Logo
news content
User
Kateqoriyalar

Analitika

Bizi gözləyən gərgin 5 ay... 

Azərbaycanda ötən ildən elan olunan islahatların hansı mərhələdə olduğunu demək çətindir. Bu müddətdə xeyli kadr dəyişikliyi həyata keçirilib və bu proses davam edir. Amma müstəqil ekspertlərin təklif etdiyi mobil hökumətin formalaşdırılması üçün struktur islahatları hələ ki aparılmayıb. Koronavirus pandemiyası iqtidarın əksər planlarını dəyişib, yaxud təxirə düşməsinə səbəb olub. Virusa qarşı mübarizə başa çatmamış, ölkənin yeni problemləri yaranıb. Cəbhə xəttində 5 günlük müharibənin nəticələrinin daxili siyasi mübarizəyə transfer olunması iqtidarın və cəmiyyətin enerjisini alır. Son həftədə onlarla AXCP fəalı hakimiyyəti qəsb etməyə cəhd ittihamı ilə həbsə atılıb. “Qara PR” kampaniyaları medianı cənginə alıb, xaricdə yaşayan azərbaycanlılarla ermənilər arasında baş verən toqquşmalar da bu gərginliyə başqa bir rəng qatıb. Bu qarışıqlıqda islahatlar sanki unudulub, koronavirusa qarşı mübarizə tədbirləri, əhaliyə maddi dəstək gündəmdən çıxıb. Amma vətəndaşların ağır sosial-iqtisadi durumu daha da ağırlaşmaqda davam edir.  

Cəbhədə döyüşlərin səngiməsi də müharibə ehtimalını aradan qaldırmayıb. Tərəflər sankı növbəti toqquşmalara hazırlaşmaq üçün taym-aut götürüblər. Əlverişli zamanda eskalasiyanın davam edəcəyi istisna deyil. Beləliklə, Azərbaycan hökumətini qarşıdakı aylarda ciddi çətinliklər gözləyir. Konkret olaraq, "nə baş verə bilər" sualını aydınlaşdırmaq üçün yaxın gələcəkdə ölkə daxilində gözlənilən situasiyanı belə proqnozlaşdırmaq mümkündür:  

Gələn ayın əvvəllərindən pandemiya ilə bağlı karantin rejiminin yumşaldılacağı gözlənilir. Kütləvi toplaşmaq, toy, yas mərasimlərinin keçirilməsi istisna olmaqla, səyahət, ticarət, ictimai iaşə xidmətinə qoyulmuş qadağaların aradan qaldırılacağı barədə təkliflər hazırlanıb. Bəzi gözləntilərə rəğmən, post-karantin dövründə vətəndaşları heç də sosial-iqtisadi, maddi sıxıntılardan xilas gözləmir. Pandemiya qeyri-neft sektoruna çox ciddi zərbə vurub, minlərlə iş yeri bağlanıb, ticarət əlaqələri qırılıb, gəlir mənbələri kəsilib. Turizm sektoru üçün xarici və daxili turların təşkili, xidmət sektorunun canlanması il ərzində çətin məsələdir. Növbəti aylarda da yoxsullaşmış əhalinin əsas qayğıları ərzaq, gündəlik təlabat malları və dərmanların, tibbi ləvazimatların əldə edilməsindən ibarət olacaq. 

Mütəxəssislərin bildirdiyinə görə, yoluxma statistikasında azalma heç də ölkədəki epidemioloji durumu tam obyektiv əks etdirmir. Rəsmi məlumatlara görə, ev şəraitində on mindən artıq xəstə müalicə olunmağa çalışır. İxtisaslaşmış xəstəxanalarda əvvəlki kimi, yer yoxdur, ağır xəstələrin sayında artım var. Şübhəsiz ki, bu durum Azərbaycanda pandemiya şəraitinin hələ bir neçə ay davam edəcəyini göstərir. Payız aylarında infeksiyanın yayılmasının lokallaşacağı, yaxud artacağı barədə dəqiq proqnozlar yoxdur. Dünyadakı tendensiyalar göstərir ki, hətta virusa qalib gəlmiş ölkələrin bir çoxunda karantin vəziyyəti yenidən bərpa olunur. Demək, azı ilin sonuna qədər koronavirus infeksiyası ilə əlaqədər problemlər Azərbaycanda da ən aktual mövzulardan biri olacaq. 

Siyasi gündəmin mövzularının dəyişəcəyini gözləmək üçün də əlimizdə əsas yoxdur. İqtidar və müxalifətin aparıcı partiyası arasındakı düşmənçilik atmosferi siyasi dialoq mövzusunu və bu dialoqun effektivliyi ilə bağlı gözləntiləri arxa plana keçirib. Qarşıdakı aylarda cəmiyyət aparılan həbslərin məhkəmə seriyasını izləyəcək, qarşılıqlı ittihamlar, təzyiqlər yüksələn xətt üzrə davam edəcək. Prosesin səngiyəcəyini, “dialoqa getməyən” qüvvənin tamamilə ram ediləcəyini gözləmək çətin məsələdir. Əvvəla, hökumətdən narazı olan, xüsusən pandemiya dövründə narazılığı artan protest elektoratı müxalifəti “qidalandırmağa” davam edəcək. AXCP-yə yaxın online media mühacirətdədir və onların fəaliyyətini, ictimai rəyə təsir imkanlarını məhdulaşdırmaq da asan deyil. Ehtimal var ki, bu platformaların yerləşdiyi sosial şəbəkələrin bağlanması ilə bağlı qərarlar verilsin. Müəyyən həssas dönəmlərdə - vacib siyasi qərarlar verilib, icra olunarkən belə bir məhdudlaşdırıcı qərarların qəbulu istisna deyil. 

Hakimiyyət daxilində kadr dəyişikliklərinin davam edəcəyi də qaçılmazıdr. Ali siyasi rəhbərliyin prioritetlərinə baxarkən, həm hüquq-mühafizə orqanlarının tərkibində, həm də hökumət komandasında yeni təyinatların aparılacağını söyləmək mümkündür. "Köhnə" nazirlərdən hakim komandada qalan sonuncu şəxsləri də "islahatçı"ların nümayəndələri əvələyəcək. Daha bir mühüm gözlənti iqtidardan uzaqlaşdırılmış məmurların hakimiyyət sistemində qalan bağlantılarının qoparılacağıdır. Ona görə də, həm icra hakimiyyəti, həm də hüquq-mühafizə orqanlarında kadr dəyişiklikləri davam edəcək. Bu addımlar bəzi ekspertlərin ifadə etdiyi kimi, “köhnə qvardiya”nın sabotaj imkanlarını məhdudlaşdırmaq, onlarla siyasi müxalifətin barışmaz hissəsi arasında ehtimal olunan birləşməni zərərsizləşdirmək niyyəti güdür. İstisna deyil ki, bu mərhələdə “vurulmuş” yüksək ranqlı məmurların bəziləri həbs oluna bilər. 

Nəhayət, cəmiyyətin əsas gözləntilərindən biri cəbhədə döyüşlərin yenidən başlaması, bu zaman bölgədə hərbi-siyasi vəziyyətin necə dəyişəcəyi ilə bağlıdır. Bu dəfə 5 günlük müharibə vasitəçilərsiz, atəşkəs razılaşması olmadan dayandırılıb. Gözləntilərin əksinə, hərbi toqquşmalar dövlət sərhədindən işğal olunmuş ərazilərə keçmədi, hər iki münaqişə tərəfi genişmiqyaslı müharibə aparmaq istəmədi. Amma şübhəsiz ki, hadisələr regionda hərbi-siyasi ab-havanı xeyli dəyişdi. Burada Türkiyənin hərbi toqquşmalara sərt reaksiyasını, Azərbaycana tam dəstəyini xüsusi qeyd etmək olar. Ankara ilk dəfə Ermənistanı açıq mətnlə hədələdi və onun arxasında duran Rusiyaya çəkindirici mesajlar göndərdi. Avqustun 5-dən başlayaraq Azərbaycan və Türkiyə arasında genişmiqyaslı hərbi təlimlərin keçiriləcəyi ilə bağlı qərar həm də Ankaranın Qafqazda nüfuzunu artırmaq niyyətindən xəbər verir. 

Beləliklə, qarşıdakı mərhələdə Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişəyə ilk dəfə Türkiyənin də qoşulması ehtimalı var. Artıq Türkiyə hökuməti siyasi iradəsini ifadə edib və bu qərara Rusiya Ermənistanla birgə hərbi təlimlər keçirməklə cavab verib. Bakı və Ankara hərbi məsləhətləşmələrdən sonra adekvat cavab ortaya qoyub. Bundan bir az əvvəl isə Azərbaycan müdafiə nazirinin müavinləri Türkiyə hərbi rəsmiləri ilə müasir silahların, pilotsuz uçuş aparatlarının alınması ilə bağlı razılaşmalar əldə edib. 

Bu mərhələdə situasiyanın necə inkişaf edəcəyi Azərbaycan rəhbərliyinin siyasi iradəsindən xeyli asılıdır. Bakı Kremlin təzyiqlərinə tab gətirib, Türkiyə ilə hərbi-strateji əlaqələrini müttəfiqlik səviyyəsinə qaldıracaqmı? Azərbaycanda Türkiyə hərbi bazalarının qurulmasına "yaşıl işıq" yandıracaqmı? Bu istiqamətdə veriləcək qərarlar Azərbaycanın təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, regionda yeni hərbi balans yarada bilər. Eyni zamanda, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində Ankaranın əsas vasitəçilərdən biri olması da labüdləşir. Bölgədə yaranan yeni reallıqların Moskvada və Yerevanda necə qarşılanacağı, sülh, yoxsa müharibə hazırlıqlarını sürətləndirəcəyi isə zamanla aydınlaşacaq. 

Bir sözlə, 2020-ci ilin ikinci yarısı Azərbaycan üçün gərgin kecəcək. Yuxarıda təsvir olunan situasiyanın tənzimlənməsi üçün hakimiyyətin həm ölkə daxilində, həm də xarici siyasətdə milli maraqlara uyğun, çevik, ardıcıl, məqsədyönlü qərarlar verməsi çox önəmlidir.

Turqut