Logo
news content
User
Kateqoriyalar

Analitika

Əli Məsimli: “Sahibkarlığa dəstək üçün nəzərdə tutulan məbləğ çox azdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini qismən yumşaltdı. SMS-icazə ləğv olundu və çimərliklərdən istifadəyə şərait yaradılacağı açıqlandı. Lakin digər qadağalar olduğu kimi qaldı. İri ticarət mərkəzləri, kafe-restoranlar, digər iaşə obyektləri, idman zalları bağlı qalacaq. Toy və yas mərasimlərinə qadağalar da davam edəcək.

Bu qərar ictimaiyyəti məmnun etməyib. Mövzu ətrafında Milli Məclisin deputatı Əli Məsimli ilə söhbət etdik.

-Karantin rejiminin uzadılması ağırlaşan sosial durumu daha da gərginləşdirməyəcəkmi?

-Koronaviris pandemiyası tibbi məsələ olmaqla yanaşı, həm də çox ciddi iqtisadi, sosial, psixoloji və s. problemlər yaradıb. Karantin rejimi uzandıqca, təbii ki, həm iqtisadiyyata, həm əhalinin güzəranına, həm də insanların psixikasına mənfi təsir edir. Ona görə də, karantin rejiminin uzadılması ilə əlaqədar olaraq əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm də biznesin çökməsinin qarşısının alınması, işsiz və digər aztəminatlı kateqoriyaya aid insanlara dövlət dəstəyinin verilməsi istiqamətində işlər davam etdirilməlidir.

-Dövlət sahibkarlara işçiləri işdən çıxarmamağı məsləhət görür. Sahibkarlara da ciddi bir dövət dəstəyi yoxdur. Nəticədə sahibkar da işçisinə maaş vera bilmir. İşçi həm maaşından olur, həm də adı rəsmi iş yerində getdiyi üçün 190 manat yardımdan istifadə edə bilmir. Bu kimi problemlər həddən artıq çoxdur. Sizcə, nə etmək lazımdır?

-Sərt karantin rejimi şəraitində sahibkarlıq strukturlarına yalnız aprel ayında 98 milyon manat verilib, kiçik sahibkarlar isə aprel-may aylarında normal kompensasiya alıblar və bu məqsədlə indiyədək 64 milyon manat xərclənib. Belə şəraitdə dövlət dəstəyi yetərincə olmadığından, bir sıra sahibkarıq subyekləri artıq 3 aydır ki, işçilərinə əməkhaqqı vermir. Əməkhaqqı almayan bu cür xeyli işçi əslində işsizlər ordusuna qoşulub, amma bundan heç kimin xəbəri yoxdur və heç yerdə onlar uçota alınmır. Yeni iqtisadi paketdə bu şəxslərin də dəqiq uçotu aparılmalıdır. Hesab edirik ki, sahibkarlığa dəstək üçün nəzərdə tutulan məbləğ sahibkarlığın düşdüyü ağır durumla müqayisədə çox azdır. Eyni zamanda, sahibkarlara dəstək aprel-may ayları ilə məhdudlaşdırılmamalı və növbəti aylar üçün də verilməlidir. Bununla yanaşı, hesab edirik ki, əgər sərt karantin rejimi ilə “evdəqal prinsipi” tətbiq olunmağa davam edirsə, belə şaraitdə imkansız vəziyyətə düşən insanlara iyul və avqust ayları üçün də 190 manatın verilməsi davam etdirilməlidir. Eyni zamanda, heç bir səbəb olmadan aprel ayından sonra növbəti aylarda 190 manat almağa hüququ çatsa da, bunu ala bilməyən insanların məsələsinə yenidən baxılıb, onlar kompensasiya ilə təmin olunmalıdır. 190 manat hesablarına köçürülsə də, həmin pulu vaxtında çıxarmayan insanların da kartının blokdan açılmasını zəruri hesab edirik.

-Olmazdımı ki, karantin ləğv edilsin və bütün tələblərə əməl etmək insanların öz öhdəsinə buraxılsın? Yəni insan bütün hüquq və azadlıqlarından istifadə etsin, lakin qoyulan tələblər çərçivəsində...

-Azərbaycanda martın 24-dən tətbiq olunan karantin rejimi aprelin 27-dən yumşaldılmağa başladılıb. Mayın 4-dən bu rejim bir qədər də yumşaldılsa da, daha sonra iyun ayından etibarən ölkədə sərt karantin rejimi tətbiq olunub. Tətbiq olunan sərt karantin rejimindən sonra həyata keçirilən yumşalmalar göstərdi ki, maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək kimi sadə prinsiplərə əməl edilmədikdə virusa yoluxanların sayı kəskin surətdə artır və nəticədə daha çox insan bu xəstəlikdən tələf olur. Ona görə də qərara gəlinib ki, yumşalma tədricən olsun. Hesab edirik ki, maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək sahəsində sərtləşməyə getməklə yaxın vaxtlarda yumşalmanın dairəsini bir qədər də genişləndirmək lazımdır. Amma yenə də  beynəlxalq təcrübədən çıxış edərək təkrar edirik ki, maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl edilməsi sərtləşdirilməlidir ki, gözlənilən effekti ala bilək....

-SMS-icazəni ləğv edib, iş yerlərini açmamaq düzgündürmü? Həmçinin, çimərlikləri açıb, həftə sonları ictimai nəqliyyatı dayandırmaq qərarı necə?..

-Karantin rejiminin yumşaldılmasını təkcə çimərliklərin açılması ilə məhdudlaşdırmaq yetərli deyil. Bayaq qeyd etdiyimiz kimi, beynəlxalq təcrübədən çıxış edərək maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl edilməsi sərti ilə bir sıra fəaliyyət sahələri üzrə iş yerlərinin fəaliyyətini bərpa etmək daha məqbul variantdır. Bu məsələdə öz təcrübəmizin təhlili ilə yanaşı, pandemiyanın göstəriciləri bizə yaxın səviyyədə olan bir çox ölkələrin təcrübəsini öyrənib, yaradıcılıqla tətbiq etmək olar.

-Karantin qaydalarını tətbiq etməklə insanların bir sıra hüquq və azadlıqları əllərindən alınmış olmurmu?

-Koronavirusla mübarizə tədbirləri və onun ən çox məhdudlaşdırıcı tərkib hissəsi olan karantin rejimi müxtəlif sərtliklərlə, müxtəlif səviyyəli cərimələrlə dünyanın əksər ölkələrində bir-birinə yaxın prinsiplər üzrə tətbiq olunur. Bu məsələdə insanın həyat və sağlamlığının qorunması prioritet təşkil edir. Hələlik koronavirusla mübarizədə az-çox effekt verən üsul təcrid üsuludur. Heç kəs bunu istəmir, amma ən böyük nemət olan insan həyatını və sağlamlığını qorumaq üçün zorən buna gedilir. Amma “evdəqal prinsipi” tətbiq edilirsə, işsizlərə, əhalinin aztəminatlı təbəqəsinə mütləq yardım edilməlidir ki, fizioloji cəhətdən mövcudluğunu saxlaya bilsin. İstehsal qapadılırsa, orada çalışanlara dövlət dəstəyi olmalıdır və sair. Yəni, vətəndaşın təcrid məsələsi imkansızlara dövlət dəstəyi ilə tamamlanmalıdır.

Ülviyyə Şahin