Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünyanın gözlədiyi görüş

Müəllif: Şahin Cəfərli

Martın 5-də Putin və Ərdoğan Moskvada İdlib böhranı ilə bağlı müzakirə aparacaqlar. Bu önəmli görüş öncəsi həm cəbhədə, həm də syasi kulislərdə yaşananlara diqqət etmək vacibdir, çünki bunların görüşün nəticələrinə birbaşa təsiri var.

Fevralın 27-də İdlib vilayəti ərazisində 36 türk əsgərinin həlak olmasından sonra Türkiyə Silahlı Qüvvələri Suriya ordusuna və onların tərəfində döyüşən qüvvələrə ağır zərbələr endirməyə başlayıb. Türkiyə hərbi aviasiyası Suriya hava məkanına daxil ola bilmədiyi üçün əməliyyatlarda dronlar mühüm rol oynayır, məhz onların dəqiq zərbələri nəticəsində Bəşər Əsədin ordusu ağır itkilərə məruz qalıb. Yüzlərlə rejim əsgəri ölüb, çoxlu sayda hərbi texnika sıradan çıxarılıb, İranın göndərdiyi silahlı qruplar da ciddi itkilər verib. Türkiyənin F-16-ları Suriyaya daxil ola bilməsələr də, sərhəd xəttindən qarşı tərəfdəki hədəflərə raket buraxa bilir, artıq Suriyaya məxsus 3 hərbi təyyarə (2 ədəd Su-24 və 1 ədəd L-39) və bir neçə helikopter vurulub. Hərbi ekspertlər Türkiyənin eyni anda çoxlu sayda dronla hücum əməliyyatları həyata keçirməsini hərb sənətində yenilik adlandırırlar və bu təcrübənin digər ölkələrin hərbi strateqləri üçün örnək təşkil edəcəyini bildirirlər.

Bütün bunlar öz yerində... Amma məsələ burasındadır ki, türk ordusunun bu uğurları hərbi əməliyyatlar teatrında real dəyişikliyə səbəb olmayıb. “Əsədçilər” böyük itkilərə məruz qalmalarına baxmayaraq, hələ də hücum etmək qabiliyyətini itirməyiblər. Şübhəsiz ki, Rusiya aviasiyasının hava dəstəyi və İranın göndərdiyi on minlərlə könüllünün və “hizbullahçı”nın iştirakı olmasa, “Suriya ordusu” adlanan qurum nəyəsə nail ola bilməzdi, çünki bu ordu hələ müharibənin əvvəlindən parçalanıb və dezorqanizasiya vəziyyətindədir. Məhz bu dəstəyin hesabına martın 2-də onlar İdlibdə strateji baxımdan çox əhəmiyyətli məntəqəni – M5 (Hələb-Şam) və M4 (Hələb-Latakiya) magistrallarının kəsişməsində yerləşən Sarakib şəhərini (daha doğrusu, xarabalıqlarını) Türkiyənin dəstəklədiyi qüvvələrdən geri ala bildilər. Elə həmin günün axşamı Rusiya komandanlığı bu məntəqənin yenidən müxaliflərin əlinə keçməsi perspektivini aradan qaldırmağa yönəlmiş həmlə edərək oraya öz hərbi polis qüvvələrini yeritdi. Müxaliflərin işini çətinləşdirən amil budur ki, Türkiyə zərbə dronları, artilleriyası və reaktiv atəş sistemləri fəal işləsələr də, Türkiyənin quru qoşunları bilavasitə hərbi əməliyyatlarda iştirak etmir, aviasiya dəstəyi də yoxdur. Nəticədə dağınıq müxalif və radikal qruplaşmalar Rusiyanın havadan, İranın yerdən fəal iştirakı ilə döyüşən “əsədçilər”in qarşısını almaqda çətinlik çəkir.

Bir sözlə, Moskva səfəri öncəsi savaş meydanındakı vəziyyət, uğurlu əməliyyatlara rəğmən, heç də Ərdoğanın əlini gücləndirəcək səviyyədə deyil. Putin də məhz elə buna çalışırdı: əvvəla, son günlər Rusiyadan Suriyaya dəniz və hava yolu ilə əlavə qüvvələr göndərilib. “Kalibr” qanadlı raketləri ilə təchiz olunmuş “Admiral Qriqoroviç” və “Admiral Makarov” freqatları (hər iki admiral Osmanlıya qarşı müharibələrin içtirakçısı olub), “Novoçerkassk” böyük desant gəmisi Türkiyə boğazlarından keçməklə Suriya sahillərinə yollanıb. Hmeymim aviabazasına isə ötən günlərdə 8 ədəd “İl-76” hərbi-nəqliyyat təyyarəsi enib. Bu gəmilər və nəqliyyat təyyarələri Suriyaya radioelektron mübarizə və hava hücumundan müdafiə sistemləri, eləcə də canlı qüvvə daşıyıb. Aydındır ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasını gücləndirməsi və artırması Türkiyədən təhdid hiss etməsi ilə əlaqədardır və Ankaranı çəkindirməyə yönəlib. Putinin sonuncu müsahibəsindəki sözləri Moskvanın hərbi siyasətinin rezümesi adlandırmaq olar: “Biz heç kimlə müharibə aparmaq istəmirik, amma elə etməyə çalışırıq ki, kimsə bizimlə müharibəyə cəsarət etməsin.”

Görüş öncəsi Moskvanın rəsmi ritorikasında Türkiyəyə yönəlmiş ittihamların və Rusiyanın dövlət mediasında Türkiyə əleyhinə təbliğatın dozasının yüksəlməsi də diqqəti cəlb edir. Məsələn, Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov Türkiyənin İdlibdə terrorçularla bərabər hərəkət etdiyini söyləyərək bildirib ki, Soçi razılaşmalarından (2018-ci ilin sentyabrı) sonrakı ilyarımlıq müddətdə türk ordusunun İdlibdəki müşahidə məntəqələrinin terrorçuların müdafiə mövqeləri (ukreprayon) ilə birləşməsi baş verib. General qeyd edib ki, Türkiyə İdlib deeskalasiya zonasından terrorçuları 15-20 km uzaqlaşdırmaq və həmin ərazidən ağır silahları çıxarmaq barədə öhdəlik götürmüşdü, lakin bunun əvəzində terror təşkilatları müxalifləri şimala, Türkiyə sərhədlərinə doğru sıxışdırıb. İ.Konaşenkov Türkiyənin İdlibə əlavə hərbi kontingent göndərməsinin beynəlxalq hüquqa zidd olduğunu da iddia edib. Martın 3-də isə Rusiya XİN-in sosial mediadakı rəsmi səhifələrində San-Stefano sülh müqaviləsinin ildönümü ilə əlaqədar paylaşımlar edilib. San-Stefano müqaviləsi 1878-ci ildə Osmanlı və Rusiya imperiyaları arasındakı müharibəyə son qoyan, türklər üçün təslimçi və alçaldıcı bir anlaşmadır. Rus ordusu o zaman İstanbulun hazırda Yeşilköy adlanan səmtinə (keçmiş Atatürk hava limanının olduğu ərazi, Bakırköy rayonu) qədər gəlmişdi. Bu paylaşımın təsadüf olmadığı aydındır, Putin hökumətinin bəzən simvollarla, örtülü mesajlarla danışmağı sevdiyini ötən yazımızda qeyd etmişdik. Bəyanat və mesajlar, eləcə də savaş meydanında atılan son addımlar şübhəsiz ki, Türkiyə tərəfinə ünvanlanıb.

Putin həm görüşdən əvvəl öz əlini gücləndirir, həm də mövqeyini, Türkiyənin siyasətindəki hansı məqamlardan narahat və narazı olduğunu Ərdoğana qabaqcadan çatdırır ki, türkiyəli həmkarı Moskvaya müvafiq hazırlıqla – bu suallara konkret cavablarla gəlsin. Ərdoğanın mövqeyi isə budur ki, Soçi sazişini pozan tərəf Əsəd rejimidir. Türkiyə prezidenti ultimatum vermişdi ki, Əsəd qüvvələri fevralın sonuna qədər Soçi anlaşmasında nəzərdə tutulan sərhədlərə doğru geri çəkilsin, əks təqdirdə, Türkiyə bu vəzifəni özü icra edəcək. Ultimatumun vaxtı bitdi, ancaq türk ordusundan sarsıdıcı zərbələr almasına baxmayaraq, görünən budur ki, Əsədin (əslində Rusiya və İranın) geri çəkilmək niyyəti yoxdur. Bu səbəbdən Türkiyə prezidenti Moskva və Tehrana üzünü tutaraq çağırış edib ki, “bizim sizinlə problemimiz yoxdur, aradan çəkilin və özümüz Əsədlə haqq-hesab çəkək.” Amma Rusiya və İranın niyə Suriyada olduğunu, onların hansı geosiyasi maraqlar güddüyünü Ankarada bilməmiş deyillər: bu qədər həngamədən, böyük pullar xərclədikdən, Qərbin sanksiyalarına məruz qaldıqdan, itkilər verdikdən sonra onlar geri çəkilərmi? Özü də qələbəyə çox yaxın olduqları bir mərhələdə... Amerika qoruması altındakı kürdlərin nəzarət etdiyi ərazilər istisna olmaqla, təkcə İdlib qalıb. Bu vilayətin də Əsəd tərəfindən geri alınması onun və dəstəkçilərinin qələbəsi demək olacaq, Türkiyə isə yeni qaçqın dalğası və Suriyanın digər zonalarından da öz ordusunu çıxarmaq tələbi ilə üzləşəcək. Məhz bu aqibətdən qaçmaq üçün prezident Ərdoğan ciddi müqavimət göstərir və öz qətiyyətini Rusiya başda olmaqla, bütün dünyaya nümayiş etdirir.

Hazırkı durum göstərir ki, Putinin ciddi güzəştlərə getmək niyyəti yoxdur, Ərdoğanın isə geriyə yolu qalmayıb. Bununla yanaşı, tərəflər münasibətləri qırmaq və proksi savaşdan real müharibə vəziyyətinə keçmək də istəmirlər. Putinin sözçüsü Peskov iki ölkə hərbçilərinin qarşı-qarşıya gəlmə riskindən bəhs edərək buna yol verilməməsinin zəruriliyini vurğulayıb. Bu cür mövqe ümid verir ki, Moskva görüşü tam nəticəsiz bitməyəcək. Ola bilsin ki, hansısa şərtlərlə atəşkəs anlaşması əldə olunsun. Prezidentlərin öz ekspertlərinə iflasa uğramış Soçi sazişini əvəz edəcək yeni bir anlaşma mətni hazırlamağı tapşırması uğurlu nəticə olardı. Amma Peskov onu da söyləməyi unutmayıb ki, danışıqlar çox çətin keçəcək. İndiki mərhələdə hər iki tərəfə lazım olan budur ki, öz simasını qorusun və məğlubiyyət kimi qiymətləndirilməyəcək bir uzlaşma tapılsın.