Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənilərə 10 gün möhlət: niyə?

Ermənilərə Kəlbəcəri tərk etmək üçün əlavə 10 gün vaxt verildi. Onlar noyabrın 15-də rayonu tamamilə boşaltmalı idilər və oraya Azərbaycan Ordusunun bölmələri daxil olmalı idi. Lakin Azərbaycan növbəti dəfə humanizm nümunəsi göstərərək Ermənistanın Rusiya vasitəsilə müddətin uzadılması xahişini qəbul etdi. Halbuki 1992-ci ilin aprelində rayon işğal olunarkən onun 60 min əhalisinə evlərini tərk etmək üçün hər hansı müddət tanınmamışdı.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu barədə sualımıza cavabında bildirdi ki, Kəlbəcər rayonunun ərazisi böyükdür:

“Burada Ermənistanın çoxlu sayda hərbi texnikası, hərbi bazası və qeyri-qanuni yerləşdirilmiş erməni ailələri var. Laçın yolunun buraxılış qabiliyyəti onları beş gün ərzində çıxarmağa azlıq edir. Nəzərə alaq ki, bu gün Ermənistan, eyni zamanda, Ağdam və Laçın rayonlarından da qoşunlarını çıxarır. Çox böyük sıxlıq yaranır, ona görə də, onlar Azərbaycandan əlavə on gün vaxt verilməsini xahiş etdilər”.

Deputat hesab edir ki, bu, Ermənistana güzəşt demək deyil.

Milli Məclisin digər üzvü Ceyhun Məmmədov qeyd etdi ki, ermənilər dünyada növbəti dəfə ifşa olundular:

 

“Onlar öz biabırçı əməlləri ilə gülünc vəziyyətə düşdülər. Bir neçə gündür gündəmi ermənilərin Kəlbəcərdən necə çıxmaları ilə bağlı videolar “bəzəyib”. Ermənilər orada vandalizm aktları törədirlər. Əlavə vaxtın verilməsi isə texniki xarakter daşıyır. Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman öz humanistliyini qoruyub”.

28 il öncə azərbaycanlılar öz yurdlarını tələm-tələsik, ayaqyalın, başıaçıq tərk etmək məcburiyyətində qaldılar. Kəlbəcər əhalisi soyuqda, ayazda dağlıq ərazi ilə oradan çox çətinliklə çıxa bildi. Bəlkə də bir az geciksəydilər, növbəti qətliam baş verəcəkdi. Bu gün isə ermənilər rahat-rahat istədikləri şeyləri özləri ilə götürür, apara bilmədiklərinə isə od vururlar. Fərq açıq-aydın göz önündədir. Kimin humanizm, kimin barbarlıq nümayiş etdirdiyi ortadadır.

Ülviyyə Şahin