Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan Rusiyanın köməyi ilə dron hücumundan müdafiə metodlarını öyrənir

Bu gün Ermənistan-Rusiya Birləşmiş hava hücumundan müdafiə sistemi çərçivəsində təlimlər başlayıb. Məqsəd zərbə və kəşfiyyat dronlarına qarşı mübarizə metodlarının öyrənilməsidir.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib. O bildirib ki, təlimlər zamanı pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinin təkmilləşdirilməsi üçün yeni metodlar işlənəcək. Təlimlərdə Ermənistan və Rusiya zenit-raket komplekslərinin, hücum aviasiyasının, zenit artilleriyasının komanda heyətləri iştirak edir.

Qeyd edək ki, MDB ölkələrinin Birləşmiş hava hücumundan müdafiə sistemi 10 fevral, 1995-ci il tarixində Almatıda 10 üzv ölkə tərəfindən izmalanmış saziş əsasında yaradılıb. Hazırda sistemə Rusiya və Ermənistanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. 2015-сi il dekabrın 23-də isə Moskvada “Rusiya Federasiyası və Ermənistan Respublikası arasında Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında” saziş imzalanıb. Bu saziş 2016-cı ilin dekabrında Dövlət Duması və Federasiya Şurası tərəfindən ratifikasiya olunub və prezident Putin tərəfindən imzalanaraq qüvvəyə minib. 2018-сi ilin aprelində Rusiya və Ermənistan Birləşmiş regional hava hücumundan müdafiə sisteminin güc və vasitələrinin tərkibi barədə razılığa gəlib. İki ölkənin bu sistemin tərkibinə verəcəyi qüvvələrin müəyyənləşdirildiyi sənəd Baş Qərargah rəisləri tərəfindən imzalanıb. Bu çərçivədə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbi hissələri və vasitələri Ermənistan ordusu və HHM qüvvələri ilə əlaqələndirilmiş şəkildə keşik çəkir.

Ermənistan MN sözçüsü təlimlərin qabaqcadan planlaşdırıldığını bildirsə də də, bu tədbirin Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində baş vermiş döyüşlərdən sonraya təsadüf etməsi diqqətdən yayına bilməz. Azərbaycan Silahlı Qüvvələri həm 2016-cı ilin aprel döyüşlərində, həm də ondan miqyasca daha kiçik olan Tovuz tərəfdəki toqquşmalarda zərbə və kəşfiyyat dronlarından effektiv istifadə edib. Xüsusən, 2016-cı ildə Azərbaycan ordusu gözlənilməzlik amilindən də yararlanaraq işğalçı orduya kamikadze dronlarla dəqiq zərbələr endirmişdi. Tovuz döyüşlərində məlum oldu ki, işğalçı ölkə ötən müddətdə bu sahədə geridə qaldığını anlayaraq bəzi tədbirlər görüb. Lakin bu tədbirlər də yetərli olmadığından, onlar hər zaman olduğu kimi, Rusiyanın köməyinə müraciət ediblər.

Azərbaycan üçün məsələnin mənfi tərəfi odur ki, hər lokal toqquşmadan sonra düşmən öz əyər-əskiklərini, müdafiəsindəki boşluqları görür və bunları aradan qaldırmaq üçün müvafiq addımlar atır.

Press Klub