İrandan Naxçıvana hücum: nə baş verir?
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
05 Mart 2026
Bu gün - martın 5-də Naxçıvan Muxtar Respublikasının hava məkanına pilotsuz uçuş aparatları (PUA) ilə hücum baş verib.
Məlumatlara görə, PUA-lar İran istiqamətindən Naxçıvana daxil olub. Müdafiə Nazirliyinin məlumatına görə, hücum zamanı 4 PUA istifadə olunub, onlardan biri hava hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
Hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına ziyan dəyib. Şəkərabad kənd orta məktəbinə yaxın əraziyə düşən PUA isə partlayışa səbəb olub. Hadisə zamanı 4 nəfər mülki şəxs xəsarət alıb.
Azərbaycan Respublikası Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.
Bundan başqa, hadisə nəticəsində Naxçıvan Hava Limanında xidmət aparan dörd nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
- 1986-cı il təvəllüdlü Vəliyeva Reyhanə Sabir qızı,
- 1996-cı il təvəllüdlü Zülfüqarlı Zülfüqar Məmməd oğlu,
- 1996-cı il təvəllüdlü Əsgərov Mehdi Mətləb oğlu və
- təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Cəfərov Əsəd Vidadi oğlu.
Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həkim nəzarəti altında müalicələri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq, ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır.
Yayılan məlumata görə, Naxçıvanda orta məktəblərdə dərslər dayandırılıb, uşaq bağçaları boşaldılıb, Naxçıvan Dövlət Universitetində də dərslər təxirə salınıb. Ətraf rayonlardan təhsil üçün şəhərə üz tutan tələbələrin bir çoxu da rayonlara qayıdıb. Muxtar Respublikada bütün xəstəxanalar və təcili tibbi yardım mərkəzləri gücləndirilmiş iş rejiminə keçib.
Hadisə mülki aviasiyanın fəaliyyətinə ciddi təsir göstərib. Naxçıvandan Bakıya uçan təyyarələr təhlükəsizlik səbəbindən geri qaytarılıb. Azərbaycanın cənub istiqamətində hava məkanı uçuşlara qapadılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın ölkədəki səfirini çağıraraq, ona etiraz notası təqdim edib və hücumla bağlı izahat tələb edib. XİN bildirib ki, ölkənin hava məkanı və ərazi bütövlüyünə yönəlmiş hər hansı təhdid ciddi qiymətləndiriləcək.
Eyni zamanda, Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirlik bildirib ki, hücumun qarşısı alınıb və əlavə təhlükələrin qarşısını almaq üçün cənub istiqamətində hava məkanı müvəqqəti olaraq bağlanıb. Müdafiə Nazirliyi əlavə edib ki, Naxçıvanın hava məkanı tam nəzarət altına alınıb və mülki və hərbi uçuşlar təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir.
“...PUA-lardan digərləri mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq, partlayıb. Qeyd olunanları nəzərə alaraq, İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyatı qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik”, - açıqlamada qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Prezident çıxışında hadisəni kəskin pisləyib. Dövlət başçısı ölkənin təhlükəsizliyinin təmin olunmasının dövlət üçün əsas prioritet olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə yönəlmiş istənilən təhdid cavabsız qalmayacaq. İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan regionda gərginliyin artmasında maraqlı deyil, lakin ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı hücum cavabsız qalmayacaq və adekvat addımlar atılacaq: “...Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər”.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı isə Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib. Bu barədə Baş Qərargah bəyanat yayıb. “İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”, - bəyanatda deyilir.
Tehran bu hücumun İsrail tərəfindən İran ilə qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq üçün törədildiyini iddia edib. İran rəsmiləri hücumda iştirakını rədd edərək, baş verən hadisənin araşdırılmalı olduğunu bildiriblər.
İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın “AnewZ” kanalına deyib: “Biz qonşu ölkələrə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb, sonra sizə cavab verə bilərəm”. Qaribabadi əlavə edib ki, İranın siyasəti yalnız regionda fəaliyyət göstərən və İran mülki vətəndaşlarına hücum etmək üçün istifadə olunan ABŞ və İsrail hərbi bazalarına hücum etməkdir: “Əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. Bizim yürütdüyümüz siyasət budur”.
Beləliklə, İran rəsmilərinin açıqlamaları Azərbaycanın rəsmi qurumlarının hadisə ilə bağlı bəyanatları ilə ziddiyət təşkil edir.
Rəsmi Bakının sərt və qətiyyətli reaksiyası, həmçinin cənub istiqamətində hava məkanının bağlanması onu göstərir ki, Bakı həm diplomatik, həm də hərbi tədbirlərlə hadisələrin qarşısını almağa hazırdır.
Hücum Naxçıvana yönəldiyinə görə strateji əhəmiyyət daşıyır: bölgədə hərbi əməliyyatların gedişi və İranın təxribatçı addımları Azərbaycan üçün ciddi xəbərdarlıqdır. Reaksiyalardan görünür ki, Azərbaycan yalnız diplomatik yollarla kifayətlənməyəcək, lazım gəldikdə hərbi müdafiə tədbirlərini də genişləndirəcək.
Onu da qeyd edək ki, Azərbaycana dost dövlətlər - Türkiyə, Pakistan, İsrail, TDT üzvü olan ölkələr və s. Azərbaycana dəstək bəyanatları ilə çıxış ediblər.
Turqut