Logo
news content
User
Kateqoriyalar

Analitika

Eldar Həsənov barəsində həbs qərarı verildi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov avqustun 14-də məhkəmə qarşısına çıxarılıb. Səbail rayon Məhkəməsində onun haqqında həbs qərarı verilib.

Məhkəmə E.Həsənovun istintaq dövründə həbsdə saxlanması barədə istintaq orqanının vəsatətini təmin edib. Onun barəsində ilkin istintaq dövrü üçün noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib.

E.Həsənov məhkəməyə DTX əməkdaşlarının müşayiəti ilə gətirilib. Ona qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.

“Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”, - deyə DTX-nın açıqlamasında bildirilir.

E.Həsənovun hüquqlarını müdafiə edən vəkil Adil İsmayılov “Press Klub”a deyib ki, müvəkkili özünü təqsirli bilmir. Onun haqqında həbs qərarından apellyasiya şikayəti veriləcək: “İttihamla razılaşmır. Mediaya əlavə məlumat verilməsini istəmir. Hesab edir ki, haqq-ədalət yerini tapacaq”.

Qeyd edək ki, E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il  Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə - 1995-ci il martın 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.

Gülər