Logo
news content
User
Kateqoriyalar

Analitika

Karantin rejiminə etirazlar artır

"Altı ayın nəticələrinə nəzər salsaq, görəcəyik ki, ÜDM-də artıq geriləmə başlayıb. İqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub. Buna görə də büdcəyə dəyişikliklərə ehtiyac yaranıb".

Bu sözlər maliyyə naziri Samir Şərifova məxsusdur. Nazir Milli Məclisdə müdcə müzakirələri zamanı çıxışında bildirib ki, hökumət ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırır: "İqtisadiyyatın əksər sektorlarında geriləmə müşahidə olunur. Eyni zamanda, bizim gəlirlərimizin azalmasına neftin qiyməti də təsir göstərir. Neftin büdcədə qiymətinin 55 dollar götürülməsi də buna səbəb olur”.

Qeyd edək ki, büdcə dəyişiklikləri Azərbaycanda sərtləşdirilmiş karantin rejiminin qismən yumşaldılması ilə eyni vaxta təsadüf edir. Nazirlər Kabineti Yanında Operativ Qərargah SMS icazəsi və çimərlik qadağasını ləğv etsə də, real sektorun əsas səhələrində məhdudiyyətləri saxlayıb. Avqustun 31-nə qədər Azərbaycanda turizm obyektlərinin, kafe-restoranların açılmayacağı bildirilib. Habelə, toy və yas mərasimlərinin təşkilinə qadağalar da qeyri-müəyyən müddətə qədər uzadılıb. Operativ Qərargahın brifinqdə iqtisadi sektorun nümayəndələri iştirak etməyib. Beləliklə, karantin rejiminin uzadılması ilə yanaşı, hökumətin əhaliyə dəstək paketləri barədə məlumat açıqlanmayıb. Yalnız maliyyə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclər üçün 465 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Amma sahibkarlıq, biznes subyektləri, işsiz vətəndaşlar üçün dövlət dəstəyinin olub-olmayacağı barədə konkret məlumat verilmir.

Xatırladaq ki, karantin rejiminin davam etdiyi iyul ayı ərzində hökumət ümumiyyətlə, əhaliyə yardım ayırmayıb. Beş ay ərzində cəmi iki dəfə yardım almış iqtisadi sektorda çalışanların narazlığı artmağa başlayıb. Deputat Elnur Allahverdiyev Milli Məclisin komitə iclasında bu narazlıqlara haqq qazandıraraq hökumətin dəstək siyasətini tənqid edib:

“Azərbaycanda 2 milyona yaxın şəxsin 190 manat almasına ehtiyac var. Bəzi şəxslərə bir dəfə 190 manatlıq birdəfəlik ödəmə verilib. Ancaq birinci dəfə 190 manatlıq ödəmə alan şəxslər var ki, onlara müxtəlif səbəblər gətirilərək ikinci dəfə həmin vəsait verilməyib”.

Deputat Əli Məsimli isə deyib ki, yeni iqtisadi paket işlənib hazırlanan zaman 5 aylıq dövr yaxşı araşdırılmalıdır: “Sahibkarlığın inkişafı ilə bağlı yeni paketdə həmin tədbirlər qeyd edilməlidir. Sahibkarlığa ciddi dəstəyin verilməsi vacibdir. Həmçinin, bu gün işsizlər və imkansızlar ağır vəziyyətə düşüb. Təklif edirəm ki, problemlərin həllinə nail olmaq üçün başlanan islahatlar daha da dərinləşdirilsin”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə nə deputatlardan, nə də cəmiyyətdən gələn etirazları qəbul etmək istəmir. O bildirib ki, aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib: "Vətəndaşlar işləmək əvəzinə, daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var".

Karantin rejiminin uzadılmasından narazılıq edənlər arasında toy mərasimlərindən qazanan şou-biznes nümayəndələri öndə gəlir. Məlumdur ki, beş aydır bağlı qalan şadlıq evlərinə görə təkcə müğənnilərin, musiqiçilərin yox, gəliri bu sektordan çıxan on minlərlə insanın sosial vəziyyəti pisləşib. Müğənni Elnarə Xəlilova sosial şəbəkədə narazılığını belə ifadə edib:

“İndi guya SMS icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək? Hara gedə bilərik ki? Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz heyvanıq, siz də sahibimiz? Pardon, qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin! İcazəni də elə vermisiz ki, heç kəs heç nə eləmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da Məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin”.

Yaranmış vəziyyəti "Press Klub"a şərh edən tanınmış iqtisadçı, iş adamı Nazim Bəydəmirli bildirdi ki, Azərbaycanda toyların, yasların təşkili az qala sənayeləşdirilib və bu sektorda yüz minlərlə vətəndaşımız çalışır. Onun sözlərinə görə, belə obyektlərin əksəriyyəti kölgə iqtisadiyyatı qaydalarına uyğun idarə olunduğundan büdcə onların fəaliyyətindən vergi şəklində cüzi vəsaitlər qazanır:

"Nəticədə gəlirlərin mütləq əksəriyyəti məmur-oliqarxiyaya xidmət edir. Çünki illər boyu ictimai müzakirələr, TV-lərdə, KİV-də aparılan müzakirələr, reklam və təşviq kampaniyaları bu sektoru hər kəs üçün cəlbedici edib. Müğənnilərin dəbdəbəli həyatını reklam edən telekanallar iqtisadiyyatın real sektorlarına, təhsilə, elmə, mühəndisliyə və s. peşələrə ucuz şoulara ayırdıqları vaxtın, enerjinin və vəsaitin 10 faizini ayırsaydılar, ölkəmizdə fərqli mənzərə olardı".

İqtisadçı hesab edir ki, pandemiyanın özü də bizim kütləvi mədəni tədbirlərə baxış bucağımızı dəyişdirmək üçün bir fürsətdir:

"Hesab edirəm ki, hökumət bu kontekstdə ciddi addımları təşviq etməlidir. Bu gün aylarla işsiz qalan vətəndaşlar - bunlar günəmuzd işləyən ofisiantlar da ola bilər, toylarda bir saata min manatlarla ölçülən qeydiyyatsız qonorar alan müğənnilər də - karantin rejiminə etiraz edirlər. Hər kəs də öz etirazında haqlıdır. Biriləri sabun köpüyü üzərində qurulmuş, rüşvətlə və yaxud yaltaqlıqla aldığı "əməkdar", "xalq artisti" adı arxasındakı keçmiş lüks həyatının geri qaytarılmasını hökumətdən yavaşca xahiş edir. O birilər prosesləri idarə etməyi bacara bilməyən hökumətdən 190 manat tələb edir. Tələbləri, xahişləri eyni istiqamətdədir, yəni təminatsız qalmamaq istiqamətindədir. Bu da ondan xəbər verir ki, strateji inkişaf və idarəetmə proqramları olmayan bir hökumətin "sosial dövlət" qurmaq imkanı, bacarığı və istəyi yoxdur, fərdlərə, ailələrə yönəlik maddi təminat verə bilməyən hökumət ciddi düşünməlidir".

İş adamı belə davam etdiyi təqdirdə, ölkəmizin gələcəyinə çox pessimist yanaşır:

"Bir tərəfdən məmur oliqarxiyasının lüks həyatı, büdcə vəsaitlərinin total mənimsənilməsi, digər tərəfdən yüz minlərlə, milyonlarla vətəndaşın gündəlik zəruri qida məhsullarına ehtiyacı... Çox dəhşətli mənzərədir və hökumət tam tərkibdə istefaya göndərilməli, real siyasi, iqtisadi, sosial islahatlara başlanılmalıdır, ictimai rəylə hesablaşılmalıdır. Uzaq və yeni tariximizdən doğru dərs çıxarılmasını tövsiyə edirəm".

Turqut