Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünyanın gözü bu görüşdə!

İyunun 16-da Cenevrədə ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında ilk görüş keçiriləcək. G-7 və NATO sammitlərindən sonra bu görüş dünya mediasının diqqətdə saxladığı 1 saylı mövzudur. 

The Washington Post” qəzeti yazır ki, keçmiş prezident Donald Tramp Putinlə münasibətlərdə yanlış davranıb, onun avtokratik idarəçilik üsuluna pərəstiş edib, ölkədaxili repressiyalarına isə göz yumub. Bu da yeni problemlərin meydana çıxmasına şərait yaradıb. 

Foreign Affairs” dərgisi isə redaksiya məqaləsində qeyd edir ki, Putin bu sammiti iki bərabər gücün görüşü kimi təqdim etməyə çalışacaq: 

“Putin istəyəcək ki, Rusiyanın fövqəldövlət olduğunu göstərsin. İqtisadiiyyatı sürətlə pisləşən ölkənin avtokrat lideri kimi Putin beynəlxalq münaqişələrin nəzarətsiz formada kəskinləşməsinə yol verə bilməz, xüsusən də Amerika ilə. Putin problemlərin həlli üçün lazımi vasitələrə ehtiyac duyur. Baydenlə işgüzar münasibət iqtisadi cəhətdən ona qara qəpik də gətirməyəcək, lakın Rusiyanın daxili siyasətinin yırtılmış dekorasiyasını yamamaq üçün bu, ona geosiyasi məkanda nəfəs almağa imkan verəcək. Cenevrədə çox az şeyin həlli mümkündür. Altı ildir ki, Krım işğal altındadır, Ukraynanın şərqi isə daha bir donmuş münaqişə zonasıdır. Donbasdakı münaqişə ilə əlaqədar Almaniya, Fransa, Rusiya və Ukrayna arasında bağlanmış diplomatik müqavilə doğru-düzgün yerinə yetirilmir. Belarusu diktator Aleksandr Lukaşenko idarə edir və onun rejimi ya ölkəni Şimali Koreya kimi təcrid halına salacaq, ya da ki, bu ölkə proseslərin gedişində dağılacaq. Moskva isə Belarusu öz yedəyində saxlamaq istəyir. Suriya və onun ətrafında Amerika və Rusiya hərbçiləri bir-birilərinə çox yaxın məsafələrdə dayanıblar və oradakı məqsədləri tamamilə fərqlidir".

Bayden-Putin görüşünü "Press Klub"a şərh edən siyasi təhlilçi Rauf Mirqədirov bildirdi ki, böyük gözləntiləri yoxdur, çünki ABŞ-Rusiya münasibətləri hədsiz dərəcədə aşağı səviyyədədir:

"Bir çox politoloqlar və ekspertlər hesab edirlər ki, "soyuq müharibə” dövründən sonra Vaşinqton-Moskva əlaqələri ən pis həddə enib".

R. Mirqədirov xatırladır ki, hətta “soyuq müharibə” dövründə səfirlər geri çağırılmamışdı:

"Belə demək mümkündür ki, iki ölkə arasında baş verən gərginlik hazırda elə “soyuq müharibə”ni xatırladır. İndiki dövrdə vəziyyətin yaxşılaşdırılması imkanları sıfıra bərabərdir. Çünki Rusiya hökuməti bu görüş ərəfsində ABŞ diplomatlarının Rusiya ərazisində sərbəst hərəkətini məhdudlaşdırdı. Bunu görüşdən əvvəl Vaşinqtona təzyiq kimi qiymətləndirmək lazımdır. Putin yaxşı bilir ki, hədsiz iradlarla üzləşəcək, ona görə də bu iradları qabaqlamaq üçün preventiv addımlar atır. Bununla Baydenlə müzakirələrdə güc mövqeyindən çıxış edəcəyini ortaya qoyur". 

Görüşdə müzakirə olunacaq əsas mövzular nələr olacaq? 

Bu suala cavabında şərhçi qeyd etdi ki, ilk növbədə qlobal stabillik məsələləri gündəmə gələcək: 

"Yəni nüvə və başqa kütləvi qırğın silahlarının məhdudlaşdırılmasından söhbət gedir. Eyni zamanda, ABŞ-Rusiya münasibətləri pis olsa da, onun proqnozlaşdırılan məcraya qaytarılması vacibdir. Heç olmasa, diplomatik müharibəyə son qoyulmalıdır". 

Ekspert hesab edir ki, postsovet məkanında gedən proseslər də əsas mövzulardan biri olacaq: 

"Söhbət Ukrayna münaqişəsindən, Gürcüstan və Moldova ətrafındakı proseslərdən gedir. Bu ölkələrdə Qərbin mövqeyi kifayət qədər güclüdür və ciddi maraqları var. Rusiya bütövlükdə bu regionu özünün maraq dairəsi hesab edir. Görüş ərəfəsində Putinin kəskin çıxışı oldu və o postsovet ölkələrinin NATO-ya inteqrasiyasının yolverilməz olduğunu bildiridi. Rusiya prezidenti bəyan etdi ki, xüsusilə Ukraynanın NATO-ya qəbul edilməsi Moskva üçün qeyri-məqbuldur və bu, Rusiyanın təhlükəsizliyini ciddi şəkildə zərbə altında qoyur. Bundan başqa, Putin öz maraqlarını təmin etmək üçün güc amilindən istifadə edəcəyini anons edib. Beləliklə, iki ölkə arasında problemlər həddindən artıq çoxdur, onların bir və ya bir neçə görüşlə aradan qaldırılması qeyri-mümkündür. Bununla belə, prezidentlər səviyyəsində təmasın olması müsbətdir".

R. Mirqədirov Qərbin Azərbaycanı, Ermənistanı, Orta Asiyanı Rusiyanın maraq dairəsi kimi tanıdığını düşünmür:

"Bu regionlarda geosiyasi yarış gedir. Müxtəlif vaxtlarda bir tərəfin digərini üstələdiyi rəqabət görürük. Düşünürəm ki, Bayden-Putin görüşündə bu mövzulara toxunulacaq, amma əsas diqqət mərkəzində olacağı inandırıcı deyil. Çünki Rusiyanın güclü olduğu bu regionlarda Qərbin, ABŞ-ın vəziyyətə təsir etmək imkanları o qədər də güclü deyil". 

Beləliklə, təhlilçi hesab edir ki, bu görüşdən qeyri-adi nəticələr gözləməyə dəyməz: 

"Baydenin fəaliyyətində kifayət qədər məhdudiyyətlər var. Unutmayaq ki, Bayden anti-Putin təbliğatı ilə hakimiyyətə gəlib. Hazırda ABŞ Konqresinin böyük əksəriyyəti anti-Rusiya ovqatında olan şəxslərdən ibarətdir. Belə bir vəziyyətdə Bayden kəskin dönüşlər edə bilmir. Eyni sözləri Putin haqqında da demək olar. Bilirsiz ki, payızda Rusiya Dövlət Dumasına seçkilər olacaq və seçkilər ərəfəsində anti-Qərb ritorikası güclənib. Qərb tərəfindən dəstəklənən siyasi qüvvələrin fəaliyyəti məhdudlaşdırılıb və beləliklə, demokratiya, insan haqları məsələsi Qərb-Rusiya münasibətlərində ciddi problemə çevrilib. Seçkilər ərəfəsində Rusiya anti-Qərb siyasətindən imtina edə bilməz. Eyni zamanda, Putin postosvet məkanındakı təcavüzkar siyasətindən də imtina edə bilməz. Çünki onun bütün karyerası və siyasi imici imperiyanın bərpası üzərində qurulub. Bunun sayəsində özünə elektoral dəstəyi təmin edir. Bütün bu şərtləri nəzərə alaraq, görüşdən ciddi nəticələr gözləmirəm".

Turqut