mümkündür”.

K.Əsədov deyir ki, koronavirus epidemiyası bütün dünyda təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər Azərbaycana aiddir. Onun sözlərinə görə, qardaş Türkiyədə 8 televiziya onlayn tədris prosesinə qoşulub. Üstəlik, Türkiyədə distant təhsil daha geniş tətbiq edildiyindən həm orta məktəblərdə, həm də universitetlərdə yaranan boşluqlar aradan qaldırılıb. Avopa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb. Təəssüflər olsun ki, Azərbaycan bu sahədə də çox geridə qalır. Təhsil Nazirliyi tərəfindən görülən tədbirlərə baxmayaraq, ölkəmizdə onlayn təhsilin əlçatanlılığı minimum tələblərə də cavab vermir”.

 

Ən azı 11 illik geriləmə

Ekspert bildirdi ki, eyni çatışmazlıqlar ali təhsil pilləsində daha ciddi problemlər yaradıb. Halbuki universitetlər hələ 2009-cu ildən etibarən distant təhsili təmin etməli idilər:

“Amma görünən odur ki, universitetləri akkreditasiyadan keçirən şəxslər və ya aidiyyəti qurum buna göz yumub. Baxmayaraq ki, universitetlər indiyədək ən azı 2 dəfə akreditasiyadan keçiblər. Lakin karantin rejimi ilə əlaqədar tədris ili təxminən yarıda dayandırıldı və məlum oldu ki, universitetlər ən vacib göstərici üzrə tələblərə cavab vermədikəri halda, nəyəsə və ya kiməsə görə akkreditasiyadan keçə bilib. İndi isə məhz distant təhsillə bağlı tələblərin təmin olunmamasına görə 165 min tələbə tədrisdən kənarda qalıb.

Avropada onlayn, yəni məsafədən təhsil dövrü çoxdan başlayıb. Azərbaycanda isə 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə lazımi iş görülməyib. Yalnız karantin rejimindən sonra məlum oldu ki, distant təhsil çox zəruridir.

Kamran Əsədov qeyd etdi ki, pandemiya ali məktəblər qarşısında 3 mühüm vəzifə qoyub. Birincisi və ən əsası, mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi, virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək vermək, üçüncüsü isə çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək olmaq. Onun fikrincə, növbəti tədris ilinə qədər distant təhsilin qanunvericilik bazasısı təkmilləşdirilməli və bu istiqamətdə vacib qərarlar qəbul edilməlidir. Eyni zamanda, hökumət hər kəs üçün distant, yəni onlayn təhsilin əlçatanlılığını təmin etmək üçün mövcud resursları real tələbata uyğunlaşdırmalıdır. Buraya ən ucqar kəndlərdə  sürətli internet şəbəkələrinin qurulmasından tutmuş, güzəştli tariflərin tətbiqinədək, bir çox təminatlar daxildir.

Yeri gəlmişkən, Dünya Bankının məlumatına görə, COVID-19 pandemiyasına qədər, konkret desək, 2019-cu ildə dünyada elektron təhsil texnologiyalarına, onlayn təhsil platformalarının yaradılmasına 18,66 milyard dollar investisiya yatırılıb. 2025-ci ildə bu göstəricinin 350 milyard dollara çatacağı planlaşdırılır. Bu ilin fevralında dünyada Zoom istifadəçilərin sayı 2,2 milyon nəfər artıb. Pandemiya dövründə Azərbaycanda da xeyli məşhurlaşmış həmin onlayn platformada mart ayında gün ərzində 2,13 milyon dəfə yüklənmə olub. Bütün bunlar yeni dövrün çağırışları kimi bütün dünyada onlayn təhsilə tələbatın sürətlə artdığını göstərir. Azərbaycan isə təəssüf ki, yenə də geridə qalır.

 

Yeni dərs ilinin gözləntiləri... Doğrulacaqmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də karantin rejimi dövründə rəqəmsal elektron xidmətlərin keyfiyyətində ciddi problemlərin olduğu, aidiyyəti qurumların görməli olduğu işin öhdəsindən gələ bilmədiyi barədə fikirləri bölüşür. Onun sözlərinə görə, ölkənin şəhər və rayonlarındakı rəqəmsal bərabərsizlik onlayn təhsil xidmətlərinə əlçatanlığa ciddi maneələr törədir: “Bu problem mütləq həll edilməlidir. Regionlarda rəqəmsallaşmanın səviyyəsini qaldırmaq üçün yeni yanaşmalar olmalıdır , dövlət bu sahəyə dəstəyini artırmalıdır”.

Osman Gündüz hesab edir ki, hökumət regionlar üçün “hər evə optika” layihəsinin vacibliyini önə çəkməklə bu problemlərin həllini sürətləndirməlidir. Onun sözlərinə görə, onlayn təhsilə əlçatanlıqla bağlı çətinliklər ali məktəblərdə daha qabarıq görünür. Belə ki, pandemiya dövründə nəinki özəl, hətta dövlət ali təhsil müəssisələrinin böyük əksəriyyəti tələbələrinə lazımi xidmətləri göstərə billmir: “Reallıq odur ki, vətəndaş xidmət haqqını dövlətə ödəyib, lakin xidməti ala bilmir. Ona görə də hökumət alternativlərə diqqət etməli, distant təhsilin inkişafı üçün yatırımlar etməli və bu istiqamətdə özəl sektora dəstək verməlidir”.

Ekspertlər yeni dərs ilindən etibarən Azərbaycanda onlayn təhsilə əlçatanlığın xeyli dərəcədə yaxşılaşacağını düşünürlər. O.Gündüz bildirir ki, koronovirus pandemiyasından sonra hökumət bu sahəyə dəstəyini artıracaq:

“Artıq hökumətdə də başa düşürlər ki, onlayn təhsilə əlçatanlığı təmin etmək çox zəruridir. Təhsil Nazirliyi də bu istiqamətdə müəyyən addımlar atır və gözlənilir ki, yaxın vaxtlarda elektron resursların inkişafına daha çox vəsait ayrılacaq. Çünki bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər onlayn tədris vasitəsilə dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Eyni zamanda, ölkədə internet təminatı qurulmalı, distant təhsil xərcləri azaldılmalıdır”.

Kamran Əsədov isə hesab edir ki, ölkədə internet təminatı nizama salınsa, hətta qəbul imtahanlarının onlayn təşkili mümkündür. Eyni zamanda dərsliklərin də elektron formatda istifadə olunacağı dövr artıq gəlib çatıb: “Ümumilikdə bizi yeni bir dövr gözləyir. Bu, həm təhsil sisteminin, həm də dövlətin idarə edilməsi ilə bağlı olan yeniliklərdir. Biz yeni tədris ilindən virtual məktəblərin şahidi olacağıq. Amma bu, daha çox aidiyyəti dövlət strukturlarının onlayn tədrisə nə dərəcədə önəm verməsindən asılı olacaq”.

 

Elxan Salahov