Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanda ağrılı problem: insan hüquqları

Qarabağa və orduya dəstək yürüşündən sonrakı günlərdə baş verənlər Azərbaycanda həbs olunan şəxslərin hüquqları ilə bağlı problemi yenidən aktuallaşdırdı. Yürüşə görə saxlanılan ictimai-siyasi fəalların yeri, vəziyyəti barədə günlərlə onların ailə üzvlərinə məlumat verilmədi. Vəkillər əllərində order olduğu halda, polis orqanlarının qarşısında saatlarla gözləsələr də, müvəkkilləri ilə görüşə buraxılmadılar.

Jurnalist Anar Abdulla, fotoreportyor Firudin Səlimov, gənc fəal Elvin Cəbizadə və digərləri üç sutkaya yaxın polis orqanlarında saxlanıldı. Halbuki, qanun şübhəli şəxs qismində 48 saatdan artıq saxlanmanı qadağan edir. Saxlandığı andan iki sutka tamam olana qədər ya şəxsə qarşı konkret sübutlarla ittiham irəli sürülməli, məhkəmə qarşısına çıxarılıb həbs qərarı verilməli, ya da o, azadlığa buraxılmalıdır. Bu tələb Cinayət-Prosessual Məcəllənin 148-ci maddəsində əksini tapıb.

Hüquqşünas Yalçın İmanov “Press Klub”a bildirdi ki, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən tutulan, yaxud həbs yerlərində saxlanılan şəxslərin hüquqları haqqında qanunvericiliyi qənaətbəxş hesab etmək olar. Amma praktikada həmin hüquqlar təmin olunmur. Hüquqşünasın fikrincə, xüsusən siyasi motivli cinayət işlərində, ictimai-siyasi fəallara münasibətdə qanunun həmin müddəaları kağız üzərində qalır.

Y.İmanov saxlanılan şəxsin hüquqlarından danışarkən ilk növbədə onun özü istədiyi vəkillə təmin olunmaq haqqını qeyd etdi: 

“Əgər ailəsinin onun istədiyi vəkillə müqavilə bağlayıb, prosesdə iştirakını təmin etməyə maddi imkanı çatırsa, ona “yox” deyilə bilməz. Özünün vəkil tutmağa maddi imkanı olmayanda vətəndaş dövlət hesabına vəkillə təmin edilməlidir. Amma təcrübədə ən çox pozulan hüquqlardan biri budur. Çünki ilkin dindirmədə ittiham olunanın öz vəkili olanda təzyiq edə bilmirlər. Şəxs işgəncəyə məruz qalıbsa, vəkili bunu görür, etiraz edir, şikayət verir”.

Milyonlarla manatlıq korrupsiyada ittiham edilən sabiq məmurların həbsində də onlara dövlət hesabına vəkil təyin edilib. Məhkəmədə həbs qərarı çıxarılandan sonra həmin şəxslərin ailələrinin tutduğu vəkillər prosesə buraxılıb.

Son vaxtlar Qarabağ yürüşünə görə həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarına münasibətdə də eyni davranış müşahidə edilir. Saxlanılan şəxslərin vəkilləri olsa da, onlar dindirilmə prosesinə, həbs qərarı verilən məhkəmə iclaslarına buraxılmayıb.

Y.İmanovun sözlərinə görə, qanunvericilik saxlanılan şəxsin yeri barədə dərhal ailə üzvlərinə, yaxud özünün uyğun bildiyi başqa bir yaxınına məlumat verilməsini nəzərdə tutur. Amma son hadisələrdə qanunun bu tələbinin də tez-tez pozulması müşahidə olunur: “Mülki geyimli şəxslər tutub aparırlar, yaxınlarına heç bir məlumat verilmir. İki-üç gün ərzində ailə üzvləri onu axtarır”.

Son hadisələrdə həbs olunanlardan Nicat İbrahimin həyat yoldaşı Pərvin İbrahim “Press Klub”a bildirdi ki, bir neçə gün onun yeri haqda heç bir məlumat ala bilməyiblər: “Dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, Ombudsman Aparatına zəng elədik. Heç bir xəbər ala bilmirdik. “102”dən deyirdilər ki, bölmələrə xəbər vermişik, hələ heç bir məlumat yoxdur”.

Y.İmanovun sözlərinə görə, ən çox pozuntu hallarından biri həbs qərarından sonra şəxsin istintaq təcridxanasına köçürülməməsidir. Qanuna görə, əgər barəsində həbs-qətimkan tədbiri seçilibsə, 24 saat ərzində həmin şəxs mütləq istintaq təcridxanasına köçürülməlidir. Amma təcrübədə bu köçürülmənin gecikdirilməsi, şəxsin günlərlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və ya başqa polis qurumunda saxlanması hallarına tez-tez rast gəlinir. “Elə hallar olur ki, eyni polis idarəsində həm şəxs haqqında istintaq aparılır, həm də onu həmin idarənin müvəqqəti saxlama yerində saxlayırlar. Bu hal yolverilməzdir”, - deyə hüquqşünas vurğuladı.

Bundan başqa, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna görə, həbsdə olanların həftədə iki dəfə 15 dəqiqə yaxınları ilə telefonla danışmaq hüququ var.

Y.İmanov əlavə etdi ki, Azərbaycanın yurisdiksiyası altında olduğu Avropa Penitensiar Qaydaları mövcuddur ki, bu qaydalarda həm yuxarıda qeyd olunan, həm də başqa hüquqlar nəzərdə tutulub:

“Ümumiyyət, bizdə bir sıra qanunlar var ki, onların standartlara cavab verdiyini demək olar. Amma praktikada tətbiqində yetərincə problemlər yaşanır. Sanki bizə hüquqlarımız göstərilir, amma əl atıb istifadə etməyə çalışanda, onların real olmadığını görürük. Qanunun keyfiyyəti yox, tətbiqi sahəsində problem yaşayırıq. Xüsusən siyasi fəaliyyətinə görə həbs olunanlara münasibətdə, siyasi çalarlı işlərdə pozuntu hallarına daha çox rast gəlirik”. 

Gülər