Logo
news content
User
Kateqoriyalar

Analitika

Aprelin 20-də karantin rejimi bitməyəcək

Ülviyyə Şahin

Azərbaycanda xüsusi karantin rejimi aprelin 20-nə qədər tətbiq edilib. Təbii ki, vətəndaşlar bu rejimin həmin tarixdə bitməsini və uzadılmamasını arzulayırlar. Lakin bu qərar vəziyyətin gedişatından, ölkədə koronavirusa yoluxmanın dinamikasından asılı olacaq.

Hazırda Azərbaycanda bu sahədə son durum necədir? Vəziyyət stabilləşirmi, yoxsa pisləşirmi? Karantin rejimini uzatmağa zərurət varmı? Suallarımızı müsahiblərimizə ünvanladıq.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi ki, indiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bizdə yoluxmalar və ölüm sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır:

“Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur. Yoluxmanın artıb-azalma tezliyi spiralvaridir. Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın. Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə tendensiya ürəkaçan deyil. icaze-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləqv edilib. Aprelin 8-də bir sutka ərzində 3 073 XKR (xüsusi karantin rejimi) pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Aprelin 11-də isə 1 sutka ərzində XKR qaydalarının pozuntusu 3 810-a çatıb. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır. İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu, bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların XKR-in qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünütəcridin səmərəsi olacağına inam var idi. Ancaq bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”. (Qeyd edək ki, bu yazı aprelin 13-də hazırlanıb.)

Baş infeksionist Cəlal İsayev isə qeyd etdi ki, iki gündən bir proqnoz vermək düzgün deyil:

“Amma ümidimiz var ki, tətbiq edilən daha sərtləşdirilmiş rejim müəyyən mənada köməklik göstərməlidir. Ümumən dünyada belə bir istiqamət var ki, bu virus infeksiyasının yayılması aprel ayının sonlarından mayın ortalarına doğru yavaş-yavaş səngiyəcək, stabilləşmə olacaq. Hər halda, qəti bir fikir yoxdur, çünki bu virus yeni virusdur. Özünü necə aparacağı barədə hələ dəqiq məlumat yoxdur və dəqiq bir fikir formalaşmayıb. Klinik əlamətləri hələ öyrənilir. Hər dəfə yeni klinik əlamətlərindən danışırıq, orientasiya pozğunluğu olur, mərkəzi sinir sisteminə təsir edir, dadbilmə, qoxubilmə pozulur. Hər dəfə yeni əlamətləri meydana çıxır. Ona görə də, dəqiq və konkret bir fikir söyləyə bilmərik. Hər halda, öz şəxsi fikir və gümanlarımızı deyirik ki, azalma olacaq. Hətta düşünürdük ki, ölkəmizdə daha ciddi tədbirlər görülsün və fövqəladə vəziyyət elan olunsun. İnşallah, ona getmərik. Ümid edirəm ki, vətəndaşlarımız bizi düzgün başa düşər, dövlətin tələb etdiyi, qoyduğu qaydalara ciddi surətdə riayət edərlər. Əgər deyilənlərə ciddi əməl etsək, çox güman ki, qoyulan qadağalar öz nəticəsini göstərəcək”.

Mlli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bəyan etdi ki, son günlər sağalanların sayı ilə yoluxanların sayı arasındakı nisbətin müsbət mənada dəyişməsi nikbinlik yaradır: "Amma dünya təcrübəsindən və ölkələrin nümunəsindən göründüyü kimi, virusun ikinci hücumları və ya ikinci pikləri olmaqdadır. Bunu nəzərə alaraq, biz çox ehtiyatlı davranmalıyıq. Bu gün nisbi uğur qazanmağımızın səbəbi Operativ Qərargahın qərarlarına ölkə əhalisinin çoxunun  müsbət mənada reaksiya verməsi, eləcə də səhiyyə işçilərimizin səyidir.”

R.Mahmudovun sözlərinə görə, 20 apreldən sonra karantin rejiminə eyni şəkildə davam edilməsi, hansısa yüngülləşmələrin olması və ya tamamilə ləğvi kimi qərarlar ancaq Operativ Qərargah tərəfindən bütün aspektlərdən müzakirələr aparıldıqdan sonra verilə bilər: “Məsələ hələ bitmiş deyil. Bu virusun ikinci pik həddinə nə vaxt keçəcəyi haqqında əlimizdə konkret məlumat olmadığına görə ehtiyatlı davranmaq məcburiyyətindəyik. Bütün analizləri apardıqdan sonra Operativ Qərargahın verəcəyi qərarlar ayın 20-dən sonrakı addımlarımızı müəyyənləşdirəcək”.

Milli Məclisin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə sorğumuza qısa və konkret cavab verdi: “Opreativ Qərargahın və İbrahim Məmmədovun açıqlamalarından belə başa düşürəm ki, qaydalar sərtləşdirilə bilər”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, karantin rejimi haqda hər kəsin subyektiv fikir söyləməsi doğru deyil:

“Operativ Qərargah dünyada gedən prosesləri və Azərbaycanda pandemiyanın meyllərini müəyyən edərək qərar verəcək. Yoluxma sayında azalma var və bu, bizi çox sevindirir. Bu həftə ərzində enmələr davam edərsə, təbii ki, yaxın zamanda karantin rejiminin daha yüngülləşdirilmiş formasına keçərik. Düşünürəm ki, birdən-birə karantin rejimindən tam imtina yox, onun bir az yüngülləşdirilməsindən söhbət gedə bilər. Koronavirus pandemiyasının belə bir xüsusiyyəti var ki, bir həftə içində azalma olsa da, digər həftədə artım ola bilər. Hesab edirəm ki, 14 günlük deyil, 28 günlük müddəti gözləmək lazımdır. Elə yoluxan insanlar var ki, onlarda inkubasiya dövrü ləng gedə və sonrakı mərhələlərdə üzə çıxır. Ona görə də, düşünmürəm ki, aprelin 20-də biz karantin rejimindən tam imtina edə bilərik. Hər halda, azalma davam etsə, karantin rejiminin bölgələr üzrə müəyyən şərtlərini yüngülləşdirmək olar. Mayın əvvəllərinə qədər biz hələ də karantin rejimini davam etdirməliyik".