Logo
news content
User
Kateqoriyalar

Analitika

İsveçdəki Azərbaycan diasporu yeni mərhələyə qədəm qoyur

Müəllif: Rahim Sadıqbəyli (Stokholm, İsveç)

İsveçin paytaxtı Stokholm şəhərində İsveç Azərbaycan Federasiyasının (AFİ) növbəti qurultayı keçirilib. Toplantını qurultaya hazırlıq komitəsinin üzvü, AFİ maliyyə məsulu Teymur Eminbəyli açıb.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib və qurultay Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri Əjdər Tağızadənin sədrliyi, Jönköping regional parlamentinin üzvü İradə Əliyeva-Söderbergin katibliyi ilə işinə başlayıb.

AFİ-nin sədri Eldar Qaradağlı Federasiyanın illik fəaliyyətinə dair hesabatla çıxış edib. O, keçirilmiş tədbirlər haqqında geniş məlumat verib, bildirib ki, 2019-cu il AFİ-nin fəaliyyəti üçün məhsuldar olub. İrili-xırdalı 50-dən çox tədbir təşkil edilib. Bunlardan 20 Yanvar faciəsinin anım günü, Vahid Qazinin "Çöl qala"-"Hyresgäster" romanının (tərcüməçi - Səadət Kərimi),  Arif Əliyevin "Yalama" kitabının və Rövşən Almuradlının "Əsgərlər unudulanda ölürlər" filminin təqdimetmə mərasimləri, Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı toplantı xüsusi vurğulanıb. Eldar Qaradağlı AFİ üzvü olan SAF dərnəyinin "Qarabağ" uşaq rəqs kollektivinin bütün İsveçdə Azərbaycanı uğurla təmsil etməsindən danışıb, İnternational Media Group təşkilatının Bütöv Azərbaycan dərnəyinin dəstəyi ilə yaratdığı SAMM TV-nin fəaliyyətini yüksək qiymətləndirib.

Teymur Eminbəyli isə maliyyə hesabatını təqdim edib. O, Federasiyanın maliyyə vəziyyətinin yaxşılaşdırılmasında, İsveç yardım qurumları ilə əlaqələrin qurulmasında İradə Əliyevanın, Səadət Kəriminin, Arif Rəhimoğlunun əməyini xüsusi qeyd edib. Eminbəyli əlavə edib ki, bu il artıq İsveç dövlətindən də yardım alınıb və sıxıntılar arxada qalıb, eyni zamanda Federasiyanın maliyyə sənədləri tam şəffafdır, AFİ-nin hər bir üzvü üçün açıqdır. AFİ yeni mərhələyə qədəm qoyur.

Qurultay iştirakçıları Nəzarət Təftiş Komissiyasının üzvü Şəfa Nəsirovanın, AFİ İH-nin üzvü

Arif Rəhimoğlunun, AFİ İH-nin sədr müavini Səadət Kəriminin, seçim komissiyasının üzvü Hüseyn Nəsirlinin çıxışlarını dinləyiblər.

Sonda AFİ IH-nin növbəti il üçün sədri Eldar Qaradağlı, sədr müavini Səadət Kərimi, maliyyə məsulu Teymur Eminbəyli, İdarə Heyəti üzvləri Əjdər Tağızadə, Sevda Səfərli, Babək Soltani, Arif Rəhimoğlu, Azər Fərruxi, Rahim Sadıqbəyli və Müxrəddin İsayev (əvəzedici üzv) seçiliblər. NTK üzvləri Şəfa Nəsirova, Məcid Heydəri, Pərviz Səidi, seçim komissiyası üzvləri isə Hüseyn Nəsirli, Elşən Nəzərov və Elnur Sadıqov təsdiqləniblər.

İclasdan sonra SAF dərnəyinin “Qarabağ” rəqs qurupunun, “Xarı bülbül” dərnəyinin üzvü Naira Paşayevanın, Musiqi dərnəyinin sədri Hüseyn Nəsirovun iştirakı ilə bədii proqram təqdim olunub.