Logo
news content
User
Kateqoriyalar

Analitika

“Azərbaycan hökumətinin gözü arxada qalmasın”

Azərbaycanın müxalifət liderləri Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayan döyüşlərlə bağlı mövqelərini bildiriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı və Respublikaçı Alternativ Partiyasının rəhbəri İlqar Məmmədov baş verənlər barədə fikirlərini sosial mediada paylaşıblar.

AXCP sədri Əli Kərimli partiya olaraq, indiki halda Azərbaycan hakimiyyəti ilə fikir ayrılıqlarını, mübahisələri təxirə salıb, dövlətin və ordunun yanında olduqlarını bəyan edib: 

“Ermənistanın və arxasındakı dairələrin azğınlığı bütün hədləri aşıb. Ordumuzun düşmənə layiqli cavab verəcəyinə, torpaqlarımızı ləyaqətlə qoruyacağına əminəm. Ordumuza dəstəyimiz tamdır. Dualarımız əsgər və zabitlərimizlədir. Azərbaycan hökumətinin gözü arxada qalmasın. Düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir. Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq”.

Ə.Kərimlinin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan böyük savaş planlamayıb, Rusiyanın himayəsi ilə qısamüddətli uğur qazanaraq öz cəmiyyətində laxlayan mövqeyini bərpa etməyə çalışır: 

“İlk baxışdan proseslər regionda Rusiyanın hər iki dövlət üzərində nəzarətini gücləndirmək cəhdini göstərir. Rusiya çalışır ki, münaqişədə hər iki tərəf Moskvaya üz tutsun. Bəs, Qərbə inteqrasiya xətti tutduğunu bəyan etmiş Paşinyanın və Ermənistanın marağı nədir? Paşinyan istəyir ki, böyük savaşdan yayınıb, Rusiyanın himayəsi ilə qısa müddətdə Azərbaycana zərbə vursun və Ermənistan cəmiyyətində laxlamış mövqeyini bərpa etsin. Paşinyanın hərbçi keçmişi yoxdur. Amma rəqibləri Sarkisyan və Köçəryan hərbi qələbələri ilə öyünür. Onlar da 2016-cı ildə aprel məğlubiyyəti yaşayıblar. Yəni Paşinyan siyasi əleyhdarlarına qarşı aktivinə hərbi qələbə yazdırmaq istəyir. Rusiyadan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qarantiya alaraq bu avantüraya gedib”.

Ə.Kərimli əlavə edib ki, Azərbaycan əməliyyatları məğlub tərəf kimi tərk edə bilməz. Ona görə də istənilən ssenariyə hərbi, psixoloji və iqtisadi baxımdan hazır olmalıdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, son döyüş əməliyyatlarının hərbi vəziyyəti necə dəyişdiyini hələlik demək mümkün deyil. Amma cəmiyyətin baş verənlərə münasibəti bəzi nəticələrə gəlməyə əsas verir: 

“Gənclərimizin döyüş əməliyyatları zamanı Tovuzun Ağdam kəndinə toplaşması, Bakının bəzi rayonlarında keçirilən aksiyalar, sosial şəbəkələrdə siyasi və ictimai fəalların baş verənlərə reaksiyaları, təhlilləri göstərdi ki, Azərbaycan cəmiyyəti ərazilərimizin işğaldan azad edilməsi uğrunda sonadək mübarizə aparmağa hazırdır. Ərazilərimizin bu illər ərzində işğal altında qalması bəzən iddia edildiyi kimi, xalqın vətən uğrunda fədakar mübarizəyə hazır olmaması ilə yox, hakimiyyətin fərasətsizliyi ilə bağlıdır. Düzgün siyasət yeritməklə qısa müddətdə ölkənin bütün resurslarını səfərbər etmək, cəmiyyəti “Qarabağa azadlıq” şüarı altında birləşdirmək və nəticəyə nail olmaq mümkündür”.

A.Hacılı iyulun 14-də şəhid olan general-mayor Polad Həşimova Milli Qəhrəman adının verilməsini təklif edib: 

“Əfsanəvi generalımız Həzi Aslanovdan sonra döyüş meydanında şəhid olan generalımız Polad Həşimov oldu. General Həşimovu tanıyanların dediyinə görə, cəsur döyüşçü, bacarıqlı komandir olmaqla yanaşı, həm də əfsanəvi şəxsiyyət imiş. Polad Həşimova Milli Qəhrəman fəxri adının verilməsini, Şəhidlər Xiyabanında - Həzi Aslanovun abidəsinə yaxın olan bir ərazidə dəfn olunmasını təklif edirəm”.

REAL sədri İlqar Məmmədov hesab edir ki, Ermənistan Tovuz istiqamətində təxribatına son qoymasa, cavabını həm də Qarabağda almalıdır: 

“Üç gündür müharibə gedir, amma Qarabağda bir güllə atılmayıb. İşğal olunmuş ərazilərdə qurulan rejim Ermənistan-Azərbaycan münaqişəsində guya neytral mövqedə durub. Ordumuzun bir neçə gün bu cür davranışını anlamaq olar - lokal kimi təqdim olunan təxribatın qarşısını almağa çalışır. Amma Ermənistan hazırkı təxribatına son qoymayacaqsa, atəşi bundan sonra da davam etdirəcəksə, cavabını həm də Qarabağda almalıdır. Cavabımıza ərazi məhdudiyyəti qoymaqla, Qarabağdakı rejimə "üçüncü tərəf" statusunu qazandırmağa haqqımız yoxdur”.

İ. Məmmədov onu da xatırladıb ki, bu ilin mart və aprel aylarında tarixdə ilk dəfə Azərbaycan qazı Türkiyə bazarında Rusiya qazını sıxışdırmağa başladı: 

“Tək Azərbaycan deyil, bir çox başqa istehsalçı ölkələr Türkiyə qaz idxalında paylarını artırıblar və hamısı da əsasən Rusiyanın payı hesabına. Üç il əvvəl Rusiya Türkiyənin idxalının yarısını verirdisə, indi bu, cəmi 14 faizdir. Bu payın 1/5-ni tək ABŞ yedi. Bu biri tərəfdən də Azərbaycan... Rusiya ilə imzaladığı qaz müqavilələrini Türkiyə qiymət baxımından artıq səmərəsiz sayır və münasibətlər son aylarda xeyli çətinləşib. “Mavi Axın” kəməri bir neçə aydır “təmir” adı ilə dayanıb, işləmir. ABŞ, Azərbaycan və digər satıcılar qazı daha ucuz verirlərsə, Ankara qazı Rusiyadan baha qiymətə almaq istəmir və narazılıq məhkəməyə qədər gedib çıxmaq üzrədir. Azərbaycandan Türkiyəyə gedən qaz kəmərinin strateji baxımdan etibarsızlığını atəşkəsin ciddi şəkildə pozulmasından başqa nə təmin edə bilərdi? Bu da pozuntu... Diqqət edirsinizsə, atəşkəs Qarabağda deyil, kəmərə çox daha yaxın ərazidə pozuldu. Atəş şiddətlənsə, vurulacaq zəif yerimiz? Kəmər. Naxçıvana tərəf açılan əlavə atəş də mövzunun Qarabağ deyil, Türkyə-Rusiya münasibətləri olduğuna işarədir”.

Gülər