Logo
news content
User
Kateqoriyalar

Analitika

Fazil Mustafa: “Polisi qaragüruha yem etsək, sabah bunun altından heç kəs çıxa bilməyəcək”

İyunun 8-də, səhər tezdən, Çevik Polis Alayı əməkdaşlarının Bakının Yasamal rayonunda keçirdiyi əməliyyat və bu əməliyyatdan doğan ictimai narazılıq Azərbaycan cəmiyyətini iki yerə bölüb. Bir tərəf polisin ifrat güc tətbiq etməsini qınayır, digər tərəf isə polisi haqlı sayır və zibil atan vətəndaşları günahlandırır. Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu mübahisələrin episentrində olan şəxslərdən biridir. Onun hadisəyə reaksiyası, polemikaya girdiyi bəzi sosial şəbəkə fəallarına çox sərt ifadələrlə cavab verməsi diqqət mərkəzindədir.

F.Mustafa ilə müsahibəmiz bu mövzudadır.

-Sizcə, bu qarşıdurmanın kökü haradadır, hökumət orqanları problemi həll etmək üçün hansı addımları atmalıdır?

-Bu problemə birinci növbədə karantin rejiminin tələblərinə uyğun şəkildə insan haqlarının məhdudlaşdırılması kontekstində yanaşmalıyıq. Hər kəs bu məhdudlaşmaya tabe olmalıdır ki, epidemiya yayılmasın və insanlar bir-birini xəstəliyə yoluxdurmasın. Karantin rejimi qaydaları birbaşa insan hüquqlarının, konstitusin hüquqların məhdudlaşdırılması deməkdir. Başqa ölkələrdə olduğu kimi, Azərbaycan əhalisi də bu məhdudlaşma ilə razılaşmış durumdadır. Yəni danışılmamış bir anlaşma ilə hər kəs sağlamlığın təmin edilməsi üçün dövlətə bu imkanı tanıyıb. Belə bir vəziyyətdə bir qrup insan koronavirus pandemiyasına inanmadıqlarını elan edərək, yaxud da karantin rejiminin tələblərinə tabe olmadığını göstərərək, müstəqil addımlar atıb. Halbuki insanlar bu qaydanın təmin olunmasında səlahiyyətli olan polis orqanına tabe olmalıdırlar, onun çağırışlarına, iradlarına əməl etməlidirlər. Ötən həftənin son iki günündə ölkədə sərt karantin rejimi tətbiq olundu və vətəndaşlara evindən bayıra çıxmamaq tövsiyə olundu. Amma bir qrup insan özünün müəyyən hüquqlarının olduğunu, sərbəst hərəkətə haqqı çatdığını bildirərək polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərmədilər. Əksinə, polisin addımlarına tamamilə qeyri-qanuni formada cavab verildi və onların üzərinə zibil atıldı, polisi təhqir etdilər. Ertəsi gün isə polis nizamlama prosesində özü hüquqları pozdu, vətəndaşı həbs edəndə onu lüt şəkildə evdən küçəyə çıxardı, başqa bir polis əməkdaşı isə xanıma qarşı təhqiramiz ifadələr işlətdi.

Fikrimcə, bu prosesdə hər bir tərəf hüquqi cəhətdən hansı əməli törədibsə, onun əməlinə qiymət verilməsi bu əsasda təmin olunmalıdır. Necə ki, ikisi də təmin olundu. Lakin baş verənləri sosial şəbəkədə xarici xüsusi xidmət orqanlarının agenturasına daxil olan bəzi şəxslər polisə qarşı bir hərəkata çevirdi. Sanki polisin başına zibil atılmalıdır, vətəndaşlar polisdən hansısa bir qisasını almalıdır. Bu hal hakimiyyət boşluğunun yaranmasına gətirib çıxarır. Belə olduqda polis tam biganələşir, heç nəyə qarışmır, heç kimin qəlbinə dəymir, insanlar bir-biri ilə sıx təmasda olmaqla hamını xəstəliyə yoluxdurmağa başlayır. Problemin kökü budur. Ona görə də hazırkı durumu insanlar anlayışla qarşılamalı, vətəndaş polisə kömək etməlidir. Polisin səhvi varsa, bunu qanuni yolla, şikayət əsasında həll etmək olar, amma polisə qarşı kampaniya aparmaq, onlara qarşı xüsusi linç çağırışları etmək və ona zibil atanları dəstəkləmək yolverilməzdir. Bu, ölkəyə xaosa gətirən haldır, ona görə də dövlət orqanları öz tədbirlərini görməlidir.

-Səhər saatlarında polis orqanları onlara zibil atan vətəndaşları çılpaq vəziyyətdə aparmasaydı, ailəsini təhqir etməsəydi və bütövlükdə əməliyyat keçirilməsəydi, nə baş verəcəkdi?

-Polisə zibil atanları aparmamaq məsələsi yoxdur, sadəcə, qanuna uyğun şəkildə aparmaq lazım idi. Hesab edirəm ki, bu məsələ insanların məsuliyyətli davranışı ilə izah olunmalı idi. Yəni, vətəndaşa deyilməlidir ki, sən polisi bu cür sərt tədbirlər görməyə təhrik etməməlisən, əksinə, polisin tələblərinə əməl etməlisən. Əgər polis deyirsə ki, yaşadığın binanı tərk etmək olmaz, demək olmaz! Çünki polis əməkdaşlarına verilən tapşırıq belədir. Əgər vətəndaş yaşadığı binanı tərk edirsə, qısa müddətdə zibil atmağa gedirsə, bunu da mülayim şəkildə, xahiş etməklə yerinə yetirmək olardı. Aqressiya ilə polisə qarşı bu cür münasibətin sərgilənməsi yolverilməzdir. Sabah küçədə hərə bir-birinin üzərinə zibil atarkən polisə müraciət edilsə, deyəcək ki, zibil yaxşı şeydi də, nə olub ki?! Nə var burada?! Polis bu məsələdə vətəndaşı çağırır, amma o getmir. Vətəndaş özü  getməli di polis idarəsinə...

-Amma məlum olur ki, həmin vətəndaş polis şöbəsinə çağırılmayıb...

- Yox e, polis vətəndaşa bildirir ki, idarəyə getməlisən, onu avtomobilə əyləşdirib, aparır ki, müəyyən məsələləri aydınlaşdırsın, nə dərəcədə qanuni və ya qanunsuzdur, bu başqa məsələdir. Sonradan isə polis özü vətəndaşın evinə girməməli idi. Polis heç evə də girməyəcəkdi, çünki konkret şəxsə görə gəlib. Amma çıxışda polisin bu cür qanun pozuntusuna yol verməsi adekvat olaraq cəzlandırıldı. Vəssalam, bunu xüsusi bir müzakirəyə çevirməyin nə mənası var?! Məncə, bu məsələdə hər kəsin sayğılı davranması vacibdir.

-Siz burada polis əməkdaşları tərəfindən hansısa təxribat hərəkətlərinin olduğunu hiss edirsiniz?

- Polis tərəfindən əlbəttə. Hadisəni kimlərsə çəkibsə və bunu paylaşıbsa, açıq-aşkar qanunsuz hərəkətləri gündəmə gətiribsə, deməli, bunun özü də bir təxribatdır. Buna da baxmaq lazımdır ki, həmin videogörüntülər niyə paylaşılıb? Niyə çəkilib? Əgər polis qanunsuzluq törədibsə, özünün törətdiyi qanunsuzluğu necə çəkə bilər?! Deməli, məqsədyönlüdür.

- Amma sanki heç kəs bu məqamın üzərində dayanmaq istəmir, bu məqamın üstünə gedilmir...

- Gedilir. Əksinə, ona baxılandan sonra o faktlara görə müəyyən addımlar atılıb.

- Polis əməkdaşı tərəfindən təhqir olunan xanım mətbuata açıqlamasında polis şöbəsindən ona zəng olunduğunu təsdiqləyib, ancaq üzrxahlıq edilmədiyini deyib.

-Bununla bağlı Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir ki, həmin xanım çağrılıb və ondan üzr istənilib, xanımı təhqir edən polis əməkdaşı işdən azad olunub və barəsində xidməti araşdırmalar başlanıb.

-Belə məlumat yayıldı, ancaq həmin qadın polisin ondan üzr istəməsi barədə yayılan məlumatları təkzib etdi.

- Bunu araşdırmaq lazımdır ki, Daxili İşlər Nazirliyinin açıqlaması doğrudur, yoxsa polis əməkdaşının təhqir etdiyi xanımın söylədikləri. Jurnalistlər bunu da araşdırmalıdır.

-Polisə zibil atanları heç kəs birmənalı şəkildə dəstəkləmir. Təbii ki, onlar qaydaları pozublar, necə deyərlər, lazımsız hərəkətlərə yol veriblər. Ancaq son aylar cəmiyyətdə bir narazılıq dalğası da genişlənməkdədir və Yasamalda baş verənlər həm də bununla əlaqələndirilir. Sizcə, bu, nə dərəcədə həqiqətə yaxındır?

- Son aylar insanların gəlir səviyyəsi xeyli aşağı düşüb, yaşayış müəyyən dərəcədə çətinləşib. Əslində bu, başadüşüləndir, insanlar əsəbidir, psioxoloji problemləri var. Evdə qalmağın özü problemdir, gəlirlər azalıb, iş yerləri bağlanıb. İnsanlar istirahət hüququndan məhrum olublar, havalar da isti keçir. Bunlar başadüşüləndir. Lakin karantin məhdudiyyətləri məcburi tədbirlərdir və bunlar vətəndaşların sağlamlığına yönəldilibsə, nə edilməlidir? Başqa çıxış yolu yoxdur. Karantin rejimi təkcə Azərbaycanda tətbiq olunmur. Belə bir vəziyyətdə bu tədbiri həyata keçirən insanlara qarşı bu cür aqressiya olsa, onların da fəaliyyətini iflic etsələr, onda nə baş verəcək?!

-Cəmiyyətdə aqressiyanın yaranmaması, sosial ədalətin bərqərar olması üçün cavabdeh tərəf, yəni hökumət mümkün olan addımları atırmı? Axı, pandemiya dövründə işini və gəlirlərini itirən vətəndaşlara yönəlik dəstək proqramlarının icrasında da ədalətsizlik müşahidə olunurdu...

- Bəli, belə hallar oldu. Təbii ki, bunlar da cəmiyyətdə aqressiya yaradır. Dövlətin birdəfəlik ödənişlərindən işsiz insanların bir çoxunun yararlana bilməməsi müəyyən problemlər yaratdı. İndi ortaya çıxan problemlər elə-belə deyil, bunların səbəbi var. Pandemiya dövründə insanların işini və gəlirlərini itirməsi də vəziyyətə təsir etdi. Bəli, insanlar müəyyən şeyləri əldə edə bilmədi, bu mənada belə problemlərin ortaya çıxması normaldır, qəbulolunandır. Amma bu, o demək deyil ki, həmin problemləri yaşayan insanın aqressiyası onun təhlükəsizliyini və sağlamlığını qoruyan qüvvələrə yönəlməlidir. Yəni, cəmiyyət onlara güzəştlə yanaşmalıdır, əks halda problem böyüyəcək və çox böyük çətinliklər ortaya çıxacaq, bunun böyük fəsadları olacaq...

- Cəmiyyətdəki narazılıq fonunda iri ranqlı məmurların korrupsiya əməlləri barədə yeni-yeni faktlar ortaya çıxır. Bəzi mütəxəssislər icra başçılarının həbsindən sonra xarici işlər nazirinin və sabiq MTN rəhbərinin xaricdə üzə çıxan bahalı mülkləri ilə polisə etirazlar arasında müəyyən paralellər aparır. Siz bu məsələlər arasında hansısa uyğunluq görürsünüz?

-Bunların hamısı bir-biri ilə əlaqəli məsələlərdir. Burada korrupsiyanın vətəndaşlara təsiri yoxdur, ümumi təsiri məsələsi var. Cəmiyyətdə olan ədalətsizlik, başqa məsələlər öz təsirini göstərir. Amma bütövlükdə bugünkü dövrün, karantin dövrünün öz spesifikası var, burada köhnə problemlər çözülmür, köhnə incikliklər bəhanə olaraq gətirilmir. Burada insanların yaşam məsələsi, sağlam yaşaması məsələsi ortaya çıxır. İndi sağ qalma savaşı gedir və bu savaşda hamı bir-birini linç eləməyə çalışsa, nə baş verəcək? Bunun altından çıxa bilməyəcəyik axı! Bu prosesləri nəzarətsiz buraxsaq, tənzimləməsək və polisi də qaragüruha yem etsək, sabah bunun altından heç kəs çıxa bilməyəcək.

-Siz bu məqamda məsələyə dövlətin dayaqlarının sarsılmaması nöqteyi-nəzərindən yanaşırsınız, amma...

- Əlbəttə, başqa yolumuz yoxdur. Ayrı-ayrı insanların duyğuları ilə məsələ həll oluna bilməz. Mən də duyğularımda çox şeydən narazıyam, mən də istəmərəm ki, camaat evdə qalsın. Əksinə, istəyərəm ki, hamı getsin işinə-gücünə. Amma karantin rejimi məcburiyyətdirsə, buna hamımız tabe olmalıyıq və biz öz nifrətimizi, sıxıntılarımızı küçəyə daşımamalıyıq. Gözləməliyik, bu prosesdən sürətlə çıxmaq istəyiriksə, hamımız  tabe olmalıyıq ki, xəstəliyin miqyası genişlənməsin. Hökumətə imkan vermək lazımdır ki, bu prosesin nəzarətdən çıxmaması üçün fəaliyyət göstərsin.

 

Elxan SALAHOV