Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanla Türkiyə arasında “koronavirus diplomatiyası”

Aprelin 10-da old.pressklub.az “Koronavirus Türkiyə ilə Ermənistanı əlaqə yaratmağa məcbur edir?” başlıqlı, ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrinin sızdırdığı məlumatlar əsasında hazırlanmış məqalə dərc etmişdi. Orada prezident Ərdoğanın Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana telefon açdığı, xəstəliyə qarşı kampaniyaya maddi dəstək üçün təşəkkürünü çatdırdığı və Ermənistana humanitar yardım göstərməyə hazır olduğunu söylədiyi bildirilirdi. Yazıda Yerevandan beynəlxalq əlaqələr üzrə ekspertin məsələyə münasibəti də əksini tapmışdı: “Ərdoğanın bu təklifi rədd edilə bilər, qəbul edilə bilər, ya da ona güclü siyasi cavab verilə bilər, lakin heç bir şey söyləməmək – xüsusilə də təklif erməni kilsəsi vasitəsilə alınmışsa – yanlış olar”.

Məqalənin Azərbaycan auditoriyasında doğurduğu böyük marağı nəzərə alaraq mövzunu davam etdirir və oxucuları hadisələrin inkişafı ilə tanış edirik.

Apreilin 12-də Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının mediada belə bir açıqlaması yayıldı: “Ermənistandan dərman tələbi oldu. Cumhurbaşkanımız bunu təsdiqlədi… Son dərəcə insani bir durum. Burada siyasi hesab yapılmaz. Biz bunları təmin etdik, etməyə də davam edəcəyik”.

İbrahim Kalın öz açıqlamasında Ermənistandan daxil olmuş müraciətin detallarından bəhs etməyib və göndərilən dərmanların qonşu ölkəyə bağışlanacağı, yoxsa satılacağı barədə məlumat verməyib.

Aprelin 13-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan iki ölkə arasında əlaqələrə dair Türkiyədən səslənən bəyanatlara cavab verib. O bildirib ki, Ermənistan Ankara ilə yalnız vətəndaşlarının oradan çıxarılması probleminin həllində əməkdaşlıq edib və bu məsələdə həm türklərlə, həm gürcülərlə işbirliyində olub. “Türkiyə tərəfi ilə əməkdaşlıq yalnız bu çərçivədə həyata keçirilib və Ermənistan həmin çərçivədən kənara çıxaraq heç bir yardım istəməyib”, - deyə Naqdalyan Kalının sözlərini təkzib edib.

Bu ziddiyyətli açıqlamalar fonunda Türkiyə ilə Ermənistan arasında yeni gərginlik yaranıb.

Bir neçə gün əvvəl erməni mənbələri koronavirusla mübarizə üçün Çindən bu ölkəyə böyük həcmdə tibbi avadanlıq və qoruyucu vasitə (120 süni nəfəs cihazı, 2 oksiğen stansiyası, 60 min test dəsti, 60 min tibb maskası, 280 min qoruyucu maska, 20 min qoruyucu gözlük, 100 min qoruyucu geyim), habelə dərman preparatları göndərildiyi barədə məlumat vermişdilər. Bildirilirdi ki, yardım qutularının üzərində “Dostluğumuz Ağrı dağından daha yüksək və Yantzı çayından daha uzun olsun” şüarı yazılıb. Demirören Haber Ajansının (DHA) məlumatı Türkiyədə yayması sosial mediada təlatüm törətmiş və Çin hökumətindən rəsmi izahat tələb olunması ilə nəticələnmişdi.

Aprelin 13-də Türkiyənin Xarici İşlər Nazirliyi Çinin Ankara səfirliyindən daxil olmuş ilkin izahatı da açıqladı:

"Böyükelçi Denq Li Ermənistana göndərdikləri yardımların bir yerli özünüidarəetmə orqanı tərəfindən hazırlandığını və bir özəl şirkət tərəfindən Yerevana çatdırıldığını, yerli özünüidarəetmə orqanının qutuların üzərinə sadəcə, çincə ifadələr yazdığını və bunlarda Ağrı dağından bəhs edilmədiyini, Ağrı dağına istinad edən ingiliscə ifadələrin isə sonradan əlavə olunduğunun aşkarlandığını bildirmişdir. Çin böyükelçisi hal-hazırda durumun araşdırılmaqda olduğunu və sonuc barədə tərəfimizə bilgi veriləcəyini söyləmiş və Çinin Türkiyənin suverenliyinə, ərazi bütünlüyünə sayğılı olduğunu ifadə etmişdir".

Bu açıqlamaya da Yerevan geçikmədən öz reaksiyasını verib. Ermənistan XİN Türkiyəni  “hörmətsizlikdə və məsələni siyasiləşdirməkdə” günahlandırıb:

“Təəssüf ki, koronavirusla mübarizə kontekstində Türkiyə tərəfinin bəzi bəyanatları əməkdaşlıq üçün siyasətdən kənar humanitar mühitin formalaşmasına kömək etmir. Ermənistana üçüncü tərəfdən göndərilmiş yardıma, habelə xalqlar dostluğuna və milli simvollara hörmətsiz münasibət və yersiz siyasiləşdirmə təəssüf doğurur”. XİN-nin mətbuat katibi Anna Naqdalyan bəyanata əlavəsində bildirib ki, Türkiyənin Ermənistanı blokadada saxlamaqda davam etdiyi və diplomatik münasibətlərin olmadığı bir şəraitdə iki ölkə arasında işbirliyi qurmaq imkanları xeyli məhduddur və bu, real xoş məram göstərilməsini, arada etibar yaradılmasını tələb edir.

Uğursuzluqla nəticələnmiş “Futbol diplomatiyası”ndan sonra Türkiyə ilə Ermənistan arasında “Koronavirus diplomatiyası” hansısa sonuca gətirə bilərmi?

 Press Klub