Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakıda aparılan həbslərin pərdəarxası

Cəbhə xəttinin Tovuz istiqamətində döyüşlər dayanıb. Ötən 3 gündə ara-sıra atəş səsləri eşidilsə də, irimiqyaslı artilleriya atəşi, hücum və müdafiə əməliyyatları aparılmayıb. Gözləntilərin əksinə, hərbi əməliyyatlar tədricən işğal altında olan ərazilərdəki təmas xəttinə keçmədi. 90-cı illərdə olduğu kimi, proseslər yavaş-yavaş cəbhə xəttindən ölkənin daxilinə yönəldi. İyunun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək mitinqində iştirak edən müxalifət fəallarına cinayət işi açılıb, həbslər aparılır.

Siyasi gündəmi ölkə başçısının hökumətin iclasında verdiyi bəyanatlar dəyişib. Prezident şəhidlərin qisasının alındığını bildirməklə yanaşı, silahlı qüvvələrə dəstək məqsədilə keçirilən mitinqlərdən narahatlığını ifadə edib. Bildirib ki, aksiyaların təşkilatçısı Azərbaycan Xalq Cəbhəsinin fəallarıdır, onlar fürsətdən istifadə edib, ölkədə 90-cı illərin situasiyasını təkrarlamağa çalışır, hakimiyyəti ələ keçirmək istəyirlər. Müxalifət isə aksiyalarda hər hansı rolunun olduğu barədə deyilənləri inkar edir, hakimiyyəti həbsləri dayandırmağa çağırır. AXCP sədri Əli Kərimli bu barədə İlham Əliyevə müraciət də ünvanlayıb...

Proseslərin gedişindən aydın oldu ki, hökumət cəbhədə döyüşlərin davam etməsində maraqlı deyil. Əksinə, ölkədə müharibə əhval-ruhiyyəsinin yaranmasını istəmir. Ona görə də daxildən edilən çağırışları sərt şəkildə bloklayır. Türkiyənin verdiyi hərbi-siyasi dəstək bəyanatlarına isə təşəkkür etməklə kifayətlənir. Beləliklə, Azərbaycan həm daxili, həm də regiondakı situasiyanı müharibə aparmaq üçün əlverişli saymır. Ölkə daxilində müxalifət fəallarına qarşı aparılan həbslərə təkcə siyasi rəqiblərin sıxışdırılması kimi baxmaq doğru olmaz. Hökumət bununla həm cəmiyyətə, həm də xarici qüvvələrə mesajlar verməyə çalışır. Daxilə verilən mesaj aydındır: müxalifət cəmiyyətin müharibə, qisas ovqatına uyğun mövqe sərgiləyir və əhali arasında dəstəyini daha da artırmağa çalışır. Bu, hökumətin rəqiblərinə qarşı apardığı blokada siyasətini dağıdır. Bundan əlavə, müharibə qərarını verə bilməyən hökumətin cəmiyyətdə dayaqları sarsılır, çıxılmaz vəziyyətə düşür. Prosesi kontrollu idarə etmək də problematikdir. Hakim partiya nüfuzu aşağı olduğuna görə bu missiyanı üzərinə götürə bilmir. Siyasi rəhbərlik isə cəmiyyətin tələblərini yerinə yetirə bilmədiyinə görə onunla həmrəylik nümayiş etdirmək istəmir. Çünki sonrakı mərhələdə risklərlə dolu müharibə qərarı verməlidir. Bu qərarı qəbul etmək isə olduqca çətindir. Doğrudur, cəmiyyətdən böyük dəstək alan ordu qalibiyyətli müharibə aparmaq iqtidarındadır, həm mənəvi-psixoloji durumu, döyüş ruhu yüksək səviyyədədir, həm də texniki təchizat qarşı tərəfdən xeyli üstündür.

Amma bu qərara Rusiyanın, Qərbin reaksiyası necə olacaq? Xüsusən, etimad limiti üzüaşağı gedən Rusiya hakimiyyəti növbəti aqressiyasını gerçəkləşdirmək, Azərbaycanı Qərbə, Türkiyəyə bağlayan enerji kanallarını ələ keçirmək niyyətinə düşə bilərmi?

Türkiyənin prosesə avtomatik müdaxiləsi bölgəni Yaxın Şərqdə olduğu kimi, müharibə meydanına döndərməyəcək ki? İranın fürsətdən istifadə edib Azərbaycanın içərilərinə doğru bufer zona yaratmaq iddiasına düşəcəyini də nəzərdən qaçırmaq olmaz.

Bəs, COVİD-19-un zəiflətdiyi iqtisadiyyatla, kəskin azalan neft gəlirləri ilə, 35-40 milyard dollarlıq ehtiyatlarla nə qədər davam gətirmək olar? Narazı cəmiyyəti, sərt mövqedə dayanan müxalifəti kontrolda saxlamaq, iqtidarın təhlükəsizliyini təmin etmək mümkün olacaqmı? Yuxarılarda bu sualların heç birinin aydın cavabı yəqin ki, yoxdur...

Müxalifət fəallarını sıxışdırmaqla cəmiyyətdən bu qüvvələrə gələn dəstəyi azaltmaq, habelə regionda irimiqyaslı müharibə istəməyən xarici güclərə sakitləşdirici mesaj vermək daha uyğun görünür.

Hökumət bir qayda olaraq uzun illər öz rəqiblərini – xalq hərəkatından çıxmış partiyaları beynəlxalq ictimaiyyətə “müharibə partiyaları” kimi təqdim edib. Özünü isə bunun əksinə, regionda hərbi-siyasi sabitliyi təmin edən, müxtəlif xarici maraqları balanslaşdıran yeganə güc kimi göstərib. Bu gün hökumətin əlinə yenidən bu paradoksu qabartmaq fürsəti düşüb. Yəqin ki, daxildə gedən proseslərin mahiyyəti diplomatik, siyasi kanallarla xaricə ötürülərkən “ölkəni dağıdıcı müharibəyə sürükləyən qüvvələrin neytrallaşdırılması” kimi təqdim olunur.

Aydındır, bu gün Qərb ölkələri Cənubi Qafqazda irimiqyaslı müharibə istəmirlər. Bunun müxtəlif səbəbləri var: Rusiyanın, Türkiyənin, İranın fürsətdən istifadə edib bölgədə hərbi-siyasi təsirini daha da artırması, enerji sektoruna yatırılan çoxmilyardlıq investisiya layihələrinin təhlükə altına düşməsi, nəqliyyat dəhlizlərinin bağlanması, Gürcüstanın yenidən Moskvanın nəzarətinə keçməsi, Avropanın növbəti qaçqın ordusu ilə üzləşməsi, regionda terrorçu qrupların fəallaşması və s...

Bu gün beynəlxalq təşkilatların, Azərbaycandakı xarici diplomatik korpusun hökumətin apardığı həbslərə, təqiblərə susqun qalması təsadüfi deyil. Əlbəttə, onlar ölkədəki real situasiyanı yaxşı bilirlər, hökumətin arqumentləri ilə kifayətlənmirlər. Amma bu dəfə doğrudan da müharibə istəyən cəmiyyətin tələbini istiqamətləndirməyə, yaxud ona uyğunlaşmağa çalışan müxalif qüvvələrin nəzarətdə saxlanması onları qane edir.

Turqut