Logo
news content
User
Kateqoriyalar

Analitika

Gələcəyə aparan dəmiryolu

Əgər siz yanından sərnişin qatarı keçən bir yerdə yaşayırsınızsa, “Adsız ulduz” romantik filminə baxmağınızı tövsiyə edirəm. Filmdə göstərilən stansiya qəsəbəsində baş verən hadisələr heç kəsi təsirləndirməyə bilməz.

Bütün qəsəbənin sosial həyatı hər gün eyni vaxtda stansiyadan keçən sərnişin qatarına bağlıdır. həmin vaxt sakinlər ən gözəl paltarlarını geyinib vağzala tələsirlər. Gənclər saçlarını darayır, ayaqqabılarını parladır, məktəblilər dərsdən qaçıb qatara, daha doğrusu, qatardakı insanlara baxmağa gəlirlər...

Bəlkə də, bu film mənə ona görə belə dərindən təsir edib ki, uşaqlığım çaysız-hesabsız sərnişin qatarlarının keçdiyi stansiya-qəsəbədə – Mincivanda keçib. Zəngilan rayonunda eyniadlı stansiyanın yanında yerləşən bu şəhər tipli qəsəbənin ürəyi burdan ötən qatarlarla döyünürdü. Demək olar ki, bütün həyatı dəmir yoluna və qatarlara bağlı idi.

Atam qatar rəisi işləyirdi. Amma o, qəsəbəmizin ömrünü qatarlara calamış sakinlərindən yalnız biri idi. Mincivanda kişilərin az qala səksən faizi dəmiryolçu olurdu. Elə qalanlar da əsasən dəmiryolunun hesabına dolanırdı.

Strateji baxımdan mühüm nöqtədə, Şimaldan Cənuba və Qərbdən Şərqə beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır. 140 ildən artıq (1880-2021) tarixi olan Azərbaycan dəmir yolları Beynəlxalq Nəqliyyat qovşağının bir hissəsi də bizim balaca qəsəbəmizdən keçırdi. Uşaqlığımızın Moskvadan Tehrana o “uzaq, əlçatmaz şəhərləri”nin adamlarını gətirib-aparan qatarlar qəsəbəmizdən keçdikcə, biz də bu böyük Yol-un bir parçası kimi hiss edirdik özümüzü.

Təkcə bir Yol-un yox, o vaxt yüz ildən çox yaşı olan Azərbaycan dəmir yollarının, Abşeronda neft bumu ilə başlamış böyük prosesin, uzun tarixin parçası idik sanki...

Birinci Qarabağ Müharibəsı həyatımızın saysız-hesabsız gözəllikləri ilə yanaşı, bu böyük YOL-a da son qoydu, dağıtdı hər şeyi.

1993-cü ilin 23 oktyabrında, axşam saat 23.40 da sonuncu Bakı-Qafan qatarı hərəkətə gəldi. Səhər saat 4.10-da İmişli stansiyasına çatan qatarı ordan o yana buraxmadılar. Çünki Zəngilan Ermənistanın işğalına məruz qalmışdı və qatar artıq şux, abad Mincivana deyil, müharibənin içinə gedirdi.

Həmin gün, regionun şah damarı olan qatar yolu erməni işğalı nəticəsində kəsildi, 240 km-dən çox uzunluğu olan xətt qırıldı. Mehri-Kərçivan sahəsində dəmiryolunda hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edildi, blokadaya düşdü və 27 ildən çoxdur ki, bunun ağırlıqlarını öz üzərində hiss edir.

Amma Birinci Qarabağ Müharibəsinin kəsdiyi damarı İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbənin bərpa edəcəyi günlər uzaqda deyil.

Fevralın 14-də Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfər zamanı Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoydu. “Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış birgə bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi… Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək", – dövlət başçısı bildirdi.

Bu xəbərin mənə necə təsir etdiyini anlamaq, yəqin, çətin deyil. Otuz ilə yaxın bir müddət! Və bu “ayrılıq müddəti” bitəndən sonra, mən yenə uşaqlıqda bir parçası olduğum YOL-un, tarixin zərrəsinə dönürəm…

Tam gücü ilə işləyəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında dəmiryolu daşımalarını, ölkələrin bu daşımalardan əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Məşhur “Həyat” romanının finalında deyildiyi kimi, həyat çox yaxşı olmasa da, çox pis deyilmiş!

Müəllif: Aybəniz İsmayılova,

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması,

Beynəlxalq əlaqələr şöbəsinin müdiri