Logo
news content
User
Kateqoriyalar

Analitika

Karantin rejimini pozan yaşlı vətəndaşları cəza gözləyirmi? 

Məlum olduğu kimi, 24 mart 2020-ci il, saat 00:00-dan etibarən 20 aprel, saat 00:00-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib.

Lakin ötən günlərin müşahidəsinə əsasən deyə bilərik ki, karantin rejiminə riayət olunması heç də lazımi səviyyədə deyil. Yaşlı vətəndaşlarımızın bir qismi yenə küçələrdədir. Bəlkə də yanıldıcı müşahidədir, amma bəzən adama elə gəlir ki, əvvəlki günlərə nisbətən indi küçələrdə, parklarda daha çox yaşlı insan var. Əksəriyyəti də qoruyucu tibbi maskadan istifadə etmir.

Karantin rejimini pozan 65 yaşdan yuxarı şəxslər üçün hər hansı hüquqi məsuliyyət nəzərdə tutulubmu? Hökumət bu barədə nə düşünür? 

Nazirlər Kabinetinin nətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd etdi ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb: “Ahıl adamlara qarşı hər hansı tədbir görmək uyğun sayılmır, amma lazımi məqamda buna getmək mıcburiyyəti yaranacaq.”

 

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirdi ki, Post Patrul Xidmətlərinin əməkdaşları xidməti ərazilərində 65 və yuxarı yaş həddində vətəndaşlara rast gəldikdə, onlarla əvvəlcə izahedici, maarifləndirici söhbət aparır və yaşadıqları ünvanlara qayıtmalarını məsləhət görür: “Cərimə məsələsi o vaxt ola bilər ki, vətəndaşla dəfələrlə söhbət aparılmasına, xəbərdarlıq edilməsinə baxmayaraq, o, mütəmadi olaraq qaydaya əməl etməsin. Bu zaman həmin şəxsə xüsusi karantin rejiminin pozulması maddəsi üzrə protokol yazılacaq. Hazırda polis əməkdaşlarının hər birinin əlində xüsusi planşetlər var. Vətəndaşın üzərində şəxsiyyət vəsiqəsi olmadıqda belə, həmin şəxs ad, soyad və atasının adını dedikdə polis əməkdaşları planşetdə həmin qeydləri yazır və dərhal vətəndaş barədə məlumatlar çıxır. Əgər belə hal bir neçə dəfə təkrarlanarsa, həmin vətəndaşlar barədə protokol tərtib olunacaq”.

Vəkillər Kollegiyasının üzvü Kamran Kazımov isə diqqətə çatdırdı ki,  “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 17 mart tarixli qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimələnir. Bu sahədə inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə verilib. 

Vəkilin sözlərinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. 

Ülviyyə Şahin