Logo
news content
User
Kateqoriyalar

Analitika

İnzibati xəta törədənləri divara söykəyib, çəkiliş aparmaq qanunidirmi?

Pandemiya dövründə xüsusi karantin rejimini pozmağa görə inzibati qaydada məsuliyyətə cəlb olunan şəxslərin foto və videogörüntüləri ictimailəşdirilir. Məsuliyyətə cəlb edilənlərin divara söykənmiş vəziyyətdə çəkilmiş görüntüləri sosial mediada, xəbər saytlarında, telekanallarda nümayiş etdirilir. Həmin kadrları lentə alıb yayan isə Daxili İşlər Nazirliyidir.

Ötən həftə “Baku Fairmont Hotel”də polis karantin rejimi qaydalarını pozanların məsuliyyətə cəlb edilməsi üçün əməliyyat keçirərkən hovuzdan çıxan, hotelin dəhlizində olan şəxslərin yarıçılpaq vəziyyətdəki görüntüləri sosial mediada xeyli müzakirə mövzusu oldu.

Bakıda kafelərdən birində çalışdığı iddia olunan orta yaşlı qadının karantin rejimi qaydalarının pozulmasına görə digərləri ilə birlikdə divara düzülmüş vəziyyətdə fotosunun çəkilib yayılması da qınandı.

Bir sıra media orqanları hüquqi və etik prinsipləri nəzərə alaraq, o cür foto və videogörüntüləri açıq şəkildə vermir. Kadrlar şəxslərin üzü örtülmüş vəziyyətdə yayımlanır.

Videogörüntülərdə adətən saxlanılan şəxslər əməllərindən peşman olduqlarını, bir daha qanun pozuntularına yol verməyəcəklərini deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, saxlanılan şəxslərin foto və videolarının çəkilməsi onların özlərinin razılığı ilə həyata keçirilir: “Onlar törətdikləri inzibati xətadan peşman olduqlarını səmimi şəkildə etiraf edirlər. Çəkilişin aparıldığını həmin şəxslər də görür. Bu məsələnin həm də maarifləndirmək baxımından əhəmiyyəti var. Heç kəsin şəkli məcburi qaydada və gizli çəkilmir”.

Amma foto və ya videogörüntüsü yayılan şəxslərin bir neçəsi müxtəlif saytlarla əlaqə saxlayaraq, buna etiraz edib, materialların silinməsini tələb ediblər.

İnzibati Xətalar Məcəlləsinin 51.2 maddəsində yazılıb:

“İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları Kütləvi İnformasiya Vasitələrində yayımlana bilməz”.

Hüquqşünas Xalid Ağəliyev “Press Klub”a bildirdi ki, daxili işlər orqanlarının inzibati xətaya yol verdiyi iddia olunan şəxslərin bu vəziyyətdə görüntülərini yayması şəxsi həyata müdaxilədir. Onun sözlərinə görə, şəxsi həyata müdaxilə (şəxsi məlumatların, belə məlumatlar olan sənədlərin, video və fotoların, səs yazılarının yayılması, toplanması) cinayət məsuliyyəti yaradır:

“Cinayət Məcəlləsinin 156.2.1 maddəsində vəzifəli şəxs tərəfindən şəxsi həyatın topxunulmazlığını pozmağa görə iki ilədək azadlığın məhdudlaşdırılması və ya elə o müddətdə həbs cəzası nəzərdə tutulub. Bunu rəsmilərin etməsi daha ağır cəza doğurur. Azərbaycanda insanlar adətən belə məsələləri məhkəmə qaydasında mübahisələndirməyə həvəs göstərmirlər. Nəticədə hüquq-mühafizə orqanları daha sərt şəkildə şəxsi həyata müdaxiləyə davam edirlər. Avropa Məhkəməsi prizmasından da bu, konkret olaydan asılı olaraq, həm şəxsi həyata müdaxilə, hətta təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi dəyərləndirilir”.

Ekspert qeyd etdi ki, belə durumlarlarda medianın da məsuliyyət məsələsi ortaya çıxır. Çünki medianın Daxili İşlər Nazirliyi və ya başqa dövlət orqanlarının təqdim etdiyi kimi məlumat və görüntüləri ictimaiyyətə onların yaydığı formada çatdırması jurnalist etikasına uyğun deyil.

Gülər