Logo
news content
User
Kateqoriyalar

Analitika

Kilsə, Karapetyan və Kremlin planları: Ermənistanda hakimiyyət davası qızışır
Paşinyan Moskvanın adamlarını bir-bir sıradan çıxarır

Ermənistan hakimiyyətinin başladığı anti-kilsə kampaniyası Ermənistan dövlətçiliyinə birbaşa zərbədir”. Bunu bütün ermənilərin katolikosu II Qaregin “Taşir” Şirkətlər Qrupunun rəhbəri, Rusiya və Ermənistan vətəndaşlığı olan Samvel Karapetyana qarşı təqibləri şərh edərkən bildirib.

O, Karapetyanın həbsini qeyri-qanuni adlandırıb.

Ölkəmizin qarşısında duran saysız-hesabsız problemlər fonunda cəmiyyəti birləşdirmək əvəzinə, cəmiyyəti parçalamağa hesablanan ağrılı addımlar davam etdirilir”, – RT II Qareginin sözlərindən sitat gətirib.

Rusiya vətəndaşı olan Samvel Karapetyan iyunun 18-də Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar etmək ittihamı ilə iki aylıq həbs edilib. Cinayət işi onun Ermənistan Apostol Kilsəsini (EAK) müdafiə etməsi ilə bağlı çıxışından sonra açılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan cavabında “əxlaqsız keşişləri” və onların “əxlaqsız xeyriyyəçilərini” ram edəcəyini bildirib. Ermənistan hüquq-mühafizə orqanları iki gün ərzində Karapetyanın ölkədəki bizneslərinə basqı edib, onun evində axtarış aparıb, ona məxsus “Ermənistan Elektrik Şəbəkələri”ni cərimələyib. Bundan əlavə, hakimiyyət şirkəti milliləşdirmək niyyətindədir.

Rusiya Xarici İşlər Nazirliyi dərhal bəyanat verərək, Moskvanın Karapetyan ətrafında baş verən hadisələri izlədiyini və onun bütün qanuni hüquqlarını müdafiə etməyə hazır olduğunu bildirib.

Ermənistan hakimiyyəti qısa müddət ərzində diasporu tamamilə özündən uzaqlaşdırıb və bununla da ölkəni beynəlxalq arenada lobbi dəstəyindən məhrum edib”. Bu barədə “Taşir” Şirkətlər Qrupunun və Rusiya erməni İş Adamları Assosiasiyasının rəhbəri Samvel Karapetyanın istintaq təcridxanasından vəkilləri vasitəsilə yaydığı müraciətdə deyilir.

Karapetyan Ermənistanın hazırkı rejiminin diaspora ilə münasibətlərdə apardığı “dağıdıcı fəaliyyəti” belə dəyərləndirib: “Hazırkı hakimiyyət nə əldə etdi? Qısa müddət ərzində Ermənistan Respublikasının həyatında diasporanın iştirakını tamamilə məhv etdi. Fransa, Niderland, Rusiya və digər ölkələrdən olan həmvətənlərimizin Ermənistana girişinə qadağa qoyulması, onları persona non grata elan edilməsi absurddur. Qısa müddət ərzində xaricdəki iş adamlarının vətənə sərmayə yatırmaq, doğma torpaqda iş yerləri yaratmaq istəkləri minimuma endirilib. Ən nəhayət, bizim diasporamız təkcə Ermənistanda iqtisadi və biznes dəyərləri yaratmaq üçün böyük potensial deyil, həm də güclü lobbi qüvvəsidir.

Bütün bunlar özünü “təqaüdçü” (Sorosa işarə – red.) adlandıran və qeyri-hökumət təşkilatları vasitəsilə başqa ölkələrin daxili işlərinə qarışan kiçik qrup şəxsin təkəbbürlü davranışı nəticəsində baş verir.

Bəzən elə qəbuledilməz təsəvvür yaranır ki, guya diaspora Ermənistana, Ermənistan da diasporaya ehtiyac duymur. Məhz bu səbəbdən ölkəmiz inkişaf yolunda ən dəyərli və vacib müttəfiqini itirdi.

Biz demək olar ki, ən qiymətli və əvəzolunmaz sərvətimiz – diasporamızı itirmişik, hakimiyyət isə vəziyyəti elə həddə çatdırıb ki, artıq Ermənistan diasporadan sərmayə almır. Diaspora yenidən Ermənistanın dayaqlarından birinə çevrilməlidir. Biz mübarizə aparacağıq”.

Daşnaksütyunun Büro üzvü, Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan da Samvel Karapetyanın “qanunsuz” həbsini pisləyib. O, bəyanatında bildirib ki, son vaxtlar Paşinyan Ermənistan vətəndaşlarına qarşı qorxu siyasəti tətbiq edir. Müxalifətçinin fikrincə, EAK və onun ruhani liderinə təhdidlər, müxalifətçilərin həbsi, xeyriyyəçi Samvel Karapetyanın saxlanılması eyni anda həm qalmaqallı, həm də məsuliyyətsiz təxribatdır.

Samvel Karapetyanın iki aylıq həbsi Paşinyan rejiminin xalqı qorxutmaq cəhdidir. Reallıq budur ki, Paşinyan erməni xalqına qarşı canavar, Ermənistanın düşmənlərinə qarşı isə quzu kimi davranır. Paşinyanın vasitəsilə Əliyev və Ərdoğan erməni xalqını diz çökdürməyə çalışır. Samvel Karapetyanın əsassız həbsi demokratiyanın fundamental prinsiplərinin pozuntusudur. Bunu pisləməmək isə yeni-yeni qanunsuz həbslərə yaşıl işıq yandırmaq deməkdir. Məhz buna görə də, mən “dövlətin müdafiəsi” adı altında həyata keçirilən qanunsuz təqibi pisləyirəm. Aydın görünür ki, reytinqin aşağı düşməsi və ona inamın itməsi Nikol Paşinyanı Ermənistanı zəiflətməyə yönələn siyasətinə qarşı çıxanları zərərsizləşdirmək cəhdlərinə sövq edir. Mən başa düşürəm ki, bu bəyanatla Ermənistana girişimin yenidən qadağan olunması riski ilə üzləşirəm. Amma biz doğrudan da Ermənistanı seviriksə, baş verən repressiyalara cəsarətlə reaksiya verməliyik”, – bəyanatda bildirilir.

Maraqlıdır, Paşinyan niyə bu qədər sərt şəkildə Rusiya-Ermənistan vətəndaşı olan milyarder Karapetyanın üzərinə getdi? Bu, onun Ermənistan Apostol Kilsəsinin tərəfində açıq mövqe tutması, Paşinyanın mövqeyini sarsıtmaq istəməsi cəhdləri ilə bağlıdır? Yoxsa baş nazirə Moskvanın 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri zamanı Karapetyanı Ermənistanın gələcək baş naziri kimi dəstəkləyəcəyi barədə məlumat çatdırılıb?

Pressklub.az-ın suallarına təhlükəsizlik eksperti İlham İsmayıl cavab verib.

Onun sözlərinə görə, Rusiyada yaşayan zəngin erməni milyonçuları Rusiya xüsusi xidmət orqanları üçün Ermənistanın daxilində Moskvanın maraqlarına xidmət edən potensial fiqurlar olub və bu xətt bu gün də aktualdır.

SSRİ dağıldıqdan sonra varlı Rusiya erməniləri İrəvanda “rus adamları” hesab edilən siyasi liderlərin hakimiyyətə gəlməsinə sponsorluq edirdilər. 2018-ci ilin məxməri inqilabından sonra Rusiyanın dəstəklədiyi (Koçaryan, Sarqsyan) şəxslər lider statusunu itirdilər və hətta 44 günlük müharibədən sonra da Ermənistanda yaranmış boşluğu doldura bilmədilər. Rusiya bu səbəbdən də erməni milyonçularını birbaşa siyasi liderlər statusuna yüksəltmə siyasətinə üstünlük verdi. İlk fiqur Ruben Vardanyan oldu və 2021-ci ildə onu Qarabağa göndərdilər. Məqsəd Vardanyanı Qarabağ separatçılarının liderinə çevirmək, onu separatçı rejimə xidmət edən millətin qəhrəmanı kimi təqdim etmək, bununla da Paşinyanın yerinə keçəcək və bütün ermənilərin dəstəyini qazanacaq lider hazırlamaq idi. Plan baş tutmadı və Vardanyan hazırda Bakıda həbsdədir”, – ekspert bildirib.

Onun fikrincə, Paşinyan Moskvadan növbəti milyonçunun İrəvana hansı missiya ilə gəldiyini çox gözəl bilir.

Məhz buna görə də, o, zəruri qabaqlayıcı tədbirlər gördü. Samvel Karapetyan Ermənistana gəldiyi ilk gündən insanları həssas dini mövzu ilə qaldırmağa çalışdı. O, Paşinyanla kilsə arasında yaranmış gərginliyi əsas kozır kimi istifadə edib açıq şəkildə Ermənistan Apostol Kilsəsinin müdafiəsinə qalxdı. Şübhə yoxdur ki, II Qaregin də Rusiyanın xüsusi xidmət orqanları ilə bağlıdır, bu səbəbdən katolikos da Samvel Karapetyanın müdafiəsinə qalxdı və kilsə nümayəndələrindən əlavə, erməni diasporunun fəal üzvlərini də bu mübarizəyə cəlb etməyə çalışır.

Hazırkı proses Kremlin diqqət mərkəzindədir və Paşinyana müxtəlif istiqamətlərdən təzyiqi gücləndirir. Böyük ehtimalla ilin sonuna kimi bu təzyiq daha da artacaq və seçki ərəfəsində daha sərtləşəcək”, –  İlham İsmayıl proqnoz verib.

Rauf Orucov

P.S. İyunun 25-də erməni müxalifətinin “dini lideri”, arxiyepiskop Baqrat Qalstanyan da həbs edilib. Ona qarşı ölkədə hakimiyyəti zor gücü ilə dəyişdirmək cəhdi ilə bağlı ittiham irəli sürülüb. 

P.S. Məqalə, Baqrat Qalstanyanın həbsindən öncə yazılıb.