Logo
news content
User
Kateqoriyalar

Analitika

İsveç Azərbaycan Federasyonu: “İran Orta Şərqdə sərgilədiyi siyasəti Qafqazda da həyata keçirməyə çalışır”

İsveç Azərbaycan Federasyonu (AzFİ) “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərində körpülərin tikintisi ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, son günlər Azərbaycanda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları (SES) ilə bağlı geniş təbliğat kampaniyaları aparılmaqdadır: iqtidar yanlıları bu hidroqovşaq və SES-in qanuniliyini, milli mənafeyimizə uyğunluğunu qabartmağa çalışır, əks mövqedə olanlar isə əsas diqqəti su bəndi üzərindən İranın çəkdiyi yol və tikdiyi körpülərə yönəldərək, belə qanunsuzluğa qarşıAzərbaycan iqtidarının susqunluğunu milli mənafeyə zidd hal kimi dəyərləndirir.

İsveç Azərbaycan Federasyonu  İdarə Heyəti bəyan edir ki, “İslam Cümhuriyyəti” adı altında gizlənmiş fars şovinizmi beynəlxalq hüquqa zidd olaraq, su bəndi və SES üzərindən qanunsuz yol çəkib, körpülər salıb, həmin yolla Azərbaycan torpaqlarını işğal edən erməni terrorçularına silah-sursat da daxil, hər cür yardım göstərməyə başlayıb. Sənəddə deyilir: 

“Əslində bu addımı atmaqla İran göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünü sözdə dilə gətirsə də, əməldə onu tanımır; Azərbaycan ərazilərini işğal etmiş erməni terrorçularını dövlət səviyyəsində dəstəkləyir; Orta Şərqdə sərgilədiyi siyasətini Qafqazda da həyata keçirməyə çalışır; öz nüvə proqramına yarayacaq strateji materialları daşımaq üçün beynəlxalq nəzarətin olmadığı gizli bir yol əldə edir.”

Federasyon belə bir durumda Azərbaycan iqtidarının gerçəkliyi görməzliyə vurmasını və qanunsuz yol və körpülər faktını su bəndi və SES təbliğatı ilə ört-basdır etməyə çalışmasını haqlı saymır, erməni terrorçularını dövlət səviyyəsində dəstəkləyərək, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə yanaşan İranın qanunsuz əməlləri qarşısında fəaliyyətsizliyi kəskin tənqid edir. Federasyonun İdarə Heyəti işğal edilmiş Azərbaycan torpaqlarında İranın erməni terrorçularını dəstəkləmə siyasətini qətiyyətlə pisləyir və Azərbaycan iqtidarından uyğun cavab tədbirləri görməyi tələb edir, habelə milli mənafeyin pozulmasına qarşı Azərbaycan iqtidarının fəaliyyətsiz qalmasını qınayır.

Press Klub