Logo
news content
User
Kateqoriyalar

Analitika

Gürcüstan onun ərazisi ilə Ermənistana hərbi yük daşınacağını təkzib edir

Gürcüstan hökuməti ölkə ərazisi vasitəsilə Ermənistana hərbi yüklərin daşınacağı barədə iddialara münasibət bildirib.

Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani bəyan edib ki, Rusiyanın Gürcüstandan keçməklə Ermənistana 300 hərbi avtomobil göndərməyə hazırlaşdığı barədə məlumatlar dezinformasiyadır. Onun sözlərinə görə, bu, bəzi partiyalara yaxın medianın təbliğat məqsədilə istifadə etdiyi yalan informasiyadır. Çikovani deyib ki, Gürcüstanın mövqeyi onun bütün tərəfdaşları üçün aydındır: “Təəssüf ki, bu, KİV-in informasiyaları təhrif edib, özünə sərfəli tərzdə təqdim etməsinə dair ilk hadisə deyil”.

Müşavir bəyan edib ki, Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşdır: “Tbilisinin mövqeyi dönməzdir - Qafqazda sülhün alternativi yoxdur”.

Qeyd edək ki, Rusiya Ermənistandakı hərbi bazalarının rotasiyasını və təchizatını əsasən hava yolu ilə həyata keçirir. Moskva Ermənistana göndərdiyi silah və hərbi texnikanı da daha çox hava yolu ilə daşıyır. Lakin nadir hallarda da olsa, Gürcüstandan quru yolu ilə Ermənistana hərbi yüklər daşındığı barədə məlumatlar yayılır. Gürcüstan hökuməti bu iddiaları hər dəfə təkzib etsə də, “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin Moskva ilə əlaqələri kimsə üçün sirr deyil, hətta onun hələ də “Qazprom”un səhmdarlarından biri olduğu bildirilir.

İvanişvilinin hakimiyyəti dövründə - 2012-ci ildən bəri – Gürcüstan avroatlantik inteqrasiya siyasətini davam etdirməklə paralel, Rusiya ilə siyasi münasibətləri yaxşılaşdırmağa, istisadi tərəfdaşlığı isə inkişaf etdirməyə çalışıb. Ötən müddətdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, Rusiya Azərbaycandan sonra Gürcüstan üçün ikinci böyük ixrac bazarıdır. 2019-cu ildə Azərbaycana 498,7 milyon dollar, Rusiyaya 497,1 milyon dollar həcmində mal ixrac olunub. Rusiya Gürcüstanın idxalında Türkiyə ilə birinci-ikinci yerləri bölüşdürür – ötən il hər iki ölkədən eyni miqdarda - 975,9 milyon dollarlıq idxalat həyata keçirilib. 2020-ci ilin ilk 5 ayında Gürcüstanın ticarət dövriyyəsində Rusiya 2-ci olub. Belə ki, Türkiyə ilə qarşılıqlı ticarət həcmi 561 milyon dollar, Rusiya ilə 494 milyon dollar təşkil edib. Çin üçüncüdür – 443 milyon dollar. Ötən 5 ayda Gürcüstanın ixracında Çin birinci (168 milyon dollar), Azərbaycan ikinci (167 milyon dollar), Rusiya üçüncü olub – 157 milyon dollar. Bundan başqa, Gürcüstanı ziyarət edən turistlərin içərisində rusiyalılar ikincidir.

İvanişvili dövründə Gürcüstan daxili siyasətinə də Rusiyanın təsiri artıb. Səlahiyyət müddəti bu il başa çatacaq parlamentdə rusiyayönümlü millətçi partiya – Vətənpərvərlər İttifaqı da təmsil olunur. Əvvəlcə hərəkat şəklində formalaşan, sonra partiyalaşan ultramillətçi-şovinist “Gürcü Marşı”nın da Rusiya ilə yaxınlığı məlumdur. Bu iki siyasi qüvvə antitürk tezisləri ilə çıxış edir, Azərbaycan və Türkiyənin Gürcüstan üzərində təsirinin artmasına qarşı mübarizə aparırlar. “Gürcü Marşı” Gürcüstandakı türk biznesi əleyhinə vaxtaşırı etirez aksiyalıarı keçirir. Bu yaxınlarda onlar Marneulidə Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbi ilə provokativ aksiya da keçiriblər. Bu tip aksiyalara “Gürcü Arzusu” hökuməti mane olmur, səbəbini iki amillə izah etmək olar: bu qurumların arxasında Rusiyanın dayandığını bildiklərindən, Moskva ilə kövrək əlaqələri pozmamaq naminə onların qarşısını almırlar; Türkiyə və Azərbaycanın artan təsirinə qarşı özləri də bu radikallardan istifadə edirlər.

Payıza doğru seçki kampaniyası vüsət aldıqca, Gürcüstanda siyasi gərginlik də artacaq, bu dövrdə məlum dairələrin yeni təxribatlar törətməsi istisna deyil. Gürcüstanın daxili sabitliyi və bu ölkənin avroatlantik inteqrasiyasının uğurla getməsi Azərbaycanın maraqlarına uyğundur. Çünki bu halda bizim Türkiyəyə və dünyaya çıxış qapımızın təhlükəsizliyi təmin olunur, həm də orada yaşayan soydaşlarımızın hüquq və azadlıqları Avropa azlıq hüquqları standartları ilə təminat altına alınır. Əgər payızdakı seçkilərdə Saakaşvilinin partiyası Vahid Milli Hərəkat və ona yaxın qüvvələr uğur qazanarsa, bu, Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağında yeni canlanmaya səbəb olmaqla, əlaqələrin inkişafına təkan verəcək.

Müəllif: Şahin Cəfərli