Köhnə - yeni MSK...
28 Aprel 2021
Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə qərar layihəsinə baxılıb. Sədr Sahibə Qafarova nəzərə çatdırıb ki, Komissiyanın səlahiyyət müddəti başa çatıb: “Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini formalaşdırımalıdır. Artıq çoxluq təşkil edən partiyanın, bitərəflərin, azlıq təşkil edən partiyaların nümayəndələrinin siyahısı razılaşdırılıb”.
Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən namizədlər aşağıdakılar olub:
Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Sürəddin Hümbətov (ehtiyat üzv).
Heç bir siyasi partiyaya mənsub olmayan deputatlar adından aşağıdakı şəxslərin namizədliyi verilib:
Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova, Aydın Muradov.
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə bunlar olub:
Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı.
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə Vətəndaş Birliyi Partiyasının namizədi – Tofiq Həsənov
Niyaməddin Orduxanlı (ehtiyat üzv).
İclasda namizədlərin siyahısı səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, parlamentdə 1 deputatla təmsil olunan ReAL Partiyasına MSK-da təmsilçilik hüququ verilməyib. Partiya sədri İlqar Məmmədov buna etiraz edib. O, sosial şəbəkədəki hesabında yazıb:
"Milli Məclis qanuni siyasi iddia iddiamızı rədd edərək, 5 il müddətinə yeni Mərkəzi Seçki Komissiyasını heç bir müxalifət təmsilçisi olmadan təyin etdi. Görünür, seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirilməlidir. Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açığıq".
ReAL Partiyasının liderlərindən olan Natiq Cəfərli isə bildirib ki, partiyanın parlament təmsilçisi Erkin Qədirli bu tərkibin əlehinə səs verib, MSK-nın belə formalaşdırmasına etirazını bildirib:
"ReAL qanunların bizə verdiyi səlahiyyətlərdən istifadə edərək MSK-da özünün təmsilçilik haqqını istəmişdi, amma qanuni iddiamız rədd edildi. ReAL təmsilçisinin MSK-ya üzv olması bu qurumda daxili prosesləri, “mətbəxdə” baş verənləri ictimaiyyətin və müxalifətin diqqətinə çatdırmaq üçün vacib idi. Görünən odur ki, hakimiyyət bunda maraqlı deyil, öz gizli-qapalı işlərini sürdürməkdə israrlıdır. Özünə güvənən hökumət olsaydı, ReAL-ın təmsilçisinin MSK-da olmasından bu qədər narahat olub, əvvəlcədən tədbir görməzdi”.
Azərbaycanın seçki sisteminin təkmilləşdirilməsi müxalifətlə bərabər, beynəlxalq təşkilatların, xüsusən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tələbləri sırasındadır. Avropa Şurası Parlament Assambleyası məruzəçilərinin, habelə ABŞ Dövlət Departamenitinin illik hesabatlarında da Azərbaycanın seçki qanunvericiliyinin problemlərindən ətraflı bəhs olunub. Ölkədə keçirilən bələdiyyə, parlament və prezident seçkilərinin, referendumların nəticələri cəmiyyətlə bərabər, beynəlxalq müşahidəçilərdə də etimad doğurmayıb. Problem kifayət qədər ciddidir və ölkənin siyasi inkişafını əngəlləyən başlıca məsələdir. Amma müxtəlif sahələrdə islahatlar kursu elan edən hakimiyyət MSK-nın tərkibi, seçki qanunvericiliyi kimi problemlərin həlli istiqamətində addım atmır. Seçki komissiyalarının 20 ildir dəyişməyən tərkibinin olduğu kimi saxlanılması məyusluq doğurur.
Seçki məsələləri üzrə mütəxəssis, hüquqşünas Hafiz Həsənov "Press Klub"a şərhində bildirdi ki, Mərkəzi Seçki Komissiyasının köhnə tərkibdə yenidən təsdiqi ölkədə seçki institutunun sıradan çıxarılmasının göstəricisidir. Onun sözlərinə görə, ötən 20 ildə MSK üzvü kimi fəaliyyət göstərmiş şəxslərin daha 5 il müddətinə yenidən təsdiqi gələcək seçkilərə onsuz da az olan inamı heçə endirir.Həsənov onu da qeyd etdi ki, formal hüquqi baxımdan MSK-nın indiki tərkibinin fəaliyyətinə davam etməsinin hüquqi əsasları yoxdur:
"Belə ki, Seçki Məcəlləsinin 22.4.7.-ci maddəsinə görə seçki qanunvericiliyinin tələblərinin pozulması məhkəmə qərarı ilə təsdiq olunduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. İndiki halda Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda seçki hüquqlarının pozulması ilə bağlı xeyli qərarları var və bu qərarlarda Mərkəzi Seçki Komissiyası üzvlərinin seçki qanunvericiliyinin tələblərini pozması təsdiqlənib".
Mütəxəssis hesab edir ki, bu baxımdan MSK-nın əvvəlki üzvlərinin yenidən təsdiq edilməsi həm də hüquqa söykənmir:
"Belə olan halda, MSK-nın bu tərkibdə keçirəcəyi seçkilərin legitimliyi də şübhə yaradır".
Hüquqşünasın sözlərinə görə, formal da olsa, ReAL Partiyasına MSK-da təmsilçilik verilməməsi bir daha seçkilərlə bağlı qərarların hüquqa deyil, siyasi iradəyə bağlı olduğunu göstərir:
"Hesab edirəm ki, bu və digər qərarlar ümumilikdə ölkədə bəyan edilən islahatlara dair gözləntiləri və inamı sarsıdır. Həm də, belə bir görüntü yaranır ki, sanki bir zümrədən başqa bu ölkənin intellektual potensialı yoxdur".
Turqut