Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanda su problemi

Yayın gəlişi ilə ölkədə su problemi də aktuallaşıb. İstər paytaxtın müxtəlif ərazilərində, istərsə də bölgələrdə əhali həm içməli, həm də kənd təsərrüfatında istifadə üçün su çatışmazlığından əziyyət çəkir. Xüsusən Aran bölgəsində - Neftçala, Salyan, Saatlı, Sabirabad rayonlarında bu problem özünü daha qabarıq göstərir.

Kürdə suyun səviyyəsinin azalması və çayın duzlaşması Neftçalada ciddi problemlər yaradıb. Bir ay əvvəl bu problem daha çox Kürün Xəzərə töküldüyü ərazidə müşahidə olunurdusa, artıq daha çox sahəni əhatə edir. Yerli əhalinin fikrincə, qısa müddətdə müdaxilə edilməsə, duzlu suyun Salyana çatmasına az qalıb.

“Problem Kürün deltasının düzgün qazılıb təmizlənməməsidir. Delta küləyin vurduğu istiqamətdə qazılıb və bunun nəticəsində külək duzlu suyu vurub Kürə tökür. Heyvanlar, quşlar içməyə su tapa bilmir. İnsanlar da uzun növbələrlə su növbələrinə durublar. Bir maşın suyun qiyməti çox bahadır, əhalinin cibinə uyğun deyil. Ona görə hər adamın da bunu almağa gücü çatmır. Bütün bu problemlər məmur səriştəsizliyi üzündən baş verib”, - deyə ictimai fəal Samir Əsədli bildirib. (Aşağıdakı fotosessiyanın müəllifi də S.Əsədlidir.)

Neftçalanın Bankə qəsəbəsindən olan fermer İsbat Bayramov təsərrüfatların böyük zərər gördüyünü söyləyib. 28 yaşlı təsərrüfatçı Kürün dənizə töküldüyü ərazinin təxminən bir kilometrliyində heyvandarlıqla məşğuldur:

“Kürün səviyyəsi aşağı düşdüyünə görə çay dənizə axmır. Yəni Kür dənizə tökülməkdən, dənizin suyu çaya tərəf gedir. Bu da suyu çox şorlaşdırır. Mal-heyvan suya yaxın gedə bilmir, zəhər kimidir. Heyvanlar bu suyu içəndə qızdırırlar. Tək mən deyiləm, başqa fermerlər də bundan əziyyət çəkirlər”.

Saatlı rayonunun Azadkənd sakini Abbas Hacıyev də həm içməli, həm də təsərrüfatda su problemindən əziyyət çəkdiklərini deyib. Onun sözlərinə görə, kənd sakinləri kanalın çirkli suyunu təmizləyib içmək məcburiyyətində qalır. Amma son vaxtlar kanalda da su çox az olur deyə, çıxılmaz vəziyyətdə qalıblar:

“Olanda da elə su olur ki, heyvan belə içmir. Adamlar həyətində hovuz düzəldib, su olanda hamı vurub doldurur, bilirik ki, 15-20 gün olmayacaq. Belə yola veririk. Bu kənddə su anbarı yoxdur. 40 yaşa gəlmişəm, görməmişəm ki, gedib kranı açasan, su gəlsin. Axır illərdə lap bərbad vəziyyətdəyik. Nə özümüz, nə heyvanlara, nə də əkinə su tapırıq”.

A.Hacıyev qeyd etdi ki, müxtəlif dövlət orqanlarına, hətta Baş Prokurorluq və Ədliyyə Nazirliyinə şikayət ediblər. Hələ ki nəticə yoxdur.

Neftçala sakinləri də yerli İcra Hakimiyyətindən tutmuş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, rayonun deputatı Sabir Rüstəmzanlıya qədər, müxtəlif struktur və vəzifə sahiblərindən kömək istədiklərini bildirirlər.

Neftçalanın keçmiş icra başçısı, deputat Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov da yerli əhalidən müraciətlər gəldiyini təsdiqləyib. F.Hüseynov “Press Klub”a bildirdi ki, S.Rüstəmxanlı sakinlərin müraciətindən dərhal sonra lazımi strukturlarla əlaqə saxlayıb, problemi onların nəzərinə çatdırıb. F.Hüseynovun sözlərinə görə, deputat özündən asılı olan addımları atsa da, bu problemin həlli kompleks yanaşma tələb edir: “Bu, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin qarışması ilə həll olunası məsələdir. Sabir müəllim bütün strukturları məlumatlandırıb”.

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov da bugünlərdə onlayn şəkildə keçirdiyi mətbuat konfransında rayonda su problemi yaşandığını təsdiqləyib. İcra başçısı problemin yaranma səbəbini belə izah edib: “Kür çayında suyun səviyyəsi aşağı düşüb. Həm də havanın küləkli olması nəticəsində Neftçala ərazisində Kürün Xəzər dənizi ilə birləşdiyi Mayak kəndi ərazisindən başlayaraq, Kürün aşağı axarlarından Xıllı qəsəbəsində qədər dəniz suları Kür çayına axıb. Nəticədə suyun duzluluğu artıb, tərkibi dəyişib və içməli sular içməyə yararsız hala düşüb. Suyun bulanıqlılığı, minerallığı, codluq göstəriciləri bu gün normadan 4-6 dəfə yüksəkdir. Bu da içməli su, şirin su təminatında ciddi problemlərə gətirib çıxarıb”.

M.Seyidovun sözlərinə görə, İcra Hakimiyyəti “Azərsu” ASC ilə birlikdə içməli su təchizatının yaxşılaşdırılmasına dair dövlət proqramının icrasına başlayıb. Artıq quyular qazılır, Salyan ərazisində 7500 kubmetr su tutumu olan yeni su anbarı tikilir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli deyir ki, Azərbaycanda yetərincə su resursu var. Onun sözlərinə görə, ölkənin 32 milyard kubmetr su resursu var ki, bu da tələbatdan 5 dəfə çoxdur:

“Əgər mövcud su resursundan səmərəli istifadə olunsa, normal paylansa, həm içməli su, həm də suvarma, təsərrüfat üçün tələbat tam şəkildə ödənilə bilər. Amma problem ondadır ki, resurslardan düzgün istifadə olunmur, idarəçilik normal deyil. Mənbədən 12.6 milyard kubmetr su götürülür, bunun 4 milyard kubmetrə qədəri itkiyə gedir. Kənd təsərrüfatına ayrılan 6 milyard kubmetr su həcmində də itkiyə gedən olur. Ümumilikdə itkiyə gedən su miqdarı 40 faizdən çox olur. Ona görə də əhali su çatışmazlığıyla üzləşir”.

Mütəxəssisin fikrincə, itkinin səbəbi 50-60 il öncə çəkilmiş su kanallarından bu gün də istifadə olunması, bəzi əkin sahələrində selləmə suvarmadır. V.Məhərrəmlinin sözlərinə görə, selləmə suvarma su itkisi ilə yanaşı, torpağa da ciddi ziyan vurur.

“Kürün suyu da təmiz deyil, Gürcüstanın bəzi hissələrində kanalizasiya suları bu çaya axıdılır. Əvvəl bunu aşkar edirdilər. İndi nisbətən azalsa da, bəzi hissələrdə yenə qalır. Ona görə Kürün suyu da çox ciddi təmizlənməlidir. Kürdən, Arazdan gələn su azalsa belə, daxildə 10 milyard kubmetr su formalaşır ki, bu da tələbatımızı ödəyə bilər. İntensiv yağışlar yağanda bunları anbarlara yığmaq, sonra təmizləyib, istifadə etmək lazımdir. Bütün dünyada bu üsuldan istifadə olunur. Azərbaycanın su problemi yoxdur, problem idarəetmədədir. Hesablamalar göstərir ki, 2,5 milyard dollara ölkədə mükəmməl su sistemi yaratmaq olardı. Ölkəyə o qədər neft pulları gəldi, amma əhalinin adi su problemini həll eləmədilər. Azərbaycanın su problemi yoxdur, problem idarəetmədədir”, - deyə mütəxəssis əlavə edib.

Yuxarıda gördüyünüz fotonu "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu “Facebook”da paylaşıb. O, yazıb: “Bu fotonu Kür çayının üstündə, körpüdən çəkirəm. Bu çayı bu qədər tükənən görməmişdim. Xəzərin duzlu suları 60 km Kürə girib. İndi Kür tam qurumalıdır ki, rəsmilər hərəkətə gəlsin?!"

Gülər