Logo
news content
User
Kateqoriyalar

Analitika

Cərimələrin artırılması effekt verəcəkmi?

Azərbaycanda karantin rejimini pozmağa görə cərimələrin məbləği ikiqat artırılıb. İyunun 29-da Milli Məclis bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati Xətalar Məcəllənin 211-ci maddəsində cəzalar nəzərdə tutulub. İndiyədək bu əmələ görə fiziki şəxslər 100 manatdan 200 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbslə cəzalandırılırdı. Hüquqi şəxslər isə bu əmələ görə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilirdi.

Dəyişiklikdən sonra həbsin müddəti dəyişməz qalsa da, cərimələr fiziki şəxslər üçün 200 manatdan 400 manata, vəzifəli şəxslər üçün 3000 manatdan 4000 manata, hüquqi şəxslər üçün 4000 min manatdan 10 min manata qədər müəyyənləşdirilib.

Maska taxmayanların cəriməsi də ikiqat artırılıb. Əvvəl buna görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat cərimələnirdi. Hüquqi şəxslər üçün isə cərimənin məbləği 200 manat idi. Bundan sonra maska ilə bağlı qaydanın pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat cərimələnəcək.

Bu əməlin bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər üçün 200 manat, vəzifəli şəxslər üçün 400 manat məbləğində, hüquqi şəxslər üçün 800 manat cərimə müəyyənləşdirilib.

Cərimələrin artırılmasıyla bağlı müzakirələr zamanı deputatlar bildiriblər ki, bu dəyişikliklərin məqsədi insanların karantin rejimi qaydalarına əməl etməsidir. Yəni cərimə məbləğlərinin böyüklüyü onları qayda pozuntusundan çəkindirə bilər. Doğrudan da, müşahidələr göstərir ki, vətəndaşların bir qismi vəziyyətin ciddiliyini qəbul etmir. Qoruyucu vasitələrdən istifadə etməyən və yaxud maskanı çənəsində saxlayan insanların sayı az deyil. Virusun mövcudluğuna ümumiyyətlə, inanmayanlar da var. Belələri təkcə özlərini yox, digərlərini də təhlükəyə atır və virusun yayılmasına rəvac verirlər.

Bəs, cərimələri artırmaq çıxış yoludurmu? Bir sıra ekspertlər, hüquqşünaslar indiyə qədərki təcrübələrə əsaslanaraq, bu üsulun effektiv olacağına şübhə edir.

Vəkil: “Əvvəl Azərbaycanda xüsusilə ağır cinayətlərə görə cəza maksimum 15 ilə qədər azadlıqdan məhrumetmə idi. Bu müddət 20 ilə qədər artırılsa da, cinayətlərin sayında azalma müşahidə olunmadı”

Vəkil Hafiz Həsənov “Press Klub”a bildirdi ki, virusa qarşı mübarizədə inzibati metodlardansa, maarifləndirməyə, insanların etimad göstərdiyi simalar vasitəsilə onları inandırmağa üstünlük verilməlidir. Vəkilin sözlərinə görə, əhalinin sosial-iqtisadi durumuna nisbətdə heç bundan əvvəl də cərimələrin məbləği az deyildi:

“Cərimələrlə insanları nələrəsə məcbur etmək çətin mümkün olsun. Daha səmərəli metodlarla insanları maarifləndirmək, etimad göstərdikləri şəxslər vasitəsilə inandırmaq lazımdır. Hesab edirəm ki, indiki halda cərimələrin ikiqat artırılması virusun qarşısının alınması məqsədinə xidmət etməyəcək, vəziyyətdə əsaslı dönüş yaratmayacaq. Əgər adamlar telekanallarda bir verilişdə 6-7 nəfərin maskasız, aralarında yetərincə məsafə olmadan toplaşıb danışdığını görürsə, artıq düşünür ki, yəqin bu, ancaq elə sadə camaata hesablanıb. Yaxud elə o qanunların qəbul olunduğu Milli Məclisdəki iclaslardan görüntülərdə deputatları maskasız görən adamları necə inandırmaq olar? Parlamentin komitələrinin iclasları keçirilən otaqlar da, telekanallar da, dövlət orqanlarının kabinetləri də qapalı məkanlardır. Amma o məkanlardan verilən reportajlarda insanlar təbliğ olunanın əksini görür”.

H.Həsənov qeyd etdi ki, insanları məsuliyyətsizlikdə ittiham edib, bütün günahı sadə vətəndaşlara yükləmək doğru deyil. Onun fikrincə, hökumətin ayrı-ayrı strukturları da üzərinə düşənlərin öhdəsindən gəlmir. Nəticə olmayanda da günahı vətəndaşlarda axtarırlar.

Cəzaların sərtləşdirilməsinin effektiv olmasına nümunə olaraq, vəkil bir neçə il öncə xüsusilə ağır cinayətlərə görə həbs müddətlərinin artırılmasını yada salır. Əvvəl Azərbaycanda xüsusilə ağır cinayətlərə görə cəza maksimum 15 ilə qədər azadlıqdan məhrumetmə idi. Bu müddət 20 ilə qədər artırılsa da, törədilən cinayətlərin sayında azalma müşahidə olunmadı. Dövlət Statistika Komitəsinin saytında törədilən cinayətlərin sayı ilə bağlı açıqlanan son göstəricilər 2018-ci ilə aiddir. Məsələn, 2018-ci ildə 168 qəsdən adamöldürmə halı qeydə alınıb. Bundan düz on il əvvəl - 2008-ci ildə də bu kateqoriyadan olan cinayətlər eyni sayda olub - 168.

Vəkil Adil İsmayılov da hesab edir ki, məqsəd həqiqətən insanların sağlamlığını qorumaqdırsa, İXM-nin 211-ci maddəsində nəzərdə tutulan əməli birinci dəfə törədən – ilk dəfə karantin rejimini pozan şəxsə xəbərdarlıq nəzərdə tutulmalıdır. Eyni əməl təkrar törədiləndə cərimə, hətta inzibati həbs də tətbiq edilə bilər.

Vəkil bildirdi ki, İXM-nin 24.1 maddəsinə görə, xəbərdarlığın özü də inzibati tənbeh növü sayılır:

“Xəbərdarlıq hüquqa zidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir”.

A.İsmayılovun sözlərinə görə, xəbərdarlıq o halda edilir ki, şəxs bu maddədə nəzərdə tutulmuş xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunur.

Gülər