Logo
news content
User
Kateqoriyalar

Analitika

Evdən çıxmaq qadağasının yaratdığı problemlər

Paytaxt Bakıda, eləcə də Gəncə, Sumqayıt, Lənkəran kimi böyük şəhərlərdə və Abşeron rayonunda həftə sonu tətbiq olunan sərt karantin rejimi müəyyən kateqoriyadan olan insanları çıxılmaz duruma salıb. Bura tibbi prosedurlar üçün mütəmadi xəstəxanaya gedib-gələnləri, fəaliyyətinə icazə verilən müəssisədə çalışan, amma şəxsi avtomobili olmayan şəxsləri aid etmək olar.

Son iki gündə sosial mediada xüsusən böyrək çatışmazlığından əziyyət çəkən və hemodializ proseduruna gedən xəstələr və onların yaxınlarının müraciətləri yayılıb.

Sumqayıt sakini Vüsal Məmmədov bildirib ki, həm özü, həm də həyat yoldaşı böyrək xəstəsidir. Həftədə üç dəfə hemodializ prosedurundan keçirlər. Bunun üçün yaşadıqları Sumqayıtdan Bakıya – Respublika Klinik Xəstəxanasına gəlirlər. Növbəti prosedurun günü iyunun 6-da idi. Amma gəlməyə nə avtobus, nə də taksi tapıblar. V.Məmmədovun sözlərinə görə, Təcili Tibbi Yardıma, Daxili İşlər Nazirliyinin “102” xidmətinə, Fövqəladə Hallar Nazirliyinin “Qaynar Xətt”inə kömək üçün müraciət edib, amma hamısından “yox” cavabı alıb. Ona görə məcbur olub, həyat yoldaşıyla birlikdə yola çıxıb, Bakıya piyada gəlib.

V.Məmmədov qeyd edib ki, yolda da nə qədər təcili yardım, polis maşınını saxlatdırıblar, amma heç biri yaxın durmayıblar: “Deyirlər ki, bizim ixtiyarımız yoxdur aparmağa. Adamları bu vəziyyətdə qoymaq o deməkdir ki, yıxılıb ölün. Bizim kimi xəstələr vaxtında aparata qoşulmayanda ölümlə üz-üzə qalır. Qadağanı qoyurlar, o biri tərəfini fikirləşmirlər...”

V.Məmmədov onu da əlavə etdi ki, həftəsonu qadağasını eşidən kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məktub yazıb, amma cavab almayıb.

Jurnalist Günay Cəfərova anasının da oxşar vəziyyətlə üzləşdiyini bildirib. Anasının həftədə üç dəfə homodializ prosedurundan keçdiyini deyən G.Cəfərovanın sözlərinə görə, iyunun 6-da növbəti prosedurun günü idi:

“Həftəsonu karantini ilə bağlı qərardan sonra bildirilirdi ki, dializ xəstələri Təcili Tibbi Yardım maşını çağırmaqla gedib-gələ biləcəklər. Səhər zəng elədim, qeydiyyata aldılar. Sonra deyildi ki, koronavirus xəstələrinin çoxluğuna görə təcili yardım maşını gələ bilmir. Taksi yox, avtobus yox, xəstəxana da deyir ki, maşınımız yoxdur...”

G.Səfərova deyib ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov, Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxlayandan sonra polislərin köməyi ilə anasını xəstəxanaya çatdırmaq mümkün olub: “Ümid edirəm ki, gələn həftə qərar veriləndə bu məsələ ciddi olaraq nəzərə alınacaq”.

İctimai fəal Rəbiyyə Məmmədova isə nəqliyyat probleminə görə anasının işə gedə bilməməsindən danışır. Onun sözlərinə görə, anası Mənzil Kommunal Təsərrüfat Birliyində çalışır: “Rəhbərlik edən şəxs zəng edib anamdan niyə işə gəlmədiyini, gəlməli olduğunu dedi. İşə getmək üçünsə nəqliyyat vasitəsi yox idi. İctimai nəqliyyatın işləmədiyi vaxt insanlar işə necə getməlidir? Bu qərarları verən insanlar niyə yarana biləcək problemlərin həllini axtarmırlar?”

Bir qədər sonra MKTB-dən yenidən əlaqə saxlayıb, növbəti gün üçün maşın ayrıldığını, əməkdaşların işə çatdırılacağını bildiriblər.

Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunduğu ilk vaxtlarda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov müalicə məqsədilə bir şəhərdən (rayondan) başqasına getmək məcburiyyətində qalan şəxslərlə bağlı sənəd hazırlandığını söyləmişdi. “Hemofiliya, dializ və digər xəstələr bir rayondan başqa rayona müalicə üçün getməlidirlər. Onların hərəkət rejiminin necə olacağına gəlincə, hazırda bu sənədin üzərində iş gedir”, - İ.Məmmədov bunu hələ aprel ayında demişdi.

Dializə ehtiyacı olan xəstələrin sərt karantin günlərində çıxılmaz vəziyyətə düşməsi barədə sualı cavablandıran Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyir ki, bu kateqoriyadan olan adamlar şəxsi nəqliyyat vasitəsilə xəstəxanaya gedə bilərlər. Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Daxili İşlər Nazirliyinə bu barədə məktub göndərilib. R.Əliyeva onu da əlavə edib ki, Təcili Tibbi Yardım maşınları vasitəsilə dializə aparılan xəstələr də var. Onlar TƏBİB tərəfindən təşkil olunmuş nəqliyyat vasitələrilə evə qaytarılıblar.

Nazim Bəydəmirli: “Operativ Qərargah yarana biləcək problemləri öncədən müəyyənləşdirib, nəzərə almalıydı”

“Loğmed” klinikasının rəhbəri, keçmiş deputat Nazim Bəydəmirli hesab edir ki, karantin rejimi ilə bağlı idarəetmə əvvəldən düzgün qurulmayıb. Bu barədə “Press Klub”a danışan sabiq deputat bildirdi ki, şənbə-bazar günü tam şəkildə evə qapadılan insanların qarşılaşdığı problemlər də bunu ortaya qoydu. N.Bəydəmirli deyir ki, bir sıra müəssisə və təşkilatların, o cümlədən klinikaların sərt karantin günlərində belə, işləməyə icazəsi olub. Ancaq nəqliyyat probleminə görə bir çox işçilər işə gedib çıxa bilməyiblər:

“İctimai nəqliyyatın, taksilərin fəaliyyətinin tam məhdudlaşdırılması xeyli insanı ciddi çətinliklə üz-üzə qoyub, dializ xəstələri və buna bənzər başqa problemlər yaşayan insanların durumunu çətinləşdirib. Azərbaycanda bir çox insanlar var ki, səhiyyə sisteminə, xəstəxanalara güvənmir, ehtiyac olanda ailə həkimləri vasitəsilə evdə müayinəyə üstünlük verirlər. Karantini idarə edənlər, Operativ Qərargah mütləq yarana biləcək problemləri öncədən müəyyənləşdirib, nəzərə almalıydı. İndiki halda, atılan addımlar, o cümlədən ictimai nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması doğru deyildi. Belə çıxır, fəaliyyətinə imkan verilmiş müəssisə və təşkilatların hər birinin xüsusi avtomobili olmalıdır ki, işçilərini daşısın. Məsələn, bizim 50 işçimiz varsa, onların bir hissəsi Bakıda, bir hissəsi Abşeronda, bəziləri də Sumqayıtda yaşayırsa, bunu necə tənzimləməliyik?”

N.Bəydəmirli sosial mediada yayılmış, binaların həyətində, evlərin qarşısında polislərlə vətəndaşlar arasındakı insident videolarına da diqqət çəkdi. Keçmiş deputat düşünür ki, hətta sərt karantin rejimində belə, vətəndaşın evindən müəyyən məsafədə hərəkətinə icazə verilməliydi:

“Vətəndaş həyətə çıxıbsa, 4-5 polisin onu döyüb aparması üzücü haldır. Sərt karantin rejimi tətbiq olunursa belə, vətəndaşın öz evindən müəyyən məsafədə gəzməsinə icazə verilməliydi. Hamının məmurlar kimi imkanı yoxdur ki, cümə günü şəhərdən çıxıb istirahət yerlərinə, bağlara getsin. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının vətəndaşlarla bu cür münasibəti Konstitusiyada yazılan “sosial dövlət” anlayışına ziddir”.

Gülər

Foto AZƏRTAC-a məxsusdur