Logo
news content
User
Kateqoriyalar

Analitika

Keçmişlə bugünü görüşdürən Lahıc

Müəllif: Günay Şahmar (fotolar müəllifindir)

İnsanı keçmişə aparan ən sürətli yol qoxudur. Olduğun yerə bir də qayıda bilərsən, köhnə əşyalara toxuna bilərsən, qoxu isə həmişə eyni olmur... 

Jurnalist həmkarlarımızla birgə sakinlərlə söhbətimizdən sonra Lahıcın mərkəzi küçəsi ilə gəzib, yaddaşımı təzələmək istəyirəm. O tanış qoxu məni küçə boyu izləyir. Rəngarəng dağ bitkilərinin iyi uşaqlığımı ilıq meh kimi üzümə vurur. Ətirli otlardan dəmlənmiş çaya qonaq oluram. Çayın tərkibində otuzdan çox bitki var, hərəsi bir xəstəliyin çarəsidir – Lahıcda insanlar uzun və gümrah yaşayırlar.

Uşaq yaddaşımın ən sirli güşəsini Lahıc xatirələrim tutub. Sərt qayalar, sıldırımlı yollar, biri-birindən maraqlı obrazlar xatirimdən silinmir: burada qədimilik insanların xarakterinə hopub. Təbiiliyinə və sakitliyinə heyran qaldığım Lahıc indi səsli-küylüdür. Onun ecazkar aurasına baş vurmaq üçün gələnlərin sayı-hesabı bilinmir.

İlin çox hissəsi qıfıllı qapılar qonaqların, yaxud köçüb getmiş, yayda istirahətə qayıtmış yerli sakinlərin üzünə açılıb. Lahıc təkcə yayda belə qonaqlı-qaralı olur. Rayon mərkəzindən uzaqda yerləşən, çətin relyefə malik bu kənd qışda yalnız yaşlı sakinlərinin ömrünü keçirdiyi səssiz-səmirsiz dağ kəndinə çevrilir. Məscidlərdən yüksələn azan səsləri, sənətkar emalatxanalarından gələn dəmir taqqıltıları Lahıcın qədim divarlarına dəyib, əks-səda verir. Növbəti yayda isə həmin səslər turistlərin və küçələrdə, həyətlərdə oynayan uşaqların səsinə qarışıb, yenidən qəsəbə boyunca dalğalanır... 

Lahıc 1980-ci ildən muzey-qoruğa çevrilib. Nə yaxşı ki, həmin vaxtlar qəsəbənin özəlliyini uşaq yaşımla təkcə mən hiss etməmişəm. 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev yeni planın hazırlandığını, tipoloji memarlıq konsepsiyasından çıxmamaq şərti ilə ərazidə bərpa işlərinin davam etdiyini dedi:

“Yeni yaşayış evlərinin, bərpa olunan binaların hündürlüyü 8 metrdən yuxarı olmamalıdır. Hamısında çay daşından istifadə edilməlidir. Seysmik zona olduğu üçün evlərin tikintisində kətillər qoyulmalıdır, kətillər onların davamlılığını qoruyur”.

Burda daş döşəmədə çapan at da, gülərüz xalçaçı xanımlar da, misgərlər də hansısa köhnə filmin kadrlarını xatırladırlar. Elə qəsəbə sakinləri özləri də bir azdan bu peşələrin ancaq kadrlarda yaşayacağından narahatdırlar. Lahıclılar babadan nəvəyə, atadan oğula ötürülən, əsrlərlə camaatın dolanışıq yeri olan peşələrə gənclərin az maraq göstərdiyini deyirlər. Lahıcda əvvəllər 200-dən artıq sənətkar emalatxanası və 120-dən çox peşə sahəsi mövcud olub. İndi o peşələrdən misgərlik, papaqçılıq, dəmirçilik, dulusçuluq, xalçaçılıq, pinəçilik , toxuculuq və digərləri davam etdirilir. Emalatxanalarda 150-180 yaşı olan qablar var. Küçə boyu əl işləri sərgilənir: mis qablar, kəlağayılar, yun corablar naxışları ilə göz oxşayır... 

Hər ağacın, daşın öz enerjisi var, deyirlər. Bu enerjidən qidalanmaq mümkündür. Lahıca salam verdiyim kimi də, sağollaşıram. Bilmirəm, bir də yolum bura nə vaxt düşəcək. Amma əminəm ki, uşaqlığımı xatırlamaq üçün yenə Lahıca gələcəyəm. Çünki hər şey illər əvvəl olduğu kimidir. Hətta qoxular da! Təkcə insan simaları fərqlidir. İndi mən gördüyüm o misgər babanın yerində oturan onun oğludur, toxucu nənənin yerini nəvəsi tutub, nalbənd dayının yeri isə boşdur...