Logo
news content
User
Kateqoriyalar

Analitika

Belarus müxalifəti seçkilərin rəsmi nəticələrini tanımadı

Belarus Mərkəzi Seçki Komissiyası 4-9 avqust tarixlərində keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK sədri Lidiya Yermoşina mövcud prezident Aleksandr Lukaşenkonun 80,23% səs toplayaraq qələbə qazandığını bəyan edib. Müxalifətin əsas namizədi Svetlana Tixanovskayanın isə 9,9% səs aldığı bildirilib. İştirak faizi 84,23% olub. L. Yermoşina yekun nəticələrin ilkin nəticələrdən çox az fərqlənəcəyini söyləyib.

Lukaşenkonu ilk təbrik edən xarici dövlət başçısı Çin lideri Si Tszinpin olub. “Çin hökuməti və xalqı, eləcə də öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı ifadə edirəm. Əminəm ki, sizin rəhbərliyiniz altında Belarus dövlət quruculuğu sahəsində yeni, parlaq uğurlar əldə edəcək”, - deyə təbrikdə deyilir.

Rusiya prezidenti Vladimir Putin də Lukaşenkonu təbrik etməkdə gecikməyib. O, təbrik məktubunda qeyd edib ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, ittifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə, Avrasiya İqtisadi İttifaqı və MDB xətti ilə inteqrasiyanın, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində hərbi-siyasi əlaqələrin gücləndirilməsinə ümid edir: “Bu, şübhəsiz ki, qardaş Rusiya və Belarus xalqlarının köklü maraqlarına cavab verir”.

Qeyd edək ki, avqustun 9-u gecəsi seçkilərini ilkin nəticələri açıqlandıqdan sonra paytaxt Minsk başda olmaqla, Belarusun müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib. Minsk və 30-dan çox şəhərdə OMON və daxili qoşun qüvvələri ilə kütlə arasında toqquşmalar baş verib. “Vesna” hüquq müdafiə mərkəzinin nümayəndəsi Valentin Stefanoviç hadisələr zamanı 1 nəfərin öldüyünü bildirib. “Bu, xüsusi nəqliyyat vasitəsinin aksiya iştirakçıları üzərinə sürülməsindən sonra baş verib. Üç nəfər ağır xəsarət alıb, bir nəfər kəllə-beyin travmasından ölüb".

Belarus DİN isə 50-dən çox vətəndaşın və 39 milis əməkdaşının xəsarət aldığını, 3 mindən çox insanın saxlanıldığını açıqlayıb.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya rəsmi nəticələri tanımaqdan imtina edib. Onun qərargahından bildirilib ki, bütün Belarus üzrə məntəqələrdən daxil olan məlumatlar göstərir ki, Tixanovskaya 70-80% səslə qalib gəlib. Qərargahın mətbuat katibi Anna Krasulina deyib ki, MSK-nın elan etdiyi nəticə sağlam məntiqə ziddir.

Svetlana Tixanovskaya da seçkilərin qalibinin özü olduğunu elan edib. O, hakimiyyətin dinc yolla seçilmiş prezidentə təhvil verilməsini tələb edib:

“Hakimiyyət bizi eşitmir və xalqdan tam qopub. Onlar hakimiyyəti güc metodları ilə əldə saxlamaq istəyirlər. Mən təkrarlamaq istərdim ki, biz dinc dəyişiklik tərəfdarıyıq və yuxarıdakılar hakimiyyəti dinc yolla təhvil vermək barədə düşünməlidir. Hazırda onların yalnız bir metodu var – dinc belaruslar üzərində zorakılıq”.

Aleksandr Lukaşenko da hadisələrə münasibət bildirib. O iddia edib ki, etirazçıları prezident sarayına hücuma təhrik etmək istəyiblər. Lukaşenkonun sözərinə görə, xaricdən telefon zəngləri daxil olub və həmin zənglərin müəllifləri 100 min adam toplamağın vacibliyini deyiblər. O, müxalifətçilərin Polşadan idarə olunduğunu söyləyib:

“Orada oturublar və ipləri tərpədirlər. Ukraynadan heç danışmıram, əminəm ki, bu, dövlət siyasəti deyil, amma orada maydançılar kifayət qədərdir. Rusiyadan da, təəssüf ki, müəyyən insanlar bura gəlib. Böyük Britaniya və Çexiyadan da zənglər gəlirdi və üzr istəyirəm, bizim qoyunları idarə edirdilər. Ölkəni dağıtmağa imkan verməyəcəyik”.

Press Klub